İlham Əliyev: “Mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”
Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammit keçirilib.APA-nın məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da plenar iclasın mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırım” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib.
Serj Sarkisyan bir tərəfdən Türkiyəni konstruktiv mövqe tutmamaqda, digər tərədən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Ermənistan prezidenti çıxışında hər cəhdlə inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti uydurma “soyqırımı” ilə bağlı daha təsirli mövqe tutmalıdır.
Prezident İlham Əliyev plenar iclasda çıxış edərək demişdir:
“Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub, Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl- Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada- Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin edib. Münaqişənin tez bir zamanda həlli Azərbaycanın marağındadır. Mən əminəm ki, bu, həmçinin Ermənistan xalqının marağındadır, Cənubi Qafqazda əməkdaşlıq baxımından da maraq dairəsindədir.
Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyil. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır.
Nəhayət, sonuncu məsələ, Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır”.