Muəllif:

İngilislərin «Mavi kitab»ından başlanan «erməni genosidi»

Ermənilər bu apreldə də ABŞ prezidentindən həsrətlə gözlədikləri «genosid» kəlməsini eşitmədilər. Barak Obama «böyük fəlakət» dedi, bu mövzuda gözlənilmədən danışan Türkiyənin baş naziri isə həmin fəlakətin səbəbini və baş vermə şəraitini dəqiqləşdirdi.
Düzdür, Rəcəb Tayyip Ərdoğanın müraciəti qardaş ölkədə və bizdə birmənalı qarşılanmadı, hətta onu qınayanlar, milli maraqlara xəyanətdə ittiham edənlər də oldu. Emosional dalğada bu fikirlərin bəziləri haqlı kimi görünsə də, siyasi baxımdan müraciətdə xeyli sağlam rüşeymlər var. Əvvəla, baş nazir «soyqırım» iddialarını rədd edərək çox aydın dildə bildirib ki, 1915-ci ildə məcburi köç olub və bu prosesdə yaşanan acı xatirələr hamımızın ortaq dərdidir». Bu cəsarətli və riskli yanaşma nə qədər qalmaqallı görünsə də, həqiqi tarixi öz adı ilə, yəni «məcburi köç» kimi təqdim edir. Ona görə də bu addımı Türkiyənin geri çəkilməsi və ya hansısa yalançı «soyqırım»ı «etiraf» etməsi kimi qiymətləndirmək olmaz. Əksinə, Ərdoğanın bu bəyanatı ermənilərə və onların himayədarlarına «yalanı deyil, tarixi həqiqətləri qəbul edin» çağırışıdır.
Tarixin olub-keçənləri qiymətləndirmək üçün gerçəklik deyilən bir meyarı və meyarla yanaşdıqda Türkiyə üçün çox ağır hərbi-siyasi şəraitdə xəyanət yolunu tutmuş erməni siyasətçilərinin minlərlə insanın, o cümlədən öz günahsız soydaşlarının faciəli ölümünə səbəb olması üzə çıxacaq. Burada hansı genosiddən söhbət gedə bilər? 1915-ci il faciəsinin genosidin BMT-nin xüsusi konvensiyasında (1951) verilən hüquqi izahı ilə heç bir əlaqəsi yoxdur. Həmin izaha görə, genosid cinayəti hər hansı bir milli, etnik və ya dini qrupu xüsusi məqsədlə planlı şəkildə tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən əməldir. Tarix boyu Türkiyədə xüsusi imtiyazları olmuş, həmişə cəmiyyətdə yaxşı mövqelər tutmuş erməniləri, doğrudanmı, Osmanlı imperiyası bir millət kimi məhv etmək niyyəti güdüb? Tarix bu suala hadisələrin Türkiyə üçün kədərli xronikası ilə cavab verir.
* * *
1914-cü il noyabrın əvvəllərində Rusiya Osmanlı imperiyasına müharibə elan etdi və türklər Birinci Dünya savaşına girdi. Dekabr ayında Türk ordusu Qars istiqamətində ağır məğlubiyyətə uğrayaraq Van tərəfə çəkiləndə «Daşnaksütyun» partiyasının çiçəyi çırtladı, rusların İran sərhədi ilə Şərqi Anadoluya doğru irəliləməsi erməniləri daha da ümidləndirdi. Onlar vətəndaşı olduqları Türkiyəni parçalayaraq bu ərazidə erməni dövləti yaratmaq üçün tarixi fürsətin yetişdiyini güman edirdilər. Odur ki, noyabrın sonlarından ermənilər ruslara dəstək üçün hərəkətə keçmiş və Vanda partizan dəstələri yaratmağa, iğtişaşlar törətməyə başlamışdılar. Həmin dövrdə türk parlamentinin deputatı, daşnak Qaregin Bastermacyan erməni könüllülərindən ibarət dəstələr təşkil etmək üçün ruslar tərəfə keçmişdi. Tezliklə Zeytunda, Maraşda, daha sonra fevralda Bitlisdə və Muşda, martda isə əhalinin 42 faizi erməni olan Vanda üsyan qalxdı. Muş qiyamında parlamentin deputatı, sonradan ruslar tərəfə keçmiş Papazyan da iştirak edirdi. Üsyanların geniş vüsət almasından narahat olan Türkiyə ordusunun baş qərargahı 1915-ci il fevralın 25-də bütün hissələrə erməniləri hərbi xidmətə çağırmamaq, xidmətdə olanların isə silahlarını almaq barədə təlimat vermiş, lakin bu, nəticəsiz qalmışdı. Artıq aprelin ortalarında Sivas qubernatoru mərkəzə göndərdiyi teleqramda silahlanmış 30 min ermənidən yarısının rus ordusuna qoşulduğunu, yarısının isə türk ordusuna arxadan hücuma hazırlaşdığını həyəcanla xəbər verirdi. Van qubernatoru isə vəziyyətə nəzarət edə bilmədiyindən şikayətlənərək, bölgədə 4 min üsyançının cəmləşdiyini bildirirdi.
Erməni siyasi təşkilatlarının üsyançılarla və Türkiyənin düşmənləri ilə birləşdiyinə dair çoxlu fakta malik olan hökumət 1915-ci il aprelin 24-də böyük şəhərlərdə erməni komitələrini bağladı və rəhbərlərini həbs etdi (ermənilər məhz bu tarixi «genosid» günü kimi qeyd edir). Lakin bu sərt addım da Şərqi Anadoluda erməni qiyamlarını dayandıra bilmədi. Bölgə üzərində nəzarəti tamamilə itirmək təhlükəsinin reallaşdığını görən müdafiə naziri Ənvər paşa mayın 2-də daxili işlər naziri Tələt paşaya erməniləri ya tamamilə ölkədən qovub çıxarmaq (Rusiyanın müsəlmanları zorla Türkiyə ərazisinə qovmasına cavab olaraq), ya da Anadolunun müxtəlif rayonlarında yerləşdirmək barədə yazılı müraciət göndərdi. Amma hökumət bu təkliflərə cavab verməyə tələsmədi.
Bölgədə hərbi vəziyyət isə daha da gərginləşirdi. Sıralarında çoxlu sayda erməni könüllüləri olan Rusiyanın Qafqaz ordusu mayın 11-də Van istiqamətində hücuma başladı. Mayın 14-də Vana çatan rus-erməni birləşmələri növbəti iki gündə müsəlman əhalisinin kütləvi qırğınını təşkil etdilər… Vanda rusların himayəsi altında erməni dövləti quruldu. Mayın 18-də rus çarı II Nikolay «sədaqət nümayiş etdirdiklərinə görə» Van ermənilərinə minnətdarlığını bildirdi və daşnakların nümayəndəsi Aram Manukyanı qubernator elan etdi.
Beləliklə, bəlli olur ki, türklər iki cəbhədə Antanta ordusuna qarşı ağır döyüşlərdə ikən Şərqi Anadoluda yaşayan erməni azlığı üsyan qaldıraraq torpaqları boşaltmaq üçün müsəlmanları qırır, yurdlarından qovur, rusların himayəsi altında özlərinə dövlət qururdular. Hətta bu kritik vəziyyətdə də Osmanlı İmperiyasının bir xalq kimi erməniləri məhv etmək siyasətinə əl atdığı görünmür, yeganə çarə kimi hökumət bu şəraitdə, nəhayət, erməni əhalisinin köçürülməsinə qərar verir.
Mayın 18-də mərkəzdən Ərzurumun, Van gölü ətrafındakı vilayətlərin qubernatorlarına ermənilərin Mosul, Urfa və Zor istiqamətində kütləvi şəkildə köçürülməsinə başlamaq haqqında şifrli teleqramlar göndərilir. Teleqramlarda yerli hakimiyyət orqanlarına «köçürülənləri və onların əmlakını qorumaq, yolboyu ərzaqla və istirahət imkanı ilə təmin etmək» tapşırılırdı. Fəqət gerçəklik tamamilə fərqli oldu. Hökumət müharibə şəraitində öz sərəncamlarının yerinə yetirilməsini təmin edə, deportasiya üçün lazımi şərait yarada bilmədi, köçürülənlər yolda hücumlara məruz qalır, qisasçılar tərəfindən öldürülürdülər. Bu qisasçılığa rus qoşunlarının tərkibində, yaxud ayrı-ayrı üsyançı qruplar şəklində fəaliyyət göstərən erməni silahlı dəstələrinin türk əhalisi ilə qəddar davranışı rəvac verirdi.
Köçürmə zamanı baş verən faciəvi olaylar ermənilərə və Türkiyəni parçalamağa çalışan dövlətlərə əks-təbliğat üçün yeni şans verdi. Avropada, Amerikada, Rusiyada türklərə qarşı böyük təbliğat kampaniyası başlandı. 1916-cı ildə İngiltərə XİN-in nəzarətindəki rəsmi nəşrlər idarəsində yazılmış və bütün dünyaya yayılmış «Mavi kitab» bu məsələdə böyük rol oynadı. Əsərdə erməni «şahidlərin» dilindən «vəhşiliklər» təsvir olunur, ermənilər isə günahsız qurbanlar kimi göstərilirdi. Kitabın hazırlanmasında yaxından iştirak etmiş, məşhur tarixçi A.Toynbi bir neçə il sonra «Yunanıstanda və Türkiyədə Qərb məsələsi» əsərində etiraf etdi ki, «Mavi kitab» ruhlandırıcı «hərbi təbliğat» silahı kimi hazırlanmışdı. İndi yüz ildir ermənilərin «genosidə» dair bütün fəaliyyətləri bu «kitaba» əsaslanır.
* * *
2015-ci ildə ermənilər «genosid» iddialarının yüz illiyini qeyd edəcək və təbii ki, bununla bağlı böyük siyasi kampaniya aparacaq, faciənin «soyqırım» kimi tanınması istiqamətində səylərini davam etdirəcəklər. Türkiyə buna hazır olmalı, hətta təşəbbüsü ələ almalı, 1915-ci il olaylarına dair beynəlxalq konfranslar keçirməli, dünya tarixçilərini bu işə qoşmalı, Ərdoğanın bəyanatında anonsu verilən faciənin baş verdiyi tarixi-siyasi şəraiti izah etməlidir. Təbii ki, ermənilərin vaxtilə himayəsində firavan yaşadıqları Osmanlı dövlətinə qarşı xəyanətləri, separatçılıq və pozuculuq fəaliyyətləri, Türkiyənin şərq əyalətlərində, İran ərazisində, o cümlədən Qafqazda və Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər də anladılmalıdır. Yəni Türkiyə hökumətinin «genosid»lə bağlı konkret və davamlı siyasəti olacaqsa, o zaman ermənilərin və bütün dünyanın tarixi reallığı qəbul etməsi reallaşacaq. Əks-təqdirdə Ərdoğanın «məcburi köç» bəyanatı havadan asılı qalacaq və Ankara «genosid» müharibəsində daim məğlub durumda görünəcəkdir.
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 594