Muəllif:

Kişilik dərsi

Ankara

Məni bir sual narahat edir. «Şərəf» ordenimizin olduğunu çox yaxşı bilirəm. Bu ordenlə təltif olunanlar da, bildiyimə görə, az deyil. Amma Azərbaycanda bu ordenə layiq insanların olduğuna şübhəm var.
Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun Yasamal rayonu, daha doğrusu, məşhur Sovetski sakinləri ilə görüşünü əks etdirən bir videosüjetə baxdım. Sakinlərdən biri abartılı şəkildə Abutalıbova minnətdarlığını bildirirdi. Şəhər icra hakimiyyətinin başçısı isə yalniz Azərbaycan çinovniklərinin bir qisminə xas ola biləcək bir tərzdə təvazökarlıq nümayiş etdirdi.
Əbəs yerə demirlər ki, «həqiqi təvazökarlıq — bütün fəzilətlərin mənbəyidir». Bizim Hacıbala Abutalıbov isə həyatın hər üzünü görmüş azərbaycansayağı müdrik insandır. Ona görə harada və nə deyəcəyini çox gözəl bilir. Amma yenə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının bu dərəcədə «təvazökar» olduğunu ağlıma belə gətirə bilməzdim. Cənab Abutalıbov sıradan bir vətəndaşın ona ünvanlanan bu abartılı təriflərinə «bu ölkədə yalnız bir kişi var…» cavabı ilə son qoydu.
Dövlət başçısı da daxil olmaqla, siyasi xadimlərdən hər birinə fərqli münasibət bəsləyə bilərik. Hətta birinə parəstiş, digərinə isə nifrət belə edə bilərik. Bu, simpatiya və antipatiya adlanan, yəni faktlara, hadisələrə və fədrlərə insan münasibətinin çox normal təzahür formasıdır. Lakin normal əqli, mənəvi və psixoloji durumda olan insan nə özünün, nə də toplumun şərəf və layaqətini hətta pərəstiş etdiyi siyasi xadimə peşkəş edə bilməz. Özü də bu tərzdə. Buna nə insani, nə də dini-mənəvi nöqteyi-nəzərdən haqqı yoxdur. Ən azından ona görə ki, yalnız müsəlmanlar üçün deyil, bütün Kitab əhli üçün bir tək olan var. O da Yaradandır. Amma bu olayda həm peşkəş edən, həm də peşkəş edilən var. Unutmaq lazım deyil ki, yalnız ləyaqətlərini peşkəş etməyə razı və hazır olanların ləyaqətlərini kimsə peşkəş edə bilər. Yəni günah Hacıbala Abutalıbovda və onun kimilərdə deyil, bizdədir. Kişiliyimizə, yəni ləyaqətimizə təcavüz edən o deyil, biz özümüzük.
Vladimir Makeyenko yalnız bir ay öncə Kiyev Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu. Kiyevdə yüzə yaxın insanın qətli ilə sonuclanan qanlı hadisələrdən sonra hakim Regionlar Partiyasından istefa etdiyini bəyan etdi.
Fevralın 18-də və 19-dan 20-nə keçən gecə Kiyevdə yaşayan bir jurnalist dostumla daimi əlaqədə idim. Mənə hadisələr içindən birbaşa, sözün əsl mənasında canlı və canı bahasına reportaj verirdi. Skayp vasitəsilə hətta Kiyevdəki Müstəqillik meydanında baş verənlərə tamaşa belə edə bilirdim. 19-na keçən gecə nümayişçilər Müstəqillik meydanında hər tərəfdən mühasirəyə alınmışdılar. Çox deyildilər. Cəmi-cümlətani 20 min. Qaçacaq bir yerləri də qalmamışdı. Təslim olmaqdan başqa çarələri yoxdu. Lakin təslim olmadılar. Şərəflə, ləyaqətlə savaşıb ölməyə qərar verdilər. Məlum oldu ki, qarşılarındakılar savaşıb ölməyə hazır deyillər. Ona görə də bu savaşdan təpədən-dırnağa silahlanmış Daxili Qoşunlar, «Berkut» deyil, onlar qalib çıxdılar. 20-si səhər meydanda həlak olanları «Ukraynanın qəhrəmanlarına eşq olsun» şüarı ilə son mənzillərinə yola salırdılar. Bu toplum ölməyi üstün tutdu, amma şərəf və layaqətinin kiməsə peşkəş edilməsinə imkan vermədi və qalib gəldi. Ona görə də heç təəccüblü deyil ki, Kiyevin icra hakimiyyətinin başçısı özünün və başqalarının şərəf və ləyaqətini peşkəş etməyə hazır Hacıbala Abutalıbov təfəkkürlü birisi deyil.
Bir ingilis yazıçısının dediyinə görə, «vicdan əzabı itirilmiş ləyaqətin əks-sədasıdır». Məntiqlə dərk olunması çox çətin bir həqiqətdir. Yəni söhbət ondan gedir ki, şərəf və ləyaqəti ayaqlar altına atılmış insanın belə ruhunu xilas etmək imkanı var — əgər vicdanı və vicdan əzabı çəkmək bacarığı qalıbsa. Burada dahi Saməd Vurğunun ölməz «Vaqif» dramını necə yada salmayasan.
«Qacar: Şair, hökmdarın hüzurundasan!
Vaqif: Bunu sizsiz belə düşünürəm mən.
— Bəs baş əymədiniz?
— Əymədim,bəli! Əyilməz vicdanın böyük heykəli…
— Qılınclar toqquşub iş görən zaman, Neylər dediyiniz quru bir vicdan?
— Vicdan dedikləri bir həqiqətdir- Beşiyi, məzarı əbədiyyətdir…
— Bəs zindan necədir, qaranlıq zindan?
— Soyuq məzara da zinətdir insan!..»
Deputat Ceyhun Osmanlının prokurorluğa təqdim etdiyi jurnalist Xədicə İsmayılovanın ABŞ Senatının əməkdaşları ilə Bakı restoranında söhbətinin audioyazısı qanuni dəlil sayıla bilməz. Hüquq sahəsində ekspert Ələsgər Məmmədli belə deyib.
O xatırladıb ki, Azərbaycan Konstitusiyanın 32-ci maddəsinə görə, şəxsin icazəsi olmadan onun səsinin yazılması və ya onun videoçəkilişi qadağan edilir. Beləliklə, deputatın etdiyi audioyazı qanunsuzdur.
Ə.Məmmədlinin fikrincə, «bütün bunlar İsmayılova üçün heç bir hüquqi nəticə verməyəcək şoudur».
Birincisi, ictimai yerdə söhbət çəkişmə predmeti ola bilməz.
İkincisi, insanların icazəsi olmadan onların səsinin yazılması etik deyil və qanunsuzdur.
Üçüncüsü, yazının aparılması üçün məhkəmə sanksiyası olmayıb. Ə.Məmmədli hesab edir ki, X.İsmayılova deputatı onun şəxsi işinə qarışdığına görə məhkəməyə verə bilər.
Əslində heç kimə sirr deyil ki, cənab Osmanlı heç qanun pozuntusuna yol veməyib. Ona görə yox ki, söhbət, formal da olsa, millət vəkilindən, yəni vəzifəsi qanun yaradıcısı olan bir fərddən gedir. Millət vəkilinin iş-gücü qurtarıb ki, restorana gəlsin, yeyib-içmək əvəzinə təsadüfən qarşılaşdığı «xalq düşmənlərinin» söhbətini telefonuna yazsın?! Hələ səs-küylü salonda 15 metr məsafədən bunun qeyri-mümkün olduğunu demirəm. Bu yalnız bir halda, yəni millət vəkilinin əvvəlcədən «tədarük» gördüyü halda mümkündür. Bu da heç inandırıcı deyil.
Deməli, millət vəkili «xalq düşmənlərini» ifşa etmək üçün başqalarının suçunu, mən hətta deyərdim ki, cinayətini öz boynuna götürür. Başqa sözlə desək, özünü, yəni kiməsə görə şərəf və ləyaqətini fəda edir. Ən azından ona görə ki, millət vəkili adlanan bir kəs üçün xırda xəfiyyə kimi başqalarının söhbətinə izn almadan, gizli qulaq asmaq ən azından şərəf və ləyaqət anlayışlarının mədəni dünyada qəbul edilmiş yorumu ilə uyuşmayan hərəkətdir. Bir sözlə, cənab Osmanlının «fədakeşliyinin» sərhəddi-sınırı yoxdur. Bu sərhədi-sınırı olmayan «fədakeşlik», deyəsən, insanı «ləyaqətinin keşikçisi» olan «vicdan əzabı» çəkmək bacarığından da məhrum edir…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 537