Muəllif:

Kartof qıtlığının səbəbləri açıqlanıb: əhali yaman çox istifadə edir…

Yaranmış kartof qıtlığının səbəbləri açıqlanıb. Kartof istehsalının potensialı geniş olsa da, mövcud tələbatın bir hissəsi idxal hesabına ödənilir.   Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutundan «Apa-Economics»ə bildirilib ki, «ölkədə kartofu hətta ildə üç dəfə becərmək imkanları olsa belə, daxili tələbat tam ödənilmir. Nəticədə, xaricdən kartof idxal olunur ki, bu da son vaxtlar yerli bazarda məhsulun bahalaşmasına səbəb olub».

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, qida səbətində əhalinin adambaşına kartof istehlakı 44 kq göstərilsə də, reallıqda bu rəqəm 100-110 kq-dır: «Yəni, əhalinin kartof istehlakı yüksəkdir».

İnstitut mütəxəssislərinin fikrincə, becərilən kartofun emalı zamanı məhsulun yarısı növbəti il üçün toxum kimi saxlanılır. Məsələn, 1 ha torpaq sahəsinə toxum kimi ən azı 3 ton kartofdan istifadə olunur. «Kartofun bir hissəsi əkin sahələrində itkiyə gedir, daha bir hissəsi anbarlarda məhv olur. Nəticədə, bazarda qıtlıq yaranır və Azərbaycan xaricdən kartof almaq məcburiyyətində qalır».

Ekspertlər hesab edirlər ki, ölkədəki mövcud istehsal potensialından düzgün və səmərəli istifadə etməklə bu problemin həllinə nail olmaq mümkündür. Məsələn, Cəlilabad rayonunda ildə iki dəfə məhsul götürmək mümkündür. Cənub bölgəsinin sakinləri fevralda əkilən kartofu iyunda, iyulda əkilən kartofu isə noyabrda yığırlar. Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun apardığı tədqiqatlar nəticəsində məlum olub ki, buradan ildə hətta üç dəfə məhsul götürmək mümkündür. Belə ki, qış əkini aparılarsa, may ayında da məhsul əldə etmək olar. Bu cür əkin aparılarsa, həm əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsinə nail olmaq mümkündür, həm də kartofun anbarlarda saxlanılmasına ehtiyac qalmayacaq.

Son vaxtlar kartofda xəstəliyin olması haqda yayılan xəbərlə bağlı İnstitutdan bildirilib ki, yerli sortlarda əsasən xəstəlik olmur. Digər dövlətlərlə müqayisədə Azərbaycanda kartof sortlarının yalnız 20%-i viruslarla zədələnib: «Biz toxum götürmək üçün əkini dağda aparırıq, burada məhsul bol olmasa da, zərərverici də olmur. Lakin fermerlər aranda əkin apardıqlarına görə, məhsulun bol olmasına baxmayaraq, keçirici viruslar da daha çox rast gəlinir».  

Mütəxəssislərin sözlərinə görə, viruslar əsasən xaricdən gətirilən kartofda olur: «Ölkədə vahid toxumçuluq sistemi yoxdur. İndi fermerlər istədikləri yerdən toxum gətirirlər və bununla bağlı heç bir yoxlama aparılmır. Əvvəllər isə ölkəyə toxum gətirən şəxs onun keyfiyyətinə və təmizliyinə görə məsuliyyət daşıyırdı».

Qeyd edək ki, ölkədə istifadə olunan kartof toxumlarının virus və xəstəliklərdən təmizlənməsi üçün Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda biotexnologiya laboratoriyası yaradılır. Bu mərkəz açılarsa, virusdan təmizlənmiş kartof toxumları əldə etmək mümkün olacaq. Bu yolla həm yerli toxumçuluq sahəsi inkişaf edəcək, həm də daha keyfiyyətli məhsul əldə etmək mümkün olacaq.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 165