İdmanı sevirik biz…
Ankara
Rusiya yığmasının üzvü, futbolçu Aleksandr Səmədovun bir bəyanatı heç vaxt yadımdan çıxmayacaq: «Azərbaycan mənim deyil, atamın vətənidir. Mənim vətənim Rusiyadır». Əvvəlcə özümü təhqir olunmuş, çirkaba batırılmış bir varlıq kimi hiss etdim. «Qaşınmağa» başladım.
Bir qədər sakitləşəndən sonra isə özüm-özümə əzəli bir sual verdim: «Kimdir günahkar?» Axı insan xisləti özünün bütün təzahürlərində, hətta təvazökarlığında belə acgözdür. Şərəfin, şan-şöhrətin hətta kiçicik tərkib hissəsi olmaq üçün çox şeydən keçməyə hazırdır. Bu bir psixoloji durumdur. Bir qədər keçəndən sonra insan öz-özünü inandırır ki, o artıq şərəfin, şan-şöhrətin tərkib hissəsi deyil, şərəfin, şan-şöhrətin mənbəyidir, bəlkə də özüdür. Özünətəqliddən başqa bir şey deyil. Amma bundan, yəni özünü özünün böyüklüyünə inandırmaq imkanından kim imtina edər?!
Deyəsən, keçən ilin söhbətidir. Bütün türk kanalları dünya şöhrətli türk əsilli Almaniya futbolçusu Məsud Özilin Vətənini və bir dağ kəndindəki ata-baba daxmasını ziyarətindən reportajlar verirdi. Halal zəhmətlə qazandığı milyonları olmasına baxmayaraq, Məsud Özil Türkiyə ilə, o dağ kəndindəki daxma ilə şərəf və qürur duyduğunu gizlətmirdi.
Əslində alman millisini də o özü deyil, vaxtı ilə onun yerinə «imperator», yəni Fatih Terim seçmişdi. 18 yaşlı gənc, istedadlı Özil Almaniya seçməsinə dəvət aldıqdan sonra belə beynəlxalq aləmdə Türkiyəni təmsil etmək ümidini itirməmişdi. Özil o vaxtlar da Türkiyə millisinin məşqçisi olan Terimə müraciət edərək artıq seçim qarşısında qaldığını bildirmişdi. Lakin Terim onu seçməmişdi. «İmperatorların» da səhvləri olur. Bütün bunlara baxmayaraq, bu gün bir çoxları üçün şərəf, ilham mənbəyinə çevrilən Özil Türkiyə ilə, dağlar qoynundakı o daxma ilə qürur duyur. Nədən?
Əslində mənə bu deyil, bir qədər fərqli sualın cavabı rahatlıq vermir. Bilmək istəyirəm ki, nədən şanına-şöhrətinə görə Özillə müqayisə edilməsi qeyri-mümkün olan Aleksandr Səmədov üçün Azərbaycana mənsubluq şərəf mənbəyi deyil. Gəldiyimiz nəticə çox dəhşətlidir, tükürpədicidir: əslən azərbaycanlı, etnik türk olan bir insan bu millətə, bu torpaqlara mənsubiyyəti şərəf saymır. İndi mənim sualıma cavab verin: əgər biriləri bizdən olmaqdan, bizimlə olmaqdan şərəf duymursa, kimdir günahkar? Onlarmı, bizmi? Axı məsələnin digər üzü də var. Yəqin ki, bunun səbəbi kimi bizlərdən biri olmağın şərəf gətirmədiyini düşünənlər də var.
Mənə deyə bilərlər ki, Səmədov istisnadır, mənən qüsurlu insandır. İnanmaq istərdim. Amma…
FİFA dünya futbol yığmalarının yanvar ayı üçün olan reytinq cədvəlini yenilədi. Gün.Az xəbər verir ki, Azərbaycan yığması bu cədvəldə 94-cü mövqedədir. Komandamızın aktivində əvvəl də olduğu kimi 363 xal var. Estoniya komandası bizdən önə keçə bilsə də, bizim komanda da öz növbəsində Efiopiyanı geridə qoyub. Reytinqin yuxarı sıralarında heç bir dəyişiklik baş verməyib. İlk 25 yığma komanda keçən illərdə olduğu kimi yenə də reytinqdə öz mövqelərini qoruya bilib.
Xatırladaq ki, ilk üçlüyə İspaniya (1507), Almaniya (1318) və Argentina (1251) yığma komandaları daxildir.
Biz utanmadan böyük şərəflə məlumat veririk ki, komandamız Efiopiyanı geridə qoyub. Hamıya məlumdur ki, müasir dünyada futbolun inkişafı böyük investisiyalar tələb edir. FİFA reytinqində Azərbaycanın qonşusu olan Efiopiyada isə vaxtaşırı yüz minlərlə, bəzən isə milyonlarla insan aclıqdan tələf olur. Doğrudan da belə bir ölkəni FİFA reytinqində geridə qoymaq böyük şərəf mənbəyidir. Ac-yalavac, qlobal miqyaslı bütün regional layihələrdən təcrid olunmuş Ermənistanın həmin FİFA reytinqindəki yerini bilirsinizmi? Ermənistan yığması bizim millidən az qala üç dəfə öndə — 38-ci yerdədir.
Bu da sizin üçün Azərbaycanı «gözü götürməyən» beynəlxalq təşkilatların insan haqlarının vəziyyəti ilə bağlı hesabatları deyil. Burada deyə bilməzsiniz ki, saxtakarlıq ediblər, erməni lobbisinin təsiri altına düşüblər, Azərbaycanın müstəqil xarici siyasətindən narahatdırlar.
Həqiqət isə ondan ibarətdir ki, Ermənistan yığması qruplardakı son qarşılaşmalara qədər həm Avropa, həm də Dünya çempionatlarının final mərhələlərinə vəsiqə almaq uğrunda mübarizə aparan yığmalar arasında idi.
İndi isə keçək Soçidəki Qış Olimpiya Oyunlarına göndərəcəyimiz millilərə. Onlar, doğrudan da, «milli» adına layiqdirlər. Soçidə bizi dağ xizəkçiləri əslən Avstriyadan olan Patrik Braxner, İsveçrədən — Sedrik Hotc, əvvəllər beynəlxalq yarışlarda Qrenadanı təmsil edən italyan Qaya Bassani Antivari və nəhayət, fiqurlu konkisürənlər rusiyalı Aleksey Sitnikov və Yuliya Zlobina təmsil edəcəklər.
Yəqin ki, çoxları Qrenadanın harada belə olduğunu bilmirlər. Bu, Qəraib dənizindəki adalarda yerləşən kiçicik bir dövlətdir. Yüz mindən bir qədər artıq əhalisi, cəmi-cümlətani 344 kv. km ərazisi var. Ümumi Daxili Məhsulun həcminə görə, dünyada sonuncu yerlərdən birini, yəni haradasa 180-ci yeri tutur. Uzun sözün qısası söhbət, pulu-parası, dünyada heç bir nüfuzu olmayan, əhalisi bir qarnı ac, bir qarnı tox yaşayan ölkədən gedir. Ona görə də bu ölkənin bayrağı altında çıxış etməyə razılıq verəcək əcnəbi idmançı tapmaq çox müşkül, demək olar ki, qeyri-mümkün məsələdir. Stimul yoxdur. Bir sözlə, Qrenadanın bayrağı altında çıxış etmək əcnəbi idmançı üçün səviyyə deyil, səviyyəsizlik göstəricisidir. Qaya Bassani Antivari Soçidə Azərbaycan millisini təmsil edəcək.
Mən bilərəkdən bu məsələnin maddi tərəfinə toxunmadım. Birincisi, bu məsələlərin nə cür həll olunduğu artıq heç kim üçün sirr deyil. İkincisi isə, deməsinlər ki, paxıldır, gözü götürmür.
Amma bunu deməsəm, bağrım çatlar. Doğrudan da, Azərbaycana mənsubiyyəti ilə çox böyük şərəf və qürur duyulması zəruri olan Qaya Bassani Antivari adlı bir millimiz var. Ən azından adı təmtəraqlı səslənir. Bizə bu da kifayətdir. Bundan sonra Səmədova bizdən olmaq istəmədiyinə görə qəzəblənməyə haqqımız varmı?!
[email protected]