Kiyev kotleti
Yanan şinlərin tüstü pərdəsi «Maydan»ın üstündən çəkiləndə yaranmış mənzərəni seyr edib öz-özümdən soruşdum:»O qara pərdənin altında nə baş verdi?»
Əgər bu, inqilab idisə, hanı o inqilabın liderləri və planları? Meydana toplaşmış camaatın qarşısında bir-bir təzimə çıxıb nazir postuna xeyir-dua istəyən müxalifət rəhbərləri lider roluna əsla yaraşmırdılar. «Tüstülü» günlərdə etirazçılar onların yox, onlar etirazçıların dalınca qaçır, çata da bilmirdilər. İndi xalqdan vəzifəyə getməyə müvəqqəti icazə kağızı alanlar, əslində, bundan sonra nə edəcəklərini özləri də dəqiq bilmirdilər.
Əgər bu, üsyan idisə, nədən «tüstüsü» birdən-birə dağıldı? Üsyanı yatırmaq üçün şahın saraydan qaçması kifayət deyil. Qabarmış kütlə öz dağıdıcı enerjisini dalğa-dalğa sərf etməyincə sakitləşmir.
Bəlkə, hərdən bizim hökumətimizin və müxalifətimizin də qulağına çatan «idarəolunan xaos» nəzəriyyəsinin praktikada tətbiqi formalarından biri elə budur? Maraq doğuran cəhət, bilirsinizmi, nədir? «Xaos»un real liderləri: «Berkut»un bağladığı küçələrdən avtomobil şinlərini keçirib meydanda qalayanlar, barrikadalara, dövlət orqanlarını ələ keçirib-boşaldanlara rəhbərlik edənlər qələbədən sonra da üzə çıxmadılar. Kütlə ilə razılaşdırılıb parlamentə ötürülüən «nazirlər siyahısı»nda onların adı yox idi. Hər halda, bir şeyi dəqiq demək olar ki, bu, rusların təqdim etmək istədiyi kimi, sadəcə çevriliş, hakimiyyət üstündə dava deyildi. Çünki hakimiyyəti bölüşdürmək zamanı yetişəndə «çevriliş»in əsl müəllifləri nə parlamentin, nə də mitinqin tribunasında görsəndilər.
Uzun sürən qarışıqlıqdan sonra Ukrayna indi başqa bir problemlə üzləşmiş kimi görünür: ənənəvi bağları qırılmış ölkə hazırda «iqtisadi xaos», dərin maliyyə böhranı içərisindədir. Məndə heç bir şübhə yoxdur ki, Ukrayna həmin böhrandan tezliklə çıxacaq. Çıxarılacaq. Yanukoviçdən çox, Putinin burnunu ovmaq üçün qat-qat böyük risklərə və sərfiyyata getməyə hazır olduqlarını nümayiş etdirənlər üçün bu, xırda məbləğdir.
Ukrayna hadisələri postsovet məkanında mövcud olan ən güclü siyasi stereotiplərdən birini sındırdı. Yəni ki, sındırmalıdır. Bizlər elə bilirik ki, kütlə hakimiyyətsiz, ya müxalifətsiz idarə oluna bilməz. Ona görə də iqtidarlar bütün gücünü müxalifəti zəiflətməyə, parçalamağa sərf edir. Hardasa bir narazılıq baş verəndə, haqq-hesabını müxalifətlə aparır. Nə qədər çox müxalifətçi satın alsa, ya həbsxanaya salıb sındırsa, özünü bir o qədər təhlükələrdən sığortalanmış hesab edir. Müxalifət də xalqdan minnətini əskik etmir: «Biz olmasaq, sizə kim yiyə durar, haqqınızı kim qoruyar». Amma gördük ki, yox. «İdarəolunan xaos» məhz «zorlu hakimiyyət — zəif müxalifət» formulunun törəməsi kimi ortaya çıxa bilir. Bu texnologiyanı isə Qərbin Rusiyadan yaxşı mənimsədiyinə, məncə, şübhə edən qalmadı.
Hakimiyyətin xalqın yox, müxalifətin etiraz potensialını zəiflətməklə məşğul olduğunu və bununla rahatlaşdığını görəndə Ukrayna hadisələrini xatırlayıram. Biri Ukrayna hadisələrinə «inqilab» deyəndə isə yadıma Kiyev kotleti düşür. Nə olduğunu bilməyib sifariş edən çəkilmiş ət gözləyir. Yemək qabağına qoyulanda isə qazmağını yarıb görür ki, Kiyev kotleti içərisinə yağ doldurulub qızardılmış toyuq ruletidir. Hə, bir şey də yadıma düşdü. Bir dəfə Moskva ətrafında restoranda Kiyev kotleti sifariş etmişdik. SSRİ-nin böhranlı vaxtları idi, ərzaq qıtlığı yaşanırdı. Ofisiant, axır ki, yeməyi gətirdi. Qazmağı yaranda içindən yağsız-filansız bürmələnib qızardılmış «Həkim» kolbasası çıxdı.
[email protected]