Hüquq müdafiəçiləri Mirqədirov barədə prezidentə müraciət ediblər
Hüquq müdafiəçiləri Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənanyarlı və Əvəz Həsənov aprelin 21-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “Ayna“ və «Zerkalo» qəzetlərinin əməkdaşı Rauf Mirqədirov barəsində CM 274-cü maddəsi (dövlətə xəyanət) üzrə 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət ediblər.
Hüquq müdafiəçiləri uzun illərdir Azərbaycanda jurnalist və ictimai-siyasi fəaliyyət ilə məşğul olan bütün insanları yaxşı tanıdıqlarını qeyd ediblər. Müəlliflər bildirirlər ki, Mirqədirov 1988-ci ildən başlayan jurnalist fəaliyyətində rusdilli media qurumları arasında araşdırma-jurnalistikasının ən bacarıqlı nümayəndəsi kimi tanınır. Onun yazdığı bütün məqalə və təhlillər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması və bu işğal nəticəsində haqqı pozulan insanların səsinin tanınmasına xidmət edib.
Hüquq müdafiəçiləri Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya müharibəsinin getdiyi bir dövrdə Azərbaycandan kənarda qələminə hörmət olunan və məqalələrinə istinad olunan çox istedadlı bir jurnalistin vətənə xəyanət maddəsi ilə ittiham olunmasına təəssüflənir və R.Mirqədirovun belə cinayət törədəcəyinə inanmadıqlarını bildirirlər.
Bununla yanaşı hüquq müdafiəçiləri ölkə prezidentindən R.Mirqədirovun işi üzrə obyektiv təhqiqatın aparılmasını öz nəzarətinə götürməsini, onun təhlil aparmaq potensialından dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı informasiya müharibəsində istifadə edilməsinə yardımçı olmasını xahiş ediblər (Turan).