Muəllif:

İlkin günahdan can qurtarmalıyıq

Ankara

Azərbaycan ümumi vergi bəyannaməsi tətbiqinə hazırlaşır. Amma maliyyə amnistiyası olmadan gəlirlərin bəyan edilməsinə keçmək olmaz. Bu barədə bu günlərdə Bakıda keçirilən «Azərbaycan vergi sistemi: reallıqlar və perspektivlər » III vergi forumunda KİV üçün brifinqdə vergilər naziri Fazil Məmmədov danışıb.
«Bu, bir çox prosedurların hazırlanmasını tələb edən böyük layihədir. Gəlirlərin tam leqallaşması üçün maliyyə amnistiyası labüddür»,- deyə o bildirib. Nazir qeyd edib ki, rəhbərlik etdiyi qurum vətəndaşlar üçün ümumi bəyannamə sisteminin tətbiqi üçün işlər görür.
Vergilər Nazirliyi vergi bəyannaməsi tətbiqinin elan ediləcəyini açıqlamır. İqtisadi Təşəbbüslərə Yardım İB sədri Azər Mehdiyev «Turan»a bildirib ki, maliyyə amnistiyası vergi intizamı və vergidən kütləvi yayınmanın qarşısını almaq üçün zəruri addımdır. Qanunsuz, gizlədilən gəlirlər leqallaşdırılmadan bu məqsədə çatmaq olmaz. İqtisadçının fikrincə, beynəlxalq praktikada müxtəlif yanaşmalar var. Bir çox hallarda o, sahibkarlıq subyektlərinə və dövlət vəzifəsi olmayan vətəndaşlara tətbiq edilir. Maliyyə amnistiyası dövlət qulluqçularına və cinayət yolu ilə əldə edilən qazanclara tətbiq edilə bilməz, deyə Mehdiyev qeyd edib.
Uzun sözün qısası, burada söhbət oğrunun bağışlanmasından gedir. Özü də nəticə etibarı ilə, sənin, mənim, onun, yəni bizim hamımızın cibinə girib oğurluq edən şəxslərdən gedir.
Bir lətifə yadıma düşdü. Hakim Məmməddən soruşur: «Oğurluq edəndə heç ananın halını fikirləşdinmi?». «Çox fikirləşdim. Amma ona bu oğurluq əməliyyatındakı hansı vəzifəni tapşıra biləcəyimi fikirləşib tapa bilmədim».
Əslində oğurluq insanın ən qədim «peşəsi» və ya ilk günahıdır. Hər şey alma oğurluğundan başladı və indiyə qədər davam edir. Quran: «Oğru kişi və qadının, etdikləri əmələ görə Allah tərəfindən cəza olaraq əllərini kəsin. Allah izzət və hikmət sahibidir». (Maidə, ayə 38)
Amma çox maraqlıdır ki, Adəmin əli kəsilmədi. Əslində qanunun geriyə işləməsi baxımından çox ədalətli yanaşmadı. Və nəticədə Adəm yalnız cənnətdən qovuldu. Belə çıxır ki, insan övladı, yəni bizim hamımız mümkün ola biləcək ən böyük suçun, günahın «məhsuluyuq». Yəni suç və günah işlətmək Allah bəndəsinin xislətindədir.
Bəlkə elə ona görə də yuxarıda haqqında danışdığım Məmmədi narahat edən ən böyük problem anasının oğurluqdakı rolunu düşünüb tapa bilməməsidir.
Dəyərlər və cəza
Yaradan bizi oğurluqdan bu iki vasitə ilə çəkindirməyə çalışır. Dəyərlərə qiymət vermiş olsaydıq, ulu bababız cənnətdən qovulmazdı. Cəza oğurluğa qarşı mübarizədə çox önəmli vasitədir. Amma təəssüflər olsun ki, oğurluğun qarşısını ala biləcək vasitə deyil. Orta əsrlərdə Londonda oğruları məşhur Tauer meydanında edam edirlərmiş. O dönəmin «statistika»sına görə, ən çox oğurluq da elə bu edam mərasimləri zamanı olurmuş. Çünki meydanda bu «tamaşaya» baxmağa minlərlə adam toplandığından cibgirlər üçün «ideal iş şəraiti» yaradılırmış.
Mən oğurluq üçün cəzaların ləğv edilməsini təklif etmirəm. Lakin cəza ilə yanaşı maraq oğurluğun səviyyəsinin minimuma endirilməsində güclü stimul ola bilər. Azgözlük də Allah bəndəsinin xislətindədir. Buna görə də elə bir şərait yaradılmalıdır ki, biz oğurluqda deyil, oğurluq etməməkdə maraqlı olaq.
1992-ci ilin yayında prezident Elçibəy maliyyə amnistiyası elan etmişdi. Amma o zaman aktın tətbiqinin monitorinqi aparılmamışdı.
Əgər səhv etmirəmsə, oxşar addım Heydər Əliyevin prezidentliyi dövründə də atılmışdı. Amma o zamanlar bu aktların tətbiqinin monitorinqi aparılmamışdı.
Amma bu addımlar uğursuzluğa məhkum idi. Birincisi, Elçibəyin maliyyə amnistiyası pozitiv də olsa, əslində vaxtından əvvəl atılmış addım idi. Azərbaycanda «ilkin kapital yığımı» prosesi nəinki bitməmişdi, hətta deyərdim ki, yeni başlamışdı. «İlkin kapital yığımı» prosesi başa çatmadan, yəni oğurluq üçün «təbii» ideal şərait bitmədən bu tip amnistiyaların səmərəsi olmur.
İkincisi, indinin özündə də bu addım uğursuzluğa məhkumdur. Ən əsas səbəb də ondan ibarətdir ki, insanlar oğurluq etməkdə çox maraqlıdırlar. Əvvəla, xırdasından başlayaq. Mövcud şərait, ilk növbədə qanunlar, yəni vergilər, gömrük tarifləri və hamımızın bildiyi «Azərbaycan gerçəkləri» insanları oğurluğa «məcbur edir». Yəni Azərbaycanda vicdanla, oğurluq etmədən var-dövlət qazanmaq mümkün deyil. Ya ac-yalavac kasıb olmalısan, ya da oğru. İqtisadi fəaliyyəti reqlamentləşdirən qanunlar dəyişdirilməlidir. Ən böyük problem isə dövlətin idarə edilməsi sistemindədir. Heç kimə sirr deyil ki, Azərbaycan adlanan «şirkətin» səhmlər nəzarət paketi hakim elitanın bel sütununu təşkil edən bir neçə ailənin əlindədir. Və bu bir neçə ailə özünü ölkənin bütün var-dövlətinin şəriksiz sahibi sayır.
Elan ediləcək maliyyə amnistiyasının məzmunu iqtidarın kimlərəsə, amma bilmirəm kimlərə, aşağıdakı müraciətindən ibarətdir:»Biz sizin günahınızdan keçməyə hazırıq. Amma bundan sonra vicdanla yaşayın. Oğurluq etməyin».
Əslində maliyyə amnistiyasının əsas subyekti hakim elitanın özü olmalıdır. Çünki yuxarıda dediyim kimi, səhmlərin nəzarət paketi bu məhdud bir qrupun əlindədir. Özü də bu gün korrupsiya adlandırdığımız həyatımızın bu sferasının bir çox təzahür formaları var: büdcə vəsaitlərinin birbaşa talan edilməsi, dövlət sifarişlərinin proteksiya ilə verilməsi, inhisarçılıq, ədalətli rəqabət üçün şəraitin olmaması və sairə. Bütün bunlara şərait yaradan isə hakimiyyət üzərində mütləq inhisardır. Əyani bir misal gətirim.
«Turan» İA-nın verdiyi məlumata görə, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarının təhlili göstərir ki, ölkədə qeydiyyatdan keçən yeni şirkətlərin tam əksəriyyəti bir qrup şəxs tərəfindən təsis olunur. Məlumatlı mənbələr həmin şəxslərin Azərbaycanın gömrük orqanı ilə qeyri-rəsmi əlaqədə olduğunu, idxal əməliyyatlarının onlar üzərindən aparıldığını iddia edirlər. «Turan» İA-nın təhlillərinə əsasən, təkcə 2013-cü il noyabr ayının 18-dən bu il yanvar ayının 9-dək olan dövr ərzində ölkədə 1502 şirkət yaradılıb. Onların təqribən yarısı, yəni 700-ü 20 nəfərin «məhsuludur». Bir qayda olaraq bu şirkətlərin nizamnamə kapitalı 5-10 manat arasında dəyişir. Kommersiya hüquqi şəxslərin reyestrinə daxil edilən bu kasad məlumatlar təsdiq edir ki, gün ərzində bu şəxslərin adına ölkənin müxtəlif regionlarında bir neçə şirkət yaradılır. Yəni eyni şəxs, məsələn, Əbülfəz İnşalla oğlu Məmmədov həm Bakıda, həm də respublakanın daha üç bölgəsində (Zaqatala, Sabirabad və Gədəbəy) saysız-hesabsız şirkətlər yaradır. Hesablamalara görə, təkcə bu şəxs yuxarıda qeyd olunan tarixlərdə 63 şirkəti dövlət qeydiyyatına aldırmağa müvəffəq olub. Başqa sözlə desək, yuxarıda qeyd olunan tarixlərdəki 34 iş günü ərzində həmin şəxs hər gün orta hesabla 2 şirkət «istehsal edib».
18 noyabr-9 yanvar tarixlərində daha çox şirkət yaratmaq yarışmasında isə birincilik Ağarəhim Qəribşah oğlu Məmmədova məxsusdur — 76 şirkət. «Turan» agentliyi bu şəxsin daha əvvəlki dövrdə də çoxsaylı şirkətlər yaratdığını və onların direktoru vəzifəsini daşıdığını yazmışdı.
Şirkət yaratmaqda ad çıxarmış şəxslər sırasında Teymur Mömin oğlu Əliyev (69 şirkət), Fərqan Etibar oğlu Cəfərli (74), Elvin Cəmil oğlu Əsgərov (67), Mehman Canmirzə oğlu Mirzəliyev (35), Allahyar Adışil oğlu Mirzəyev (31), Şamil Ramazan oğlu Qandayev (36), Aqil Dadaş oğlu Dadaşov (18), Səyyad Mirhəsən oğlu Hüseynov (14) da var. Ölkənin müxtəlif bölgələrində çoxsaylı şirkətlər yaratmaqla onlar bir növ «regional inkişafa dəstək verirlər». Əslində isə bu cür «regional şaxələnmə» əsl məqsədin ört-basdır edilməsinə yönəlmiş bir manevrdir. Bu mənadə qeyd olunan şəxslərdən birinin yaratdığı şirkətlərdən birinin adı — «Blef» MMC — hər şeyin mahiyyətini açır.
Qəribə deyilmi? Bir insan bu qədər şirkəti necə idarə edə bilər? Adlarını ilk dəfə eşitdiyimiz bu şəxslərə bu qədər şirkət adı kolleksiya üçünmü lazımdır? Axı fəaliyyət göstərməyən şirkətin hesabatını ən azı üç dövlət orqanına mütəmadi təqdim etmək az resurs tələb etmir. Adının açıqlanmasını istəməyən mənbə «Turan»a bildirib ki, bu cür şirkətlər Azərbaycana gətirilən malların gömrük rəsmiləşdirilməsi üçün yaradılır.
«Əbülfəz Məmmədovu tanıyıram. Ayrı-ayrı şəxslərin Azərbaycana gətirdikləri malların bir hissəsi onun şirkətlərinin adına rəsmiləşdirilməklə ölkəyə buraxılır. Təbii ki, dəyəri milyardlarla dollarla ölçülən bütün malları bir nəfər üzərindən keçirmək əlverişli deyil. Ona görə də çoxlu belə «beşgünlük» şirkətlər yaradılır», — deyə mənbə bildirib.
Qurulan piramidanın təməlində Azərbaycan gömrüyünün formalaşdırdığı inhisarçılıq dayanır. Belə ki, Azərbaycanda bütün mal çeşidləri müəyyən şəxslərin inhisarındadır və onların nəzarətindən kənarda heç kəs ölkəyə mal gətirə bilməz. Tələb olunan «oyun şərtləri» ilə razılaşmadıqda isə mal aylarla gömrükdə ilişib qala bilər.
Mənbənin sözlərinə görə, qurama şirkətlərin üzərindən ötürülən mallar üzrə ödənilən əlavə dəyər vergisi sonrakı mərhələdə nağdlaşdırılaraq mənimsənilir. Deməli, iqtidar etiraf, «özünü bağışlamaq» və özünü cəmiyyətə bağışlatmaq gücünə malik olmalıdır. Cəmiyyət də bağışlamaq gücünü özündə tapmalıdır. Başqa sözlə desək, maliyyə amnistiyası iqtidarın özündən başlamalıdır. Bütün mal-dövlət, mülkiyyət leqallaşdırılmalıdır. Əks təqdirdə, gerçək heç bir nəticə əldə edilməyəcək. Lakin bu da kifayət deyil.
Nəzarət sistemləri, özü də ilk növbədə siyasi iqtidar üzərində effektiv nəzarət sistemləri olmayan ölkələrdə genişmiqyaslı, total korrupsiya, yəni oğurluq qaçılmazdır. Əgər imkan varsa, cəzasızlıq təmin olunubsa, nədən oğurluq etməyəsən? Deməli, bu nəzarət sistemi yaradılmalıdır. Belə bir nəzarət sisteminin yaradılmasının yeganə yolu isə demokratiyadır. Başqa yol yoxdur, hər halda bu günün şərtləri daxilində.
Çox çətin problemin həllindən söhbət gedir. Əcdadımızın bizə miras qoyduğu ilkin suçdan, ilkin günahdan imtina etməliyik, ondan qurtarmalıyıq. Bu məqsədə çatmaq üçünsə çox böyük siyasi iradəyə malik olmaq lazımdır. Bu suçu, günahı işlətmək üçün zəruri olanından dəfələrlə daha böyük…
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 361