Muəllif:

Korşalmış instinktlər

Latın Amerikasının bəzi ölkələrində axşam tutulan iri balıqları səhərədək diri saxlamaq üçün qəribə üsuldan istifadə edirlər: balığın qəlsəmələrinə ip keçirib müəyyən hündürlükdən asırlar. Həmin yerə pişik buraxırlar. Pişik səhərədək nə qədər yuxarı tullanırsa, ağzı balığa çatmır. Onun yuxarıya hər sıçrayışını hiss edən balıq, sanki təhlükədən yayınmaq üçün tərpənir. Hər dəfə quyruğunu yellədərkən onurğasında qalmış ehtiyat oksigeni hərəkətə gətirir və bunun hesabına balıq sağ qalır. Beləliklə, balığı qorxu instinkti yaşadır.
***
«Yeni nəsil» jurnalistlər birliyinin sədri Arif Əliyevlə neçə illərdir ki, dostluq edirik. Müdrik adamdır, ağlının, intellektinin, zəhmət və bacarığının hesabına cəmiyyətdə ciddi nüfuz qazanıb. Ölkədə yeni mətbuatın formalaşmasında misilsiz xidmətlər göstərib. Parlaq vətəndaş mövqeyi var, peşə dəyərlərinə sadiqdir, prinsipialdır, vicdanının səsini eşidəndir, ləyaqət məsələsində bir kimsəyə güzəştə getməyəndir. Hər şeyin yerini bilir, adamları da yaxşı tanıyır, hansı situasiyada necə davranmağı, nəyi və necə deməyi gözəl bacarır. Normal ölkədə yaşasaydı, yüksək dəyər verib başına and içərdilər. Layiqli bir vəzifədə əyləşdirib, təcrübəsindən, bilik və bacarığından istifadə edərdilər. Amma o, hələlik bizim məmləkətdə çiynində ağır qayğılar gəzdirərək yaşayır. Müxtəlif layihələr gerçəkləşdirir, təhlillər yazır, kitablar çap etdirir, xarici ölkələrdə ingilis və rus dillərində treninqlər aparır, nüfuzlu beynəlxalq toplantılarda Azərbaycanı təmsil edir, məmləkət mediasının üzünü ağardır. A.Əliyev və onun kimi vicdanlı insanlar yalnız ləyaqəti qorumaq instinktinin diri qalması hesabına mövcuddurlar…
Hə, Arif haqqında, həm də ona görə danışdım ki, o, məşhur Corc Sorosun dilindən çıxmış bir ifadəni tez-tez işlədir. Xeyriyyəçi milyarder deyib ki, «sosializmin bətnindən doğulmuş ölkələrdə ədalətli seçkilərin keçirilməsinə çox ümid etmək olmaz. Bu seçkilər çox şeyləri zədələyir. Belə seçkilərdən sonra mütləq hakimiyyət daha da güclənir, müxalifət daha da zəifləyir, cəmiyyət isə daha da bədbinləşir». Kişinin oğlu bu sözləri, sanki Azərbaycan üçün deyib.
Düzdür, bizdə bineyi-qədimdən hakimiyyət həmişə güclü, müxalifət isə həmişə zəif olub. Amma arada cəmiyyət gah ümidlənir, gah da ümidsizliyə qapılır. Bu günlər cəmiyyətdə yenə kütləvi məyusluq mərhələsi başlanıb. Səbəb başqa amillərlə yanaşı ildən-ilə zəifləməkdə olan müxalifət cəbhəsində başlanmış boşanıb-ayrılmalardır. Neçə vaxtdan bəri «mus-mus» deyən Müsavat Partiyası, nəhayət, «Mustafa» söyləyərək Milli Şuradan çıxıb.
Əslində prezident seçkisi ərəfəsində görkəmli ssenarist Rüstəm İbrahimbəyovun səyi ilə yaradılmış Milli Şura uğurlu bir platforma kimi müxalifət qüvvələrini bir çətir altına yığa bilmişdi. Təbii ki, çoxları bu çətirin altına könülsüz girmişdi, çünki 20 il səylə qoruduqları müxalifət meydançasına təzə və nüfuzlu oyunçuların girməsini istəmirdilər. Bu yandan da Cəmil Həsənli kimi parlaq bir namizədin seçkilərə qatılaraq cəmiyyətdə müəyyən ümidlər oyatması yeni ab-hava yaradırdı. Onun siyasi liderlik keyfiyyətləri, təmiz reputasiyası və Milli Şuraya sədr seçilməsi çoxlarının üzərinə kölgə salırdı. Köhnə müxalifətin ssenarisində isə hadisələrin belə gedişi nəzərdə tutulmurdu. Odur ki, seçkidən sonra bu şurada qalmağı məqbul saymayan və başqanı «biz birlikdə heç nəyə nail ola bilmirik» deyən partiyanın Milli Şuranı tərk etməsi təbiidir. Yəqin ki, hələ bir neçə «zəhmətkeş» də bu qurumu tərk edəcək.
Müsavat kimi iri bir partiyanın Milli Şuradan çıxmasının ciddi ajiotaj yaratması da təbiidir. İndi hərə bu davranışa bir ad qoyur. Biri deyir partiya hökumətə satılıb, başqası deyir arada mandat alveri gedir, digəri liderini intriqabazlıqda ittiham edir, çoxları da müxalifətçiliyi biznesə çevirənlərin maskasının yırtıldığını iddia edir. Kim nə deyir-desin, Şuranın zəifləməsi, xüsusən Müsavat və AXCP arasında heç vaxt möhkəm olmayan körpülərin yandırılması, qütbləşmənin kəskinləşməsi, ittihamların artması, onsuz da gücsüz olan müxalifət düşərgəsini daha da heydən salır. Həm də bütün bunlar uzaqdan əjdahanın ağzında olan və xilas olmaq haqqında deyil, bir-birlərini məhv etmək haqqında düşünüb savaşan adamları xatırladır. Bir azdan əjdaha onları udacaq, bunlarsa bir-birlərinə zərbə vurmaq üçün fürsət axtarırlar. Deməli, vuruşanların təhlükəni duymaq və ondan qorunmaq instinkti korşalıb…
***
Təxminən 20-22 il əvvəl Ağdam cəbhəsində düşmənə qarşı ayrı-ayrı vətənpərvər dəstələr vuruşurdu, vahid hərbi komandanlıq yox idi. Əsgərlər yaxşı təlim görməmişdi, amma ən pisi o idi ki, çoxları hərbi əmrlərə tabe olmaq istəmirdi. Bir komandirin narazılığı heç yadımdan çıxmır. Deyirdi ki, döyüşçülərin çoxuna düşmən gülləsindən qorunmaq üçün səngər qazdırmaq müşkülə çevrilib, sinələrinə döyürlər ki, «nə danışırsınız, ayıb deyil, biz erməninin qabağından qaçıb səngərdə gizlənəcəyik?» Bu, əsas instinktin — təhlükədən qorunmaq instinktinin itirilməsi idi.
Bu gün Milli Şuranı dağıtmaqla mənəvi ölüm təhlükəsi ilə üzləşənlərin cəhdlərini təhlil edərkən, nədənsə səngər qazmaq istəməyən və bu səbəbdən də gülləyə tuş gələn həmin əsgərləri xatırladım. Sadəcə bir fərq var ki, onların təhlükəni duymaması təcrübəsizlikdən və qürurlu olmalarından qaynaqlanırdı. Amma bunların davranışlarının səbəbləri hüznlü bir qaranlıqdan və bir də həmin qaranlıqda formalaşmış xislətlərdən boylanır…
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 346