Kişi qatar bələdçiləri bu gün aksiya keçiriblər: ADY açıqlama yaydı
“Azərbaycan Dəmir Yolları” QSC kişi qatar bələdçilərinin bu gün keçirilən aksiyası ilə bağlı açıqlama yayıb.
“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, son vaxtlar sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, sərnişin qatarlarında qanunsuz yüklərin daşınması səbəbindən sərhəd-keçid məntəqələrində qatarların ləngiməsi hallarının qarşısını almaq məqsədilə beynəlxalq sərnişin qatarlarında kişi bələdçilərin qadın bələdçilərlə əvəzlənməsi prosesi aparılır.
Əzməmmədov bildirib ki, bu məqsədlə aparılan islahatlar zamanı kişi bələdçilər işdən azad olunmur, yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər: “Artıq beynəlxalq və yerli istiqamətdə hərəkət edən Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Ağstafa, Bakı-Köçərli, Bakı-Balakən, Bakı-Gəncə sərnişin qatarlarında qadın bələdçilər çalışırlar. Bu günlərdə Bakı-Xarkov sərnişin qatarında da qadın bələdçilərin xidmətindən istifadə edilməsi nəzərdə tutulur. Bu qatarda çalışan kişi bələdçilər yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında öz fəaliyyətlərini davam etdirəcəklər. Bir faktı da qeyd edək ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında çalışan bələdçilərin əmək haqqı beynəlxalq istiqamətdə çalışanların əmək haqqından yüksəkdir”.
Qeyd edək ki, bu gün Azərbaycandan MDB ölkələri istiqamətində hərəkət edən qatarların kişi bələdçiləri qadınlarla əvəzlənmələrinə etiraz əlaməti olaraq aksiya keçiriblər.