Krım: 4 batareya “S 300” zenit raket kompleksinin kölgəsində referendum
Dünya bunu tanımasa da, siyasi saxtakarlıq, faktik işğal, anneksiya saysa da, bu bazar gün Krımda Rusiyanın hərbi və siyasi dəstəyi ilə tanınmamış referendum keçiriləcək. Referendumla bağlı bülletendə rus, Ukrayna və Krım tatarlarının dilində 2 sual öz əksini tapıb. Birinci sual «Siz Krımın Rusiyanın subyekti olaraq bu ölkənin tərkibinə qatılmasına razısınızmı?» şəklində qoyulub, ikinci sual isə «Siz Krım Respublikasının 1992-ci il təsbit olunan fəaliyyətinin bərpasına və Krımın Ukrayna tərkibində status almasına razısınızmı?» şəklindədir.
Krımdakı referendumun Rusiya qoşunlarının yarımadanı işğal altında saxlaması fonunda keçirildiyini irəli sürərək Rusiyadan başqa digər dünya dövlətləri bu prosesi legitim hesab etmir.
Martın 15-də BMT Təhlükəsizlik Şurası Krımdakı referendumumun heç bir hüquqi qüvvəsi olmayan hadisə adlandırıb və bütün dünya ölkələrini onun nəticələrini tanımamağa çağıran qətnamənin qəbulunu təklif edib. Lakin Rusiya veto hüququndan istifadə edərək qətnamənin qəbuluna imkan verməyib.
Rusiya Kerç boğazı istiqamətindən Krıma 4 batareya “S 300” zenit raket kompleksi gətirib. Bu barədə Hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk “İnformasiya müqaviməti” qrupuna istinadən bildirib. “Divizionla bildikdə mühəndis texnikası — 4 tank yedəkçisi, mobil dizel generatorları, sisternli yük maşınları və 4 “UAZ” markalı avtomobil də gətirilib”, deyə açıqlamada bildirilir.
Məlumata görə, qeyd olunan divizion saat 20.00 radələrində Simferopol yaxınlığındakı Qvardeyski yaşayış məntəqəsinə gəlib.
Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə ötən gün keçirdiyi telefon danışığında qeyd edib ki, Krımda keçiriləcək referendum tamamilə BMT nizamnaməsinə uyğundur, referendumun nəticələri isə yarımadanın gələcəyinin müəyyənləşməsində başlanğıc nöqtə olacaq. Bu haqda Rusiya XİN “Facebook” səhifəsində deyilir.
Rusiya prezidenti Vladimir Putin martın 14-də BMT baş katibi Pn Qi Munla danışıq zamanı qeyd edib ki, Krımda referendumun keçirilməsi beynəlxalq hüquq normalarına və BMT nizamnaməsinə tamamilə uyğundur.