Muəllif:

İxtisar olunan hər neftçi ARDNŞ-ə ildə $329 min qazanc gətirirdi

ARDNŞ-də ixtisarlar dalğası son günlər gündəmi zəbt edib. Təbii ki, istənilən ixtisar insanların sosial vəziyyəti üçün real təhlükədir. Azərbaycan kimi ölkələrdə isə əlverişli biznes mühitinin olmaması, özəl sektorun dövlət şirkətləri ilə haqsız rəqabət şəraitində fəaliyyət göstərməsi ona gətirib çıxarıb ki, insanların daha çox sığındığı yer dövlət qurumlarıdır. Təsadüfi deyil ki, muzdlu işçilərin 70%-dən çoxu dövlət şirkətlərində və büdcə təşkilatlarında çalışanlardır. 

ARDNŞ-də əmək haqları ölkə üzrə orta aylıq əmək haqqından da yüksək olub. Deməli, ixtisar təkcə adi bir muzdlunu yox, həm də yüksək maaş alan işçini “vuracaq”.  İqtisadçı Samir Əliyev deyir ki, hər bir halda iqtisadi baxımdan hazırki idarəetmə optimallıqdan çox uzaqdır və daha çox sovet modelini xatırladır:”Bir-birini təkrarlayan qurumlar, vəzifələr, ahtiyac olmayan işçi heyəti şirkətin izafi xərclərini artırır. Neft hasilatının getdikcə azalması tendensiyası və gələcəkdə “qara qızıl”ın ucuzlaşması proqnozları xərcləri minimallaşdırmağı tələb edir”.
Ayı-ayrı ekspertlər ARDNŞ-i bir sıra göstəricilər vasitəsilə ABƏŞ-lə müqayisədə edərək işçi heyətinin həddindən artıq şişməsini sübut ediblər. ARDNŞ-də işçi heyətinin tələb olunandan çox olmasını artıq şirkət rəhbərliyi də qəbul edir və artıq konkret addımlara da başlayıb. Bir sözlə, iqtisadi səmərəlilik yoxsa, sosial müdafiə dilleması artıq birincinin xeyrinə dəyişir.
Bu baxımdan iqtisadçı ARDNŞ-ki ixtisarlar fonunda qısa araşdırma apararaq dünyada məşhur olan neft nəhənglərinin işçi heyətinin sayını və həmin şirkətlərin illik gəlirlərinin nə qədər olmasını müəyyənləşdirməyə çalışıb. Onları diqqətiniz çatdırırıq.
Deməli Amerikanın neft nəhəngi — Exxon Mobil Corporation 82 min işçi çalışır və 2012-ci ildə illik qazancı $ 482,3 milyard təşkil edib. Hər işçiyə düşən illik qazancın həcmi $5,9 milyon olub.
Niderland-britaniya şirkəti olan Royal Dutch Shell neft-qaz şirkətində çalışan 90 min işçinin hər biri şirkətə 2012-ci ildə $5,3 milyon qazandırıb. Şirkətin illik dövriyyəsi $481 milyard olub.
2012-ci ildə $ 131,3 milyard qazanan Statoil norveç neft şirkətində 23 min işçi var. Hər işçiyə düşən illik qazancın həcmi $5,7 milyona bərabərdir.
Hər üç şirkət 2011-ci illə müqayisədə az gəlir götürüblər.
Fransanın Total SA şirkətinin 93 min işçisi var. 2012-ci ildə gəlirlərini 8% artıran şirkət $270,1 milyard qazanıb. Bununla da hər işçiyə düşən illik qazanc $2,9 milyon olub.
Meksikanın dövlət neft şirkəti — Pemek 155 min işçi ilə $125 milyard qazanıb. Hər işçiyə düşən illik qazancın həcmi $807 minə bərabərdir.
Qonşu Braziliyanın Petrobras şirkətində 85 min nəfər işçi var. Hər bir işçinin şirkətə illik “töhfəsi” $1,7 milyondur. Şirkətin illik qazancı isə $145 milyarda bərabərdir.
Rusiyanın nəhəng “Gazprom” enerji şirkətində 401 min nəfər çalışır. Şirkətin illik qazancı 117,6 milyard dollardır. Şimal qonşumuzun ikinci nəhəngi “Lukoyl” neft şirkətinin illik qazancı $111,4 milyard (2012), işçi heyəti isə 150 min nəfərdir. Gazpromda bir işçiyə düşən illik qazanc $293 min, “Lukoyl”da isə $743 mindir.
ABƏŞ-in əsas operatoru olan Britaniyanın bp şirkəti 2012-ci ildə ümumilikdə $383,571 milyard qazanıb. Bp şirkətinin dünya üzrə işçi heyəti 80 minə yaxındır ki, bunun da 3 mini Azərbaycanda çalışır. Hər işçiyə düşən illik qazancın həcmi $4,8 milyona bərabərdir.
Milli şirkətimiz olan ARDNŞ-in son ixtisarlara qədər 66,2 min işçisi olub və 2012-ci ildə ümumi gəlir $21,8 milyard olub. Dövlət neft şirkətində bir işçiyə düşən illik qazanc $329 min olub.
Adı çəkilən şirkətlərin əksəriyyəti transmilli neft nəhəngləridir. Təbii ki, ARDNŞ illik qazancı ilə həmin şirkətlərlə müqayisə oluna bilməz. Ancaq Əliyev hesab edir ki, idarəetmənin, o cümlədən işçi heyətinin optimallaşdırılması baxımından beynəlxalq standartlara yaxınlaşa bilər. “Hətta səmərəsiz idarəetməyə malik Meksikanın dövlət şirkəti Pemek də hər işçiyə düşən gəlir hesabı ilə ARDNŞ-i 2,5 dəfə üstələyir. ARDNŞ bu göstəriciyə görə əsasən qaz hasilatı üzrə ixtisaslaşan “Gazprom”a baxıb təskinlik tapa bilər. ARDNŞ hər bir halda işçi heyətinin sayını və tərkibini tələb olunan həddə qədər azaltmalıdır. Ancaq insanların sosial müdafiəsi baxımından ixtisar olunan işçiləri də unutmamalıdır”, — deyə iqtisadçı vurğuladı. O əlavə etdi ki, bu tipli ixtisarlar tezliklə digər dövlət və büdcə qurumlarını da əhatə edəcək

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 321