Konstantin Moskoviç: bir də qanunlarınızı pozmaram…
Konstantin Moskoviç Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək “Dövlət sərhədi haqqında» qanununu pozmuş və buna görə də adı XİN tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Moldova Respublikasının vətəndaşı Konstantin Moskoviç adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib.
XİN mətbuat xidməti bildiriri ki, Konstantin Moskoviç məktubunda 2009-cu ildə festival çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyini, bu səfərin məqsədyönlü xarakter daşımadığını və ona görə dərin təəssüf hissi keçirdiyini qeyd edərək, Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar vətəndaş mövqeyinin Moldova Respublikasının rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü bildirib və bu məktubla Azərbaycan Respublikasının qanunlarını bir daha pozmayacağı barəsində öhdəlik götürərək, adının bu siyahıdan çıxarılmasını xahiş etmişdir.
Nazirlik Moskoviçin yazılı müraciətinə müvafiq qaydada baxılacağını bildirib.
Xalq artisti Konstantin Moskoviç ermənilərin hiyləsinə uyaraq “Qarabağın azad olunmasına həsr edilmiş bayram tədbirləri”ndə iştirak etmək üçün Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edib.