İrandan 10 kq həşiş qatranı, 7 kq marixuana gətirmişdi, yaxası ələ keçdi
Bu bədbəxt İran vətəndaşı asan pul qazanmaq və yaxşı yaşamağın yolunu narkotik alverində görmüşdü, lakin yanılırdı. İrandan 10 kq həşiş qatranı gətirmişdi, yaxası ələ keçdi. Gətirdiyi «malı» gömrükçülərə təqdim edərkən qoluna qandal taxılıb. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Biləsuvar Gömrük İdarəsinə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İrandan əldə edilərək qaçaqmalçılıq yolu ilə gətirilib realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub. Müvafiq əməliyyat tədbiri nəticəsində mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçərək Azərbaycana gəlmiş İran vətəndaşı Museyibzadə Davud Yusif oğlu narkotik vasitənin alğı-satqısını gerçəkləşdirmək üçün gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirdiyi içərisində narkotik maddələr olan 2 ədəd torbanı şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satmaq istərkən əməliyyat qrupu tərəfindən saxlanılıb.
İkin istintaqla müəyyən edilib ki, Museyibzadə İran tərəfdə istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. Əldə edilmiş razılığa görə Parsabad (yəni Muğan) rayonunda cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvlərindən 7 kiloqram 315 qram olan qurudulmuş marixuananı, 9 kiloqram 910 qram olan narkotik vasitə həşiş qətranını sərhəd zolağının İmişli rayonu Qaragüvəndikli kəndi ərazisindən Azərbaycanın dövlət sərhədini qanunsuz keçməklə, qaçaqmalçılıq yolu ilə keçirib. Həmin kəndin ərazisində şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Museyibzadənin Azərbaycan Respublikası CM 206.3.2, 234.4.1, 234.4.3 və 318.2 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutularaq Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirildiyi bildirilir.