«Kaspi» kafesində xidmətin səviyyəsi bərbad imiş
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk küçəsi,64 ünvanında yerləşən, fiziki şəxs Abdulla Zahid oğlu Qələndərova məxsus «Kaspi» kafesində dövlət nəzarəti tədbirləri aparılıb.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, müəssisədə natəmizlik hökm sürür, zibil yeşikləri açıq şəkildə mətbəxdə saxlanılır, soyuducuda ət qiyməsi, göyərti və digər məhsullar açıq şəkildə bir-birinin üzərinə qoyulmaqla saxlanılır, yeməklər texnoloji təlimat və reseptura olmadan alüminium qazanlarda hazırlanır və bir gün sonra müştərilərə təklif olunur.
Bundan başqa, istifadə olunan ət, toyuq, hind toyuğu, donuz ətinin baytarlıq şəhadətnamələri, ərzaq məhsulları və içkilərin uyğunluq sertifikatları yoxlamaya təqdim edilməyib. Həmçinin, kafedə menyunun olmadığı, mətbəxdə çalışan aşbazın təhsilini təsdiq edən sənədin olmadığı, aşbazın müvafiq geyimlə təmin olunmadığı aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı mal və qoyun əti qarışığından hazırlanmış qiymədən nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına təqdim edilib, mənşəyi məlum olmayan hər biri 3 kq olmaqla 2 balon qatıq, 4 balon qırmızı pomidor turşusu, 2 balon alça turşusu, hər biri 200 qram olan 14 stəkan qatıq aktlaşdırılaraq satışı, habelə müəssisədə kulinariya məmulatlarının hazırlanması və satışı qadağan edilib.