Muəllif:

Köçən adam

Bir neçə həftə əvvəl köhnə «Sovetski»dən yazmışdım. Onda mənə elə gəlirdi ki, bir vaxtlar kənar adamın ehtiyatla keçməyə çalışdığı bu məhəllə öz hikkəsini, etiraz potensialını çoxdan itirib. Nə qədər qəribə olsa da, «Sovetski» sovet qaydalarına bir etiraz forması idi. Bura şəhərin başqa yerlərindən nə gözəlliyi, nə xüsusi eybəcərliyi, nə var-dövləti, nə də hədsiz kasıblığı ilə fərqlənirdi. Amma «Sovetski»nin öz dəyərləri, hətta, deyərdim, «Kommunizm qurucusunun əxlaq Kodeksi»ndən köklü fərqlənən davranış qaydaları var idi. «Sovetski» — orada yaşayanların bəzən aşırı aqressivliklə qoruduqları balaca vətəni idi.
İndi isə belə çıxır ki, köhnə Bakının salamat qalmış məhəllələri arasında ən eybəcəri məhz bu küçədir. Ona görə də uçurulmalıdır. Ən kasıbı da elə buradır. Çünki dirəniş göstərənlərin tam əksəriyyəti artıq «vətən»ini qorumur, bu yerdən uzağa getmək üçün daha çox pul istəyir.
Dədə-babadan həmin məhəllədə yaşadığını deyən, mətbuata hamıdan çox müsahibə verən bir qadın dönə-dönə təkrar edir ki, 30 kvadrat metrlik evində 6 nəfərlik ailəsi ilə yaşayır: «Əvəzində mənə 45 min manat vermək istəyirlər. Mən bu pula harada, nə ala bilərəm?» Prinsipcə, düz deyir. Amma mənim fikrimi pulun azlığı yox, başqa bir detal daha çox cəlb edir. Yəqin ki, bu qadının yaxın ətrafı həmişə 6 nəfərdən ibarət olmayıb. Ərə gedənindən-evlənənindən, doğulub-ölənindən asılı olaraq artıb-azalıb. Bəs bu qədər adam indiyədək 30 kvadrat metrlik sahədə necə yaşayıb? Yaşı əllini ötmüş adam kimi, sizi əmin edirəm: «Sovetski»ni sovet vaxtı söksəydilər, həmin qadının anası, ya nənəsi küçəyə çıxıb deyərdi ki, yerində nə tikirsiniz, tikin, amma mənim 30 kvadratımı elə buradaca özümə qaytarın. Baxmayaraq ki, o dövrün rejimi indikindən sərt idi.
Zəmanə elə dəyişib ki, artıq «vətən» kvadratlarla deyil, manatlarla ölçülür. (Öz evi, məhəlləsi, kəndi insana vətənin ən doğma parçasıdır. Ryazanovun «Qaraj» filmini xatırlayırsınızmı?) Yox-yox, bu ittiham, hətta qınaq da deyil. Düzünü bilmək istəyirsinizsə, mənim özüm dəfələrlə evimi satıb, e-e-e, uzaqlara getməyin arzusunda olmuşam. Bəlkə də nə vaxtsa bunu edəcəyəm.
Çoxları hələ fərqinə varmasa da, içimizdə, beynimizdə mühüm bir dəyişiklik baş verib. Əvvəllər dava edərdilər ki, bizi yerimizdən-yurdumuzdan eləməyin. Hətta başqa yerə oxumağa gedənlər də gözəl təkliflərdən imtina edib geri qayıdardılar. Çünki insan göbələk deyil, o, kök atır, qonşular, uşaqlıq dostları, birgə xeyir-şər məclisləri, tindəki dükan, öyrəşdiyi bağça, məktəb, kinoteatr — hamısı onun həyatının mənasını təşkil edir. O vaxtlar bunların pul dəyərini müəyyən etmək olmazdı. İndi hər şeyi pulla əvəzləmək mümkündür.
Yeni yerə köçmüş adam, əslində, ana dilini dəyişmədən xaricə köçmüş adamla eyni vəziyyətdədir. Yaşlılardan kim uşaqlıqda məktəbini dəyişməli olubsa, nə dediyimi yaxşı başa düşər. Birinci sinifdən burada oxumayanı «yerlilər» sona qədər «gəlmə» kimi qəbul edərdilər.
Niyə insanlara sökülmüş evlərinin yerində tikilən binalarda yer vermirlər? Onları səhrada küləyin qabağına qatıb apardığı kökü üzdə olan kollara çevirirlər? Bu kol ilişdiyi daş parçasını heç vaxt daimi vətən saymayacaq. Nə vaxtsa növbəti küləyin qalxacağını biləcək. Bakı isə çox küləkli şəhərdir. Bəlkə elə buna görə köçən adamlar, hətta onların ən istedadlıları belə, əksər hallarda yeni yerdə öz fəal həyat ritmlərini bərpa etməkdə çətinlik çəkirlər, ictimai kökləri üzdə olur?
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 210