Muəllif:

Kiyevdə olayların son saatı: baş nazir nümayişçiləri terrorçu adlandırıb

Kiyevdə “Berkut” xüsusi təyinatlıları və Daxili Qoşunlar nümayişçiləri Nazirlər Kabinetinin binasının yerləşdiyi Qruşevsk küçəsindən uzaqlaşdırıb. Güc strukturları gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər qarla doldurduqları kisələrdən və təkərlərdən 2 metr hündürlüyündə barrikada qursalar da, xüsusi təyinatlıların güclü təzyiqi nəticəsində Müstəqillik meydanına doğru geri çəkilməyə məcbur olublar. Kiyevdə atəş səsləri də eşidilir. Yaralanan fəallardan birini təcili yardım maşını aparıb. Gərginlik davam edir.  

Bu arada  Ukraynanın baş naziri Nikolay Azarov Kiyevin mərkəzində baş verən kütləvi qarışıqlığın iştirakçılarını terrorçu adlandırıb. Azarov bildirib ki, “maydanın radikal hissəsinin ultra-sağ silahlıları” Kiyevin mərkəzində kütləvi iğtişaş törədib: “Terrorçuların mənəviyyatsızlığı və riyakarlığı o səviyyəyə çatıb ki, onlar insanlara “Molotov kokteyli” atır. Bu gün gecə isə terrorçular otellərə soxularaq öz opponentləri hesab etdikləri onlarla vətəndaşı amansızlıqla döyüblər”.

Azarov qeyd edib ki, Qruşevsk küçəsində bir neçə gündür güc strukturlarına müqavimət göstərən fəalları dinc mitinqçi adlandırmaq olmaz: “Onlar cinayətkardır və öz əməllərinə görə cavab verməlidir”. 

Xəbərlərə görə, müxalifət əhalini bu gün yerli vaxtla saat 18.00-da Kiyevin Müstəqillik Meydanına – xalq yığıncağına (narodnoye veçe) toplaşmağa çağırıb.  “Svoboda” Partiyasının lideri Oleq Tyaqnibok partiyasının “Twitter” ünvandan xalqa çağırış edib: “Saat 18.00-da hamı meydana! Veçedən sonra mərkəzi küçələrlə yürüş olacaq və başqa addımlar atılacaq. 100 faizlik ümummilli səfərbərlik! Hər kəs Kiyevə! Bu gün dövlətin taleyi qəti olaraq həll olunur!”  

2 mitinqçinin öldürülməsi ölkədə vəziyyəti daha da gərginləşdirib. Üç müxalif qüvvə — “Batkivşina”, “UDAR” və “Svoboda” birgə bəyanatla çıxış edərək ölümlərə görə məsuliyyəti prezidentin üzərinə qoyublar: “Cəza orqanları hər cür həddi keçib. Ölənlərdən birinin başında və boynunda 4 güllə yarasının olması özünümüdafiə deyil, dinc vətəndaşların şüurlu surətdə güllələnməsidir. Diktaturanın vətəndaşlara qarşı bu terror aktına görə bilavasitə daxili işlər naziri, əliqanlı qatil Zaxarçenko məsuliyyət daşıyır. Hazırda ölkədə baş verənlər, hər vətəndaşın həyatı və təhlükəsizliyi və etirazçıların ölümü prezident Viktor Yanukoviçin şəxsi məsuliyyətidir. Yalnız xalqın tələblərinin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsi ölkədə vəziyyəti dinc məcraya qaytara bilər”.    

Son xəbərə görə, prezident  Yanukoviç üç müxalifət lideri ilə görüşməyə və yaranmış durumu müzakirə etməyə razılıq vermişdir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 129