«İsmayıllı işi»: Keçmiş məmurların övladları şəhər sakinlərini “bağışlayıblar”
Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə proses davam edir. Bu gün Vüqar Ələkbərov (keçmiş əmək və əhalinin sosial müdafiəsi nazirinin oğlu) və onun qohumu Elxan Ələkbərov (İsmayıllı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Ələkbərovun oğlu) zərərçəkən qismində çıxış ediblər. Ələkbərov bildirib ki, 2013-cü il yanvarın 23-24-də yandırılan “Çıraq” oteli ona məxsus olub. Lakin mehmanxana “Vafi” turizm firmasının icarəsində olub. O əlavə edib ki, həmin vaxt Bakıda olub. Dəyən ziyana baxmayaraq, Ələkbərov bildirib ki, müttəhimlərə qarşı heç bir iddiası yoxdur.
Onun qohumu da deyib ki, hadisələr zamanı Bakıda olub. İğtişaşlar zamanı onun iki avtomobili yandırılıb, evin bir hissəsinə ziyan dəyib.
Lakin o da iddialardan imtina edib.
Sonra prokuror videomaterialları təqdim edib.
Öz növbəsində Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu və REAI hərəkatının lideri İlqar Məmmədovun vəkilləri onlarda, əsasən “Azadlıq” radiostansiyasında olan videoya baxmağı təklif ediblər. Bunun cavabında hakim deyib ki, “təqdim edin, baxarıq”.
Vəkil Fuad Ağayev jurnalist İdrak Abbasovun məhkəməyə çağırılmasına və onda olan videoya baxılmasına təkid edib. Lakin hakim qeyri-müəyyən şəkildə deyib ki, “gətirin onu, müzakirə edərik”.
Sonra ANS, ATV, Lider telekanallarının videokadrlarına, həmçinin bəzi müttəhimlərin dindirilməsinlə bağlı operativ çəkilişlərə baxış olub.
Telekanalların videolarında bəzi müttəhimlərin camaatın arasında olduğu görünüb, lakin onlar qanunazidd hərəkətlər etməyiblər.
Günün ikinci yarısında proses davam edəcək.
2013-cü il yanvarın 23-də İsmayıllıda “Çıraq” otelinin işçiləri sərxoş vəziyyətdə ikən qəza törədiblər və yerli sakinləri təhqir ediblər. Buna cavab olaraq qəzəblənmiş adamlar “Çıraq” otelini yandırıblar. Yanvarın 24-də polislə yerli sakinlər arasında qarşıdurma yaranıb. Sakinlər rayon rəhbərliyinin istefasını tələb ediblər. Məhkəmə qarşısında 18 nəfər, o cümlədən Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu və REAI hərəkatının lideri İlqar Məmmədov dayanıb (Turan).