“İnter”in vurduğu qol isə kimlərəsə yaxşı pul qazandırıb
Qış fasiləsi dövründə Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyunlarından ikisi ilə bağlı araşdırmalara start başlanılıb. Apasport.az saytının məlumatına görə, nəticəsi şübhəli olduğu iddia edilən görüşlərdən biri Azərbaycan klubunun adı ilə bağlıdır.
Belə ki, Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) yerli hakimlərin idarə etdiyi 2 görüşdən şübhələnir. Həmin oyunlarda 85-ci və sonrakı dəqiqələrdə qolun vurulmasının əvvəlcədən planlaşdırıldığı ehtimal edilir.
Bu görüşlərdən birində Bakı “İnter”i Almaniyanın “Arminiya” klubu ilə qarşılaşıb. 2:2 hesabı ilə başa çatan görüşün 85-ci dəqiqəsində qol vurulacağına pul qoyuluşu edilməsi diqqət çəkib. Oyunun həmin anında da referi almanların qapısına penalti təyin edib. “İnter”in vurduğu qol isə kimlərəsə yaxşı pul qazandırıb.
Digər matç isə Almaniya “Paderborn”u ilə Rusiya “Rubin”inin yoxlama oyunudur. Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun komandası 1:2 hesabı ilə uduzduğu matçın son 5 dəqiqəsində şübhəli penaltidən qol vurub. Burada da son dəqiqə qoluna pul qoyulubmuş. Araşdırma ilə bağlı məhkəməyə də məlumat verilib.