Kemeron: Rusiyanın Ukraynaya qarşı siyasəti ona baha başa gələcək
Almaniya federal kansleri Angela Merkel ilə Rusiya prezidenti Vladimir Putin arasında uzun sürən telefon danışığı olub. ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti A.Merkelin V.Putinlə danışığı barədə ABŞ prezidenti Barak Obamanı məlumatlandırdığını yazıb. Belə ki, xanım Merkel Obamaya Putinin reallıq hissini itirdiyini deyib: “Putin reallıqla əlaqəsini itirib və başqa dünyada yaşayır”.
Putinin Merkellə söhbətində Ukrayna böhranının danışıqlar və ATƏT missiyasının iştirakı ilə həllinə razılıq verdiyi bildirilir.
Bu arada Böyük Britaniyanın baş naziri Devid Kemeron ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. Bu barədə Kemeron “Twitter” səhifəsində yazıb. Kemeron Rusiyanın Ukrayna ilə bağlı addımlarını yolverilməz adlandırıb.
“Obama ilə axşam danışdım. Ümumi fikrimiz belə oldu ki, Rusiya siyasi kursunu dəyişməsə, Ukraynaya qarşı addımları ona baha başa gələcək”.
O da bəlli olub ki, ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkel ilə telefonla danışıb. Ağ evin rəhbəri Rusiya hərbçilərinin Ukrayna ərazisində peyda olmasını qanunsuz adlandırıb.