Muəllif:

İlkin Həsəni: “Özünü ağıllı göstərməyə çalışan aparıcılar, sadəcə, gülüş obyektinə çevrilirlər”

Tele-aparıcı, “Bozbaş pictures”in layihə rəhbəri olan İlkin Həsəni yeni ideyaları ilə son illər çalışdığı telekanalrda rekord təzələyir. Amma tamaşaçısı İlkinin efirdən kənar məşğuliyyətlərindən xəbərsizdir. Tele-aparıcı ilə bu və digər movzularda söhbət etdik:

— İxtisasca televiziya rejissoru, peşəkar fotoqraf İlkin Həsəni. Amma tamaşaçı sizi, sadəcə, aparıcı kimi tanıyır. Niyə bu tərəflərinizi gizlədirsiniz?
— Birinci kursda kinooperator təhsili aldım, sonra “Rejissorluq sənəti” fakültəsinə keçdim. Onda bizə foto dərsi də keçirdilər. O zaman foto ilə bağlı incə məqamları öyrənmişdim. Elə o vaxtdan fotoya marağım var. Sizə bir sirr açım. Fikrim var ki, yaxın aylarda 2000-2001-ci ildə fotolentlə çəkdiyim şəkilləridən ibarət sərgi təşkil edim.

— Bir az “Evolution” jurnalı haqqında məlumat verin. İdeya kim tərəfindən gəldi?

— Hazırda istər incəsənət, istərsə də şou sahəsinə xidmət edən çox sayda jurnallar var. Fikirləşdim ki, bu gün texnologiyaya, oyunlara tələbat daha çoxdur. Ona görə də belə bir jurnal yaratmaq qərarına  gəldim. İndi jurnalla bağlı hazırlıqlar gedir, fevral ayında işıq üzü görəcək.

Hələ də ürəyinizdə qalan, reallaşdıra bilmədiyiniz layihə var?

— Bəli, neçə illərdir bir layihəni reallaşdırmaq istəyirəm. Nəhayət ki, yaxın həftələrdə həmin layihə ekranlarda olacaq. Bu həm ciddi, həm də yumor dolu bir layihədir. Adı isə belədir: “Danışır, Bakı”. Verilişin 4 aparıcısı olacaq.

Aparıcılıqla yanaşı, bizneslə də məşğulsunuz.

— 2009-2011- ci illərdə restoran və klub biznesi ilə məşğul olurdum. Hazırda “İlk Media” adlı yeni şirkət yaratmışam. Bu şirkət reklam çarxları, hansısa şirkətin tanıdılması və promoaksiyalarla bağlı fəaliyyət göstərir.

— Teleaparıcılarda bəyənmədiyiniz xüsusiyyətlər nədir?

— İndiki aparıcıların əksəriyyətində “mənəm-mənəmlik” ideyası xoşuma gəlmir. Özünü ağıllı göstərməyə çalışan aparıcılar, sadəcə, gülüş obyektinə çevrilirlər. Tamaçaçı efirdə sadəlik və səmimiliyi sevir və həmişə onu axtarır, çünki indi buna daha çox ehtiyac var.

— Sizcə, bu gün yerli kanallarda nə çatışmır?

— Əslində çox şeylər çatışmır, yerli telekanallar günbəgün öz tamaşaçısını itirir. Mənim fikrimcə, Türkiyə və Rusiya telekanalları, artıq həmin o auditoriyanı zəbt edib.

— Şou proqramlarda, toylarda başınıza gələn maraqlı hadisə…

-Bir dəfə müğənni Zamiqlə toy aparırdıq. Ev yiyəsinin başı o qədər qarışıq idi ki, toyun sonunda mənə yaxınlaşıb: “Sağol Zamiq, yaxşı oxudun” dedi. Zamiqə yaxınlaşanda isə: “Ay bala, sən kimsən?” — deyə soruşdu (gülür).

— “Şəmi” obrazından sonra bəzi müğənnilər özlərinə düzəliş verdilər?

— “Şəmi”- 2004-ci ildə sırf təsadüf nəticəsində ortaya çıxan obrazdır. Biz “Şəmi” ilə “Şöşü”obrazlarını efir üçün deyil, ATV-nin kooperativ tədbiri üçün hazırlamışdıq. Həmin gün maraqlı hadisə də olmuşdu. Mən həmin geyimdə olanda iş yoldaşlarımdan biri məni tanımamışdı. Mənə yaxınlaşaraq: “İlkin haradadır?” -sualını verdi. Deyəndə ki, mənəm İlkindir, o inanmadı. Daha sonra bu obraz rəhbərliyin də rəğbətini qazandı və biz onu efirə çıxardıq.

— “Bozbash Pictures”də yeniliklər olacaq?

— Bəli, yeniliklər var. Artıq 15 rayonda çəkilişlərimiz olub. İndi də çəkilişləri ölkə hüdudlarından kənarda etmək istəyirik. Yaxın günlərdə “Bozbash Pictures” komandası ilə Dubay və Gürcüstanda olduq. Növbəti səfəri isə Dağıstana planlaşdırırıq.

— Sizi yerli və əcnəbi aparıcılardan daha çox kiminlə müqayisə edirlər?

— Fiziki görünüşcə deyil, sadəcə efir mədəniyyətinə görə daha çox türk teleaparıcı Acun Ilıcalıya bənzədirlər.

— Bəs ən çox sevdiyiniz məşhur kimdir? Hansı ki, onu həmişə izləməyə çalışırsınız?

— Rusiyalı teleaparıcı İvan Urqant. Çalışıram  ki, onun heç bir efirini qaçırmayım.

— Siz sosial şəbəkələrədə çox aktivsiniz. Sizcə, bu gün azərbaycanlı “Facebook” istifadəçiləri kimdir?

— Onları müxtəlif kateqoriyalara bölmək olar. Məsələn: çoxluq təşkil edən bir qrup istifadəçilər var ki, ancaq mənfi şərhlər yazırlar, onları şərti olaraq “hater” adlandırmaq olar. Siz əgər gözəl bir gül şəklini də Facebook-da yerləşdirsəniz, onlar mütləq mənfi şərh yazacaqlar. Digər bir qrup 10-15 yaş arası istifadəçilərdir ki, nəsə yazmaq xatirinə yazırlar. Ancaq tanışlıq məqsədi ilə istifadə edənlər də var. Digər qrupa isə normal sosial şəbəkə kimi istifadə edənlər daxildir. Mən özümü axırıncı qrupa aid edirəm.

— Tanınmış teleaparıcı Aynur Talıbova bir müddət əvvəl bəyan etdi ki, bu gün Rusiyada erməni Qarik Martirosyan kimi ölkəsini güclü təmsil edən azərbaycanlı aparıcı yoxdur. Buna münasibətiniz necədir?

— Təbii ki bu siyasətdir, ruslar hansısa erməni aparıcını qoyub, azərbaycanlını belə yüksək səviyyədə təbliğ etməzlər. Məsələn, bizdə də eyni layihədə həm rus, həm də türk vətəndaşı olsa, sözsüz  ki, biz, ilk növbədə, türkə dəstək olacağıq. Rusiyada ermənilərin irəli çəkilməsi elə bununla bağlıdır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 783