Muəllif:

Kim onlarla deyil öldürməyə layiq bilirlər…

“Azərbaycandan Suriyada döyüşənlər və hazırda da oraya  getmək istəyənlər var. Amma KİV-lərdə Suriyada ölən azərbaycanlıların sayının 100 nəfərdən çox olması ilə bağlı yayılan məlumatlar çox şişirdilib. Suriyada öldürülən azərbaycanlıların sayının 50 nəfər olduğunu demək olar”, — “Əbu-Bəkir Məscidi” dini icmasının imam camaatı Qamət Süleymanov “Obyektiv” televiziyasına [www.Obyektiv.tv] müsahibəsində bildirib.

Q.Süleymanov həmçinin Azərbaycan vətəndaşlarının Suriyaya getməsinin səbəblərindən danışıb: “Azərbaycanda insanların dini radikalizmə cəlb edilməsinin daxili və xarici səbəbləri var. Xarici səbəbləri müsəlman ölkələrində çoxsaylı insanların müharibə və münaqişələr nəticəsində öldürülməsidir. Dini radikallar bunları görüb, müsəlmanlara kömək edə biləcəyi düşüncəsi ilə bu ölkələrə gedir. Daxili səbəblərə gəlincə,  dindarların sıxışdırılması, bəzi məscidlərin bağlanması, dinə zidd hərəkətlərin artması radikal qüvvələrin bu amillərdən istifadə edərək insanları ələ ala bilməsinə yol açır”.

Onun fikrincə, Azərbaycanda da dini radikalizmi dəstəkləyənlər var. “Ancaq həmin insanlar hələ radikal qruplar şəklində görsənmir. Bu təşkilatlar gizli fəaliyyət göstərir, indiki anda özlərini izhar etmirlər. Sumqayıtda da eyni insanlar idi. Sadəcə, fikir ayrılığına görə bir-birinə silah çıxarmışdılar. Bu, onlarda normal haldır. Mənə də, “Əbubəkir” məscidinə də qarşı terror olub. Sadəcə, biz onların fikri ilə razı deyilik. Kim onların fikri ilə razı deyil, həmin şəxsləri müsəlman saymırlar. Həmin adamları öldürməyə layiq bilirlər. Belə bir təhlükəli fikirdədirlər”, — icma rəhbəri qeyd edib .

Q.Süleymanov hesab edir ki, xarici ölkələrdə, o cümlədən Suriyada olan azərbaycanlı dini radikallar ölkəyə qayıtdıqdan sonra öz fikirlərini yaymağa başlayacaqlar: “Bu, müəyyən qədər problem yarada bilər. Amma böyük problem yaradacaqlarına inanmıram”.

Q. Süleymanov xarici ölkələrdə döyüşən dini radikalların Azərbaycana qayıdaraq daxili qanunvericiliyə uyğun yaşamalarını, öz dinlərinə qulluq etmələrini məsləhət bilir.  “Onların Suriya və digər ölkələrə getməsi nəyi isə həll etmir. Əksinə, həmin ölkələrin əhalisi üçün böyük problemlər yaradır. Bu insanlar öz ölkələrinə qayıdıb daxili qanunvericiliyə əməl etməklə yaşamalı, dinlərinə, valideynlərinə və ailələrinə qulluq etməlidirlər”, — o vurğulayıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 194