Muəllif:

İş həmişə var

Bu gün evdən xeyli tez çıxmışdım. Özümü tədbirə çatdırmaq istəyirdim. Alındı, amma şəhərdəki tıxaclarla hadisə yerinə çatanacan mənimki mənə dəydi. Bir ara az qaldı maşının ağzını çevirib elə birbaşa işə gedim, sonra maraq mənə güc gəldi. Həm də yuxuma haram qatmağım mənə yer eləyirdi. Sizi çox yormayım. Söhbət son zamanlar heç də Kiyev Maydanından az müzakirə mövzusu olmayan dini təriqətlərin fəallaşmasından gedir. Yox-yox, prezident dəftərxanasının bir hissəsinin təşəbbüsüylə keçirilən bu «mitinq», yəni görüş heç də bizimkilərin yad torpaqlarda döyüşməyə getməsi səbəblərinin araşdırılmasına həsr edilməmişdi, hərçənd çıxışlarda buna da xala-xətrin qalmasın deyə toxunuldu. Deyildi ki, bəs belələri vətənə salamat dönsələr, mütləq cəzalandırılacaqlar. Özü də bu məqsədlə xüsusi olaraq işlənib-hazırlanacaq qanunla. Guya köhnələri kifayət deyil. Bir də düşünmürəm ki, ölümdən qorxmayıb Suriya və Əfqanıstana döyüşməyə gedənlər həbsdən qorxsunlar.
Qələm əhlini «mitinq»ə çıxaranlar, deyəsən, öz haylarındadırlar, yəni söhbət kürsü davasından gedir. Heç birinin əl-üzünü yumaq fikrim yoxdur, özləri bilərlər. İstəyirlər «nurçu» olsunlar, istəyirlər «vahabi», təki adam olsunlar. Oturduqları kürsüyə isti oturacaq kimi baxmaqdan başqa, bu kürsünün üzərlərinə qoyduğu məsuliyyəti də arada bir yada salsınlar və ona olan borclarını da unutmasınlar…
***
Nə qədər qəribə olsa da, yerli TV-lərdən birində (reklam olmasın deyə, adını çəkmirəm) mahiyyətcə maraqlı olan bir verilişə baxdım. Aparıcı, gənc jurnalist hər həftə bir yerdə çalışır, müxtəlif peşələrdən söz açır. Yeni «priyom» olmasa da, maraqlıdır. Sonuncu dəfə o, məişət tullantılarının yığılması və utilizasiyası ilə məşğul olan insanlarla birgə işləyirdi. Amma mənim diqqətimi verilişin sloqanı daha çox çəkdi. Jurnalist burnunu tutub zibillik üfunətindən gileylənsə də deyirdi ki, «İŞ HƏMİŞƏ VAR».
Təxminən iki il bundan əvvəl Vyana bələdiyyəsinin dəvətilə Avstriyaya getmişdim. Avstriya-Azərbaycan biznes forumu ərəfəsində bizim mediada tədbirin piarını təşkil etmişdilər. Özümün getməyimin səbəbi isə onda idi ki, tərcüməçiləri yoxuymuş. Nə isə, əsrarəngiz Vyanaya üçgünlük səfərin tam bir gününü «zibilxanada» keçirəsi oldum, yəni məişət tullantılarının orada necə utilizasiya edilməsinin bütün incəliklərini mənə nümayiş etdirdilər. Bizim onlara çatmağımıza hələ çox var, çünki onlar zibilin hesabına şəhərin təxminən 70 faizini qışda istiliklə, digər vaxtlarda isə elektrik enerjisiylə təmin edirlər. Mən hələ zibildən sıxıb su çıxarmalarını demirəm.
Amma məni heyrətləndirən bu yox, bizə bələdçilik edən Vyana bələdiyyəsinin ictimaiyyətlə əlaqələr departamentinin işçisinin dedikləri oldu. Demə o, peşəkar jurnalist imiş. Bələdiyyəyə isə redaksiyadakı işini itirdiyindən sonra gəlibmiş. Yox-yox, onun işini itirməsinin bizdən fərqli olaraq heç bir ideoloji əsası yoxmuş, eləcə iqtisadi böhran səbəbindən ixtisara düşübmüş. Əlqərəz, qayıdım mətləbə. Məişət tullantıları zavodundan çıxanda o, mənim «bunlar da özlərinə iş tapıblar, bütün günü üfunət içindədirlər» sözümün cavabında dedi ki, «elə olmağına elədir, amma onlar ən kəskin iqtisadi böhran zamanı belə işlərini itirə bilməzlər, çünki ZİBİL HEÇ VAXT QURTARMIR».
İndi onun sözü olmasın, deyəsən, bizim jurnalistlərin, içi mən qarışıq, işi həmişə olacaq, çünki başdan ayağa zibilin içindəyik.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 588