Muəllif:

İqtisadi Azadlıq İndeksinə görə dünyada 81-ci yerdəyik

«The Heritage Foundation» təşkilatı dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik «İqtisadi Azadlıq İndeksi — 2014» hesabatını («2014 Index of Economic Freedom») açıqlayıb. Hesabata əsasən, Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 178 ölkə arasında 81-ci yerdə qərarlaşıb. İqtisadi Azadlıq İndeksi müxtəlif göstəricilər əsasında hesablanır. Hesabata əsasən, Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 100 ballıq qiymətləndirmə sistemi ilə 61,3 bala malikdir. Son bir ildə Azərbaycanın göstəricisi 1,6 bal artıb. Nəticədə, Azərbaycan ilk dəfə olaraq «Orta azad» (Moderately Free) ölkələr qrupuna daxil edilib ki, bu da hesabat müəlliflərinin fikrincə, ölkədə həyata keçirilən əhəmiyyətli iqtisadi islahatların nəticəsidir.

Hesabatda bildirilir ki, 80,2-100 bal iqtisadiyyatın tam azad, 70,7-78,7 bal – əsasən azad, 60,0-69,9 bal — orta azad, 50,0-59,9 bal — əsasən azad olmayan, 1,0-49,9 bal isə iqtisadiyyatın təzyiq altında olduğunu göstərir.

Azərbaycan büdcə azadlığı üzrə 88,1 bal, pul siyasəti azadlığı üzrə 78,8 bal, əmək azadlığı üzrə 77,9 bal, ticarət azadlığı üzrə 77,2 bal, biznesin azadlığı üzrə 73,5 bal, dövlət xərcləri üzrə 64,8 bal, investisiya azadlığı üzrə 60,0 bal, maliyyə azadlığı üzrə 50,0 bal, korrupsiyadan azadlığı üzrə 22,7 bal və mülkiyyət hüquqları üzrə 20,0 bal toplayıb.

Budəfəki hesabata Honkonq (90,1 bal) başçılıq edir. Sonrakı yerlərdə Sinqapur (89,4 bal), Avstraliya (82,0 bal), İsveçrə (81,6 bal), Yeni Zelandiya (81,2 bal) və Kanada (80,2 bal) qərarlaşıb.

Hesabatda post-sovet ölkələri arasında ən yüksək göstərici Estoniyaya məxsusdur (11-ci yer). Qeyd edək ki, Gürcüstan 22-ci, Türkiyə 64-cü, İran 173-cü yerdə qərarlaşıb.

İqtisadi azadlıq sahəsində ən pis vəziyyət isə Şimali Koreya (1,0 bal, 178-ci yer), Kuba (28,7 bal, 177-ci yer) və Zimbabvedə (35,5 bal, 176-cı yer) müşahidə olunur.

Ümumiyyətlə, siyahıda haqqında məlumat olan ölkələrin 6-da iqtisadiyyat tam azad, 28-də əsasən azad, 56-da orta azad, 61-də əsasən azad olmayan, 27-də iqtisadiyyat təzyiq altında olduğu göstərilir.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 110