Kafedən rüşvət istəmiş baş redaktora 3 il şərti cəza verildi
Sumqayıt Şəhər Məhkəməsində “İynə” satirik jurnalının həbsdə olan baş redaktoru Baloğlan Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə onu təqsirli bilib. Mirzəlinin vəkili Anar Qasımlının APA-ya verdiyi məlumata görə, hökmə əsasən, Mirzəli 2 il sınaq müddəti təyin olunmaqla 3 il şərti müddətinə şərti azadlıqdan məhrum edilib. O, məhkəmə zalından sərbəst buraxılıb.
Mirzəli Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları tərəfindən həbs olunub. O, 26 noyabr 2013-cü il tarixində izahat alınması üçün bölməyə çağırılıb və 28 noyabr 2013-cü il tarixdə haqqında bir ay müddətində həbs-qətimkan tədbiri seçilib. Buna səbəb kimi onun Bakı-Sumqayıt şosesində yerləşən “Turac” kafesinin sahibindən rüşvət istəməsi göstərilib.
Mirzəli CM 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunur.