İlham Mirzəyev barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçildi
Bu gün Nərimanov Rayon Məhkəməsində tanınmış teleaparıcı İlham Mirzəyevlə bağlı məhkəmə prosesi keçirilib. Teleaparıcının vəkili Xanlar Ələkbərzadə APA-ya açıqlamasında məhkəmənin onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçməsi barədə qərar çıxardığını deyib.
Ələkbərzadə bildirib ki, Mirzəyev məhkəmədə ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, dələduzluğa yol vermədiyini açıqlayıb.
Vəkilin sözlərinə görə, teleaparıcı deyib ki, başına gələn bu olayda 5 ay əvvəl haqqında şikayət etdiyi və hazırda işinə Yasamal Rayon Məhkəməsində baxılan Asif Əliyev adlı şəxsin yaxınlarından şübhələnir: “İlham Mirzəyev ölümlə hədələndiyi, döyülərək xəsarət aldığı üçün şikayət edib və Yasamal Rayon Məhkəməsində baxılan işlə əlaqədar prokuror bu günlərdə Asif Əliyevin 5 il azadlıqdan məhrum edilməsini istəyib. İlham Mirzəyev bu məsələdə də bilavasitə həmin müdafiə tərəfindən şübhələnir”.
Qeyd edək ki, Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar CM 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Bildirib ki, Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub.