Kiyevin ortasında radikal “Pravıy sektor”un » “kaci, kaci” hayqırtıları…
Kiyevin ortasında günün-günorta çağı iki azərbaycanlı gənc radikal “Pravıy sektor” təşkilatının üzvləri tərəfindən döyülüb. Hücuma məruz qalanlardan biri — Azərbaycan vətəndaşı Elvin Əliyev məlumat verib. O, Sumqayıt şəhər sakini, Kiyev universitetlərindən birinin yuxarı kurs tələbəsi, 1985-ci il doğumlu Qarayev Şahid Şakir oğlu birlikdə hücuma məruz qaldıqlarını söyləyib.
Hadisənin bir həftə əvvəl baş verdiyini deyən Əliyev qeyd edib ki, daha çox zərər çəkən Qarayevin döyüldükdən pasportu və pul kisəsi “Pravıy sektor”un üzvləri tərəfindən alınıb və hələ də bir xəbər yoxdur. O, hadisəni bu şəkildə danışıb:
“Həmin axşam biz “Bessarabskiy” bazarının yanında bir marketdən çıxırdıq. Qəflətən qolları etiketli, əli dəyənəkli “Pravıy sektor”un adamları ilə rastlaşdıq. Onlar içkili idilər. Bizi görən kimi “kaci, kaci” deyib (onlar digər millətləri belə adlandırırlar) üstümüzə cumdular. Müqavimət göstərən Şahid Qarayevi bərk döydülər və pasportunu aldılar. Biz yerli rayon milisinə müraciət etsək də, bizə bildirdilər ki, onlar Pravıy sektor”un aktivistləridir və milis onlara müdaxilə edə bilmir. Hətta pasportu da tapıb verə bilmədilər. Şahid Qarayev Azərbaycan səfirliyinin köməkliyi ilə Bakıya qayıdıb və yeni pasport almaq üçün müraciət edib”.