İqtisadi şaxələnmə üçün 15-20 il gərəkdir: bu siyasətin hədəflənmiş çərçivələri isə yoxdur
İqtisadi Təşəbbüslərə Yardım İB “Postneft dövrünə hazırlıq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi problemləri” məsələlərini araşdırıb. Birlik son 2-3 ildə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələlərini araşdırmaqla, bu sahədə təşviqat və vəkillik işləri ilə də məşğul olur.
Birliyin İH sədri Azər Mehtiyevin sözlərinə görə, 2013-cü ilin sonunadək Dövlət Neft Fonduna 81 milyard manatadək vəsait daxil olub ki, bunun da 51,2 milyard manatı yaxud 63,2 faizi artıq xərclənib. Bundan başqa, 2006-2013-cü illər ərzində ABƏŞ-in xətti ilə dövlət büdcəsinə 10,1 milyard manat daxil olub. Neft gəlirləri üzrə bu iki mənbədən 2013-cü ilin sonunadək ölkəmizin əldə etdiyi 91 milyard manat vəsaittin 61,3 milyard manatı (67,3 faizi) müxtəlif məqsədlərə sərf edilib.
Onun sözlərinə görə, neft gəlirlərinin həcmi dünya bazarında neftin qiymətləri ilə birbaşa bağlıdır, lakin son illər neftin dünya bazar qiymətləri ölkəmiz üçün sərfəli vəziyyətdədir. Mehtiyev büdcə gəlirlərinin neft sektorundan asılılığını xüsusilə vurğuladı: son illər dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu (55-60 faizi) Neft Fondunun transfertləri hesabına formalaşır. Bundan başqa, digər mənbələr üzrə də neft gəlirləri nəzərə alınarsa, dövlət büdcəsi gəlirlərinin 75-80 faizi birbaşa neft sektoru ilə əlaqəlidir. Neft gəlirlərinin istifadəsindən danışarkən o qeyd etdi ki, böyük neft gəlirləri ölkədə iqtisadi fəallığın yüksəldilməsində, ÜDM-in artımında, strateji valyuta ehtiyatlarının formalaşmasında və başqa sahələrdə əhəmiyyətli təsirə malikdir. Bununla yanaşı, neft gəlirləri manatın məzənnəsinin möhkəmlənməsi, inflyasiya prosesi, dövlət vəsaitlərinin istifadə edilməsində şəffaflığın olmaması və korrupsiyanın geniş yayılması kimi hallarla müşayət olunur.
Böyük neft gəlirlərinin daxil olmağa başladığı 2005-ci ilin büdcəsi ilə müqayisədə 2013-cü ilin büdcəsində dövlət investisiya xərcləri 43,2 dəfə artdığı halda, təhsil xərcləri 3,9 dəfə, səhiyyə xərcləri 5,4 dəfə, elm xərcləri isə 4,3 dəfə artıb.
Hazırda Azərbaycan neft hasilatının pik həddini keçib, bundan sonra hasilat azalmağa meylli olduğundan neft gəlirlərinin azalması baş verəcək. Büdcə gəlirlərinin azalmasının qarşısını almaq üçün ölkə iqtisadiyyatının qeyri-neft sahələrinin büdcəyə töhfəsini artırmaq üçün hökumət iqtisadi şaxələnmə siyasətini bəyan edib.
Birliyinin sədr müavini Rövşən Ağayev qeyd etdi ki, iqtisadi şaxələnmə sahəsində uğur qazanmış ölkələrin təcrübəsi göstərir ki, belə bir sahədə əməli nəticə əldə edilməsi üçün 15-20 il müddət lazımdır. Azərbaycan hökuməti bu istiqamətdə siyasətini son 4-5 ildə bəyan etsə də, hələ də bu siyasətin dəqiq hədəflənmiş məqsəd nəticələri və çərçivələri yoxdur. Bu da həm hökumətin həyata keçirdiyi tədbirlərin sistemsizliyində, həm də yaradılan institutların işində özünü biruzə verir.
Ağayev neft gəlirləri dövründə ölkə iqtisadiyyatında baş verən proseslərin statistik təhlili əsasında göstərdi ki, ölkəmiz, dəyəri 50 min dolları ötməyən dövriyyələr nəzərə alınmazsa, 2013-cü ildə 138 ölkə ilə ticarət əlaqəsi qurulub. Bu sırada neft ticarətinin olmadığı 102 ölkə ilə Azərbaycanın ticarət saldosu mənfi olub, neft ticarətinin olduğu 31 ölkə ilə neftin payı nəzərə alınmadıqda saldo mənfi olub.
Ağayev bildirdi ki, 2007-2013-cü illər dövründə Azərbaycanda dövlət büdcəsindən investisiya layihələrinə 32,5 milyard manat xərclənib. Təhsil və səhiyyə sektoru ilə bağlı investisiya layihələrinə həmin vəsaitin yalnız cəmi 1,5 mlyard manatı (və ya 4.8%-i) xərclənib. Büdcə investisiyalarından idman layihələrinə — 794.5 milyon, mədəniyyət və turizm layihələrinə — 1,5 milyard, aqrar sektora və melorasiya sisteminə 1,4 milyard, ARDNŞ-ə və “Azəriqaz”a — 1,1 milyard,AzAL-a — 895.0 milyon,Bakı şəhər İH-nin layihələrinə — 1,5 milyard, enerji sektoruna — 1,7 milyard, metropolitenə — 1,3 milyard, nəqliyyat layihələrinə — 7,0 milyard,Prezident Aparatına– 700.9 milyon və içməli su sektoruna — 2 milyard manat yönəldilib.
İqtisadi şaxələnmə siyasətini uğurla həyata keçirən Malayziya, Norveç və başqa ölkələrin təcrübəsinə istiadlar verən Ağayev ölkəmizdə yaradılan diversifikasiya institutlarının fəaliyyətini qiymətləndirdi və yaradılması zəruri olan institutlar barədə təkliflər verdi.