İsmayıllı hadisələri üzrə 21 şahid dindirilib
Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam edib. Saat 13.00-dək 21 şahid dindirilib. Şahidlərin hamısı REAL Hərəkatının lideri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və digər müttəhimlərin heç birini hadisələr zamanı görmədiklərini bildirib.
2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində «Çıraq» hotelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov sərxoş vəziyyətdə özgənin əmlakına ziyan vurub və qərəzli xuliqanlıq hərəkətləri edib. Hadisə yerinə toplaşmış bir qrup şəxs onların hərəkətlərinə dözməyərək «Çıraq» hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə, daha sonra etirazlar edib. Etirazlar yanvarın 24-də yatırılıb. 18 nəfər həbs edilib.
Həbs olunanlar arasında etirazlar yatırıldıqdan sonra İsmayıllıya getmiş müxalif REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu da var. Onlar, həmçinin 16 nəfər rayon sakini Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.
Məhkəmə günortadan sonra şahidlərin dindirilməsi ilə davam edəcək. İş üzrə 100-dən çox şahid var.
Məhkəmə noyabrın 4-də başlayıb (Turan).