Kiyevin mərkəzində gecədən bəri toqquşmalar səngimir, ölüm və bıçaqlaşma halları var
Kiyevin mərkəzində gecədən bəri toqquşmaların səngimədiyi xəbərləri gəlir. Qruşevski küçəsində yenidən toqquşmalar başladığı bildirilir. “Berkut” xüsusi təyinatlı milis dəstəsinin əməkdaşları radikal müxalifətçilər tərəfə bir neçə işıq-səs qumbarası atıblar. Etirazçılar cavab olaraq hüquq-mühafizə orqanların əməkdaşlarına daş, yandırıcı maddələrlə doldurulmuş şüşələri atıblar. Gecə saatlarında milis “Dinamo” stadionunun qarşısındakı ərazini iki böyük projektor ilə işıqlandırıb.
Bu arada Kiyevin Müstəqillik meydanında naməlum şəxslər milis əməkdaşlarına hücum ediblər. Milislərdən biri bıçaq yarası alıb. Bu barədə Ukrayna DİN məlumat yayıb. Məlumata əsasən, yanvarın 24-də Müstəqillik meydanında xidməti vəzifələrini icra edən üç milis əməkdaşı “meydan keşikçiləri”-nin silahlı hücumuna məruz qalıblar. Onlardan birinə bıçaqla xəsarət yetirilib. Hazırda xəsarət alan milis işçisi azad edilərək xəstəxanaya yerləşdirilib. Digər iki qanun keşikçisinin taleyi hələ ki məlum deyil.
Başqa bir xəbərə görə, Kiyevdə “Berkut” yataqxanasında yaşayan milis əməkdaşı öldürülüb.Atəş nəticəsində baş nahiyəsinə dəyən güllə milis əməkdaşının ölümünə səbəb olub. Onun meyitini yaxınlıqdakı tikintinin gözətçiləri aşkar edib. Şahidlər hadisə yerindən iki nəfərin qaçdığını bildiriblər.
Müəyyən edilib ki, qətlə yetirilən şəxs dövlət mühafizə xidmətinin Qoloseyev rayonu milis idarəsinin 27 yaşlı əməkdaşıdır. O, yaşadığı “Berkut” yataqxanasına silahsız yollanırmış. Hazırda operativ istintaq qrupu hadisənin təfərrüatlarını araşdırır.