Muəllif:

İdarəetmədə gənclərin təşəbbüskarlığının artması zəruridir

Tarixi nöqteyi-nəzərdən gənclər həmişə dövlətin və cəmiyyətin idarə olunmasında əsas hərəkətverici qüvvə olaraq qərarların qəbuluna mühüm təsir göstərmişlər. Günümüzdə, dünyada bu yöndə gedən proseslər Azərbaycanın da ictimai-siyasi həyatına öz təsirini göstərir. Bütün bunların məntiqi nəticəsi olaraq, ölkəmizdə də gənclər dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafında ölkənin vacib qüvvələrindən biridir. Bu gün idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişməkdədir.
Ekspetlərin fikirincə, belə bir şəraitdə dövlət idarəçiliyinə gənclərin cəlb olunması və gənclər təşkilatları ilə sıx əməkdaşlıq vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük önəm kəsb edir. Demokratik hüquqi dövlət quruculuğu cəmiyyət və dövlət işlərinin idarə olunmasına, qərarların hazırlanması, müzakirəsi, qəbulu, icrası və qiymətləndirilməsi prosesinə gənclərin daha geniş hissəsinin cəlb olunmasını, vətəndaş fəallığının və təşəbbüskarlığının artırılmasını zəruri edir.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlət gənclər siyasəti — gənclərin öz bilik və bacarıqlarını, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlətin gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.
Gənclər siyasətinin əsas istiqamətləri «Gənclər siyasəti haqqında» qanunu ilə bu şəkildə müəyyənləşdirilib:
Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
İstedadlı gənclərə dövlət qayğısı;
Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;
Gənclərin məşğulluğunun təmin edilməsi;
Gənc ailələrə dövlət yardımı;
Gənclər təşkilatlarına dövlət yardımı.
Ölkəmizdə gənclərin qərar qəbulu prosesində iştirakını bu şəkildə qruplaşdırılır:
* Gənclərin qərar qəbul edən dövlət orqanlarında, bilavasitə rəsmən təmsil olunması.
Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60%-dən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 28% -i (4303 nəfəri) gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir. Eyni zamanda, hazırda gənclər sektorunun fəal nümayəndələrindən bir neçəsi, Milli Məclisdə millət vəkili olaraq qanun layihələrinin hazırlanmasında və müzakirəsində fəal iştirak edirlər. Bundan başqa, bir neçə dövlət orqanının tərkibində gənclər qanunvericiliyə uyğun olaraq rəsmən iştirak edirlər. QHT-lərə Dövlət Dəstəyi Şurasının 11 üzvündən 8-i QHT nümayəndəsidir ki, bunlardan da 2 üzv gənclər təşkilatının təmsilçiləridir. Eyni zamanda, 20 dekabr 2011-ci il tarixində ölkə başçısının fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun əsasnaməsinə görə Fondun Müşahidə Şurasının 11 üzvindən 4-ü gənclər təşkilatının nümayəndəsidir. Son zamanlar dövlət başçısının verdiyi qərarlara əsasən gənclər təşkilatlarının bir neçə nümayəndəsinin dövlət qurumlarına mühüm vəzifələrə təyin olunması da gənclərin idarəetmə prosesinə fəal cəlb olunmasının bir nümunəsidir.
* Gənclərin müxtəlif normativ-hüquqi aktların, qərarların, dövlət proqramlarının, konsepsiyaların, Milli fəaliyyət strategiyalarının və s. bu kimi sənədlərin hazırlanması və müzakirəsi prosesinə cəlb olunması.
Müşahidələrə əsasən, MM-də bir sıra qanun layihələrinin hazırlanmasında gənc millət vəkilləri fəal iştitak edirlər. Bununla yanaşı gənclər Prezidentin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)», «Yoxsulluğun Azaldılması və İqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)», «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı» (2006-2010-cu illər) və «Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı» nın hazırlanmasında iştirak etmişlər.
Cəmiyyətin müxtəlif sahələri ilə bağlı bu sənədlərin hazırlanması, icrası və qiymətləndirilməsində gənclərin də iştirakı aydın şəkildə hiss olunmaqdadır. Misal üçün, «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)», «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının hazırlanması və müzakirəsində gənclər və onların təmsil etdikləri QHT-lər yaxından iştirak etmişlər. Bu proqramların qəbul olunması ilə dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Bu proses hal-hazırda da davam etməkdədir. Eyni zamanda, 2011-ci ildə qəbul olunmuş dövlət gənclər proqramında gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması barədə xüsusi bənd mövcuddur. Qeyd edək ki, «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının Əlaqələndirmə Şurasının 56 üzvündən 19-nu gənclər təşkil edir.
* Gənclərin təklifləri və təşəbbüslərinin müvafiq dövlət orqanları tərəfindən nəzərə alınması.
«Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)» və «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının müzakirəsində gənclər və onların təmsil etdikləri QHT-lər yaxından iştirak edərək, bir sıra təkilf və təşəbbüslə çıxşlar etmişlər. Statistikaya görə ötən ildə qəbul olunan «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının geniş ictimai müzakirəsi və hazırlanması üçün gənclər və onların təmsil etdikləri QHT-lər tərəfindən 2000-dən artıq əhəmiyyətli təklif verilmişdir. Bu təkliflərin əksəriyyəti proqramın işçi qrupu tərəfindən bəyənilmiş və proqramın qəbulunda öz əksini tapmışdır.
* İcra hakimiyyəti orqanlarında gənclərin daxil olduğu müxtəlif ictimai qurumların yaradılması.
Ədliyyə nazirinin 25 aprel 2006-cı il tarixli əmri ilə təsdiq edilmiş «Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları»na uyğun olaraq yaradılmış İctimai Komitənin tərkibində gənclərin QHT-lərindən 2 nümayəndə təmsil olunur. İctimai Komitə penitensiar müəssisələrdə saxlanma şəraiti, maddi-məişət, tibbi-sanitariya təminatı, məhkumların əməyə cəlb olunması, onlarla həyata keçirilən tərbiyə işi, ümumi təhsil, peşə təhsili və peşə hazırlığı işinin təşkili ilə tanış olmaq və sair bu kimi məsələlərlə məşğul olur. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın tərkibinə də gənclərin bir neçə nümayəndəsi daxildir. İctimai Şurada təmsil olunan gənclər, digər vətəndaş cəmiyyəti institutları ilə birgə sosial qanunvericiliyin təkmilləşdirilməsi, yeni qanun layihələrinin hazırlanması və digər istiqamətlərdə mühüm işlər görürlər.
Eyni zamanda, gənclər təşkilatlarının nümayəndələri Gənclər və İdman Nazirliyinin yanında İctimai Şuranının üzvü olaraq dövlət gənclər siyasətinin icrasında fəallıq göstərirlər. Dövlət və vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar, gənclərin qərar qəbuletmə prosesində iştirakının artırılması məqsədi ilə bir sıra proqram və layihələr həyata keçirməkdədirlər. Hazırda BMT İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilən «Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı» adlı layihəni buna misal göstərmək olar. Layihənin məqsədi, dövlət gənclər siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə, gənclərin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır. Artıq icrasına başlanılan layihənin əsas cəhətlərindən biri də, gənclərin liderlik potensialını inkişaf etdirməklə, onların idarəetmə sahəsində daha fəal iştirakını dəstəkləməkdir. Layihədə 2 il müddətində iştirak etmək üçün 50 nəfər gəncin seçilməsi və onların layihənin fəaliyyətlərinə fəal şəkildə cəlb olunması nəzərdə tutulmuşdur.
Seçilmiş şəxslər şəxsi və peşə bacarıqlarının artırılması istiqamətində müxtəlif təlim kurslarında iştirak edəcək, dövlət orqanlarında təcrübə keçmək imkanı əldə edəcək və bu onların gələcəkdə dövlət qulluğunda çalışmalarına müsbət təsir göstərəcəkdir. Eləcə də layihə iştirakçıları Azərbaycanın dövlət nümayəndələri, ictimai-siyasi xadimlər, millət vəkilləri, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərin rəhbərləri, elm və təhsil sahəsinin təmsilçiləri, QHT və KİV rəhbərləri və digər tanınmış ictimai-siyasi şəxslərilə görüşmək və birbaşa fikir mübadiləsi aparmaq şansı əldə edəcəklər.
Bununla yanaşı layihədə fəal iştirak edən gənclərin beynəlxalq tədbirlərdə və müxtəlif beynəlxalq təcrübə proqramlarında iştirak etmə müraciətlərinə layihə təşkilatçıları tərəfindən dəstək veriləcəkdir. Layihə «Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 342