Muəllif:

Kerrinin kartofu

Sonuncu yazımda Atilla və Çingizxandan yazacağımı söz vermişdim. Fikrim bu barədə tam başqa bir səpkidə yazmaqdı. Amma ötən həftə diqqətimi çəkən, amma gözlədiyimdən fərqli olaraq, heç bir rezonans doğurmadan, heç bir ciddi təhlil, nə baş verdiyini izah etməyə çalışan araşdırma və yazı olmadan ötüşən qəribə bir hadisə baş verdi. Parisdə ABŞ və Rusiya nümayəndə heyətləri Suriyayla bağlı danışıqlar ərəfəsində görüşdüyündə ABŞ Dövlət katibi Con Kerri gözlənilmədən rus həmkarı Sergey Lavrova bir sürprizi olduğunu deyib ayaqqabı qutusu böyüklükdə bir qutudan iki naqolay və çox iri kartof çıxarıb verdi və dedi ki, bizdə Amerikada belələrini də yetişdirirlər. Bir də Lavrovun onlardan spirt çəkməyəcəyinə ümid etdiyini dedi. Rusların da baş diplomatı söz altda qalmamağa çalışaraq söylədi ki, kartofdan spirti Rusiyada deyil, Ukraynada çəkirlər. Sonra da ürəyi soyusun deyə, hirsdən boğularaq gülə-gülə dedi ki, Rusiyada da yekə xiyarlar bitir və gələn dəfə Kerrini onlara qonaq edəcək…
Ha fikirləşdim ki, bunun mənası nə ola bilər — ağlım bir şey kəsmədi. Amma dalağım sancdı. Bilirsiniz niyə? Kerrinin kartofunun Gədəbəyə heç bir aidiyyəti olmadığına heç bir şəkk-şübhəm yoxdur. Lavrovdansa gözüm su içmir, qorxuram xiyar dalınca Lənkərana gəlsin…
***
Sovet dövründə Çingizxan haqqında az qala ibtidai siniflərdən bilirdik, çünki o, «qəddar və vəhşi» monqol-tatar istilaçılarının başında rus torpaqlarına basqın etmiş, insanları qılıncdan keçirmiş, bütün mədəni və maddi irsi məhv etmiş, kənd və şəhərləri viran qoymuşdu. Hər halda bizə belə öyrədirdilər, bizim də o vaxtkı ruslara ürəkdən yazığımız gəlir, monqol-tatarlardansa zəndeyi-zəhləmiz gedirdi. Heç ağlımıza da gəlmirdi ki, zəhləmiz gedən və vəhşi bildiyimiz o istilaçılar elə az qala özümüzüymüşük…
Atilladansa o vaxtlar heç xəbərimiz yoxuydu. Hardan da olaydı ki, Atilla ruslara deyil, avropalılara qan uddurmuşdu. Çox sonralar Roma imperiyasını sarsıtmış, onun dayaqlarını laxlatmış və Roma Papasını belə ayağına gətirmiş barbar Atillanın da bizim damarlarımızda axan qana təkan vermişlərdən biri olduğunu anladıq…
Qəribədir, romalıların barbar dediyi Atilla məhz elə Roma imperiyasındaca təlim və təhsil görmüşdü. Sərt idi, əzazil idi, tutduğu şəhər və kəndlərin əhalisini bir çox hallarda qılıncdan keçirirdi, amma böyük fatih, qorxu-hürkü bilməyən savaşçı idi. Və ən qəribəsi budur ki, bəzi mənbələrə görə, Roma imperiyasında xristianlığın möhkəmlənməsinə qarşı döyüşürmüş. Yəni xristianlığa qarşı imiş. Kim bilir, bəlkə də belə deyilmiş, amma məntiqdən də hali deyil. Ola bilsin ki, elə buna görə də xristian əhalini qırdırırmış…
Çingizxansa Ulu Tanrıya inanarmış. Tenqriçi (tanrıçı) imiş. O vaxtlar güclənməkdə və yayılmaqda olan İslama tapınmaq fikrində belə deyilmiş. Özünü Göy Qurd (canavar) övladı bilərmiş. Göy kəlməsini səmavi, yəni Tanrının məkanı olan Göylər anlamında da qavramaq olar. Ömrünü at belində geniş, göz işlədikcə uzanan çöllərdə daim hərəkətdə olmaqla keçirmişdi. Qəlbi, təbiəti heç bir çərçivəyə sığmazmış. Onun üçün istənilən Din və onların doqmatik qanunları qəbuledilməzmiş. Bəlkə də elə buna görəymiş ki, yazı mədəniyyətinə malik qədim türklər Tenqriçiliyi (Tanrıçılığı) Din deyil, İnam sandıqlarından onun heç bir qayda-qanununu nə yazmış, nə də kitab şəklinə salmışlar. Hər halda Tenqriçilik haqda hələ ki heç bir yazılı sənəd yoxdur, çünki…
İNAM yazmaqla olmur, o ya OLUR, ya da ÖLÜR…
İndi dediyim odur ki, damarlarımızda heç olmasa, zərrə qədər də o QANdan varsa və özümüzə İNAMımız qalıbsa, Lavrov Kerriyə vermək istədiyi xiyarın dalınca bu torpaqlara gəlməməlidir.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 316