Muəllif:

Kəlbəcərin işğalından 21 il keçir, yavaş-yavaş 50-yə, 100-ə yaxınlaşırıq

Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 21 il keçir. Daha bir ildönüm. İldönümdən ildönümə xatırlanan yazıq Kəlbəcər… Vətənin düşmən əlində əsir tutulan  gözəl bir parçası… Necə yerlər, necə yurdlar… Siz bir bu fotoşəklə baxın!

Əlimizi əlimizin üstünə qoyub oturmuşuq. Hərəkətə keçmədiyimizin bir sıra bəhanələri sadalanır. Biz də bu bəhanələrə inanırıq və durub maddım-maddım baxırıq.

Bu minvalla yavaş-yavaş, tələsmədən, asta, ağır addımlarla 50-yə, 100-ə yaxınlaşırıq. Hara tələsirik, niyə tələsməliyik? Hələ qoy bir vurulan ziyanı hesablayaq. «Acından öləndən» o milyardları bağırda-bağırda almaq niyyətimiz var,  Xanhüseyn Kazımlı ilə qaçqınkom Əli Həsənov belə deyirlər topluma.

Nə isə, qara-qura fikirlər məndən əl çəkmir. Belə getcə «gələcək nəsillər» o 50, 100 ildönümləri də qeyd edəcəklər.

Bəli, Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal ediləndən 21 il keçir. Dözdük bu müddətə. Belə getsə hələ çox dözəcəyik və dözdürəcəklər. Dözməyəni başqası yox özümüz cəzalandıracağıq ki, niyə dözmürsən?

İtirdiklərimizə rəqəmlərin işığında baxaq:   1936 kv. km ərazisi olan Kəlbəcərin Ermənistan tərəfindən işğalı nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 sakin isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi «aından ölən»  Ermənistanın nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. Bu rəqəmlər hər dəfə tarixə qarışan   ildönüm günü topluma xatırladılır.

Bilgilərə görə, erməni vandallar Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib. Onlara heç tüpürən də yoxdur. Bunları vecinə almayan İrəvan BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində erməniləri süni şəkildə məskunlaşdırmağa başlayıb.

APA-nın əbərinə görə, bu gün Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib. Kəlbəcər İH başçısı Aqil Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, 5 il blokada vəziyyətində yaşamış, strateji önəmi olan Kəlbəcər rayonunun işğalı zamanı 511 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 2500 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, əlil olub, 165 nəfər girov götürülüb. Məmmədov bu girovlardan 122 nəfərin geri qaytarıldığını, 43 nəfərin taleyindən hələ də bir xəbər olmadığını bildirib.

İH başçısının sözlərinə görə, BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcər rayonunun işğalı ilə bağlı 822 saylı qətnamə qəbul etsə də, Ermənistan hələ də bu qətnaməyə məhəl qoymur, dünya birliyi də buna göz yumur: “Əksinə, Ermənistan işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılması siyasətini həyata keçirir, tarixi abidələrimiz məhv edilir, bir qismi isə erməniləşdirilir”.

Məmmədovı kəlbəcərlilərin sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində olduğunu söyləyib. O qeyd edib ki, Kəlbəcər işğal edilən zaman rayonun 60 minə yaxın sakini olub. Hazırda sayı 72 minə çatan kəlbəcərlilər Azərbaycanın 56 rayonunun 800-dən artıq yaşayış məntəqəsində məskunlaşıb:

“3200 ailə yeni tikilən qəsəbədə mənzillərlə təmin olunub. Bu yaxınlarda yataqxana şəraitində yaşayan 1400 kəlbəcərli Gəncə şəhərində tikilən yeni qəsəbədə mənzillərlə təmin edildi. Bütün bunlara baxmayaraq, biz ata-baba yurdlarımıza qayıtmaq arzusu ilə yaşayırıq. Prezident İlham Əliyev də həmin qəsəbəni ziyarət edən zaman bəyan etdi ki, Azərbaycan dövləti güclənir, zaman çatacaq, Kəlbəcərdə, Şuşada, Laçında, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, bir qarış torpağımızı da düşmənə verməyəcəyik və işğal olunmuş torpaqlarımızda bundan da gözəl qəsəbələr tikəcəyik. Biz o günü gözləyirik”.

Biz gözləyirik. İldönümlərsə gözləmir,  bir-birini təqib edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 324