Muəllif:

İlham Əliyev diqqəti işğal altındakı torpaqlara və köhnəlmiş olan Ermənistan AES-ə çəkib

Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti martın 25-də öz işini davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə çıxış etmişdir.

Sammitin ikinci iş günü nüvə təhlükəsizliyi sahəsində milli və beynəlxalq tədbirlərin əhəmiyyətinə həsr olundu. Bu sahədə dünya ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulandı. Dünya liderləri bu Zirvə görüşündə də nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini gündəmdə saxladılar. Onlar nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu bildirərək, bu təhlükənin qarşısının alınması üçün tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkdilər.

Sammitin plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Zirvə görüşü iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammiti qəbul etdiyinə və göstərdiyi qonaqpərvərliyə görə Niderland hökumətinə minnətdarlığını bildirdi. Nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm rolundan danışan Azərbaycan dövlətinin başçısı ölkəmizin nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə bu Agentliklə fəal əməkdaşlıq etdiyini və Azərbaycanın iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəklədiyini, bu yaxınlarda Azərbaycanın nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyini diqqətə çatdırdı. Prezident İlham

Əliyev qeyd etdi ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil etmişdir.

Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını vurğuladı.

Dövlətimizin başçısı bildirdi ki, bu yaxınlarda qəbul edilmiş Azərbaycanın ilk «Dəniz Təhlükəsizliyi Strategiyası»nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin, eləcə də aidiyyati materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir.

Prezident İlham Əliyev təəssüflə qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur. Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır.

Daha sonra Azərbaycan Prezidenti Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışaraq dedi ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaqdır. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır.

Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin qorunmasında olduqca müsbət rol oynadığını deyən Prezident İlham Əliyev bildirdi ki, biz regionda və bütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla apardığımız əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin azaldılması işinə sadiqik.

Çıxışının sonunda Azərbaycan dövlətinin başçısı Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq ictimaiyyətin davamlı səyləri ilə bütün çağırışların həll ediləcəyinə və daha təhlükəsiz dünya qurulacağına əminliyini ifadə etdi.

Sonra zirvə görüşünün «Nüvə təhlükəsizliyi sammitinin gələcəyi» mövzusunda qeyri-rəsmi iclası oldu.

Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron və İtaliyanın Baş naziri Matteo Rentsi ilə görüşdü.
Söhbət zamanı Azərbaycan ilə bu ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Zirvə görüşü zamanı Türkiyə Prezidenti Abdullah Güllə də görüşdü.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyəti və perspektivi ilə bağlı müzakirələr aparıldı.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128