Hüquq müdafiəçiləri Hüseynli barədə Prezidentə müraciət etdilər
Hüquq müdafiəçiləri Həsən Hüseynlinin müdafiəsinə qalxıblar. Bu gün hüquq müdafiəçiləri — Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Azərbaycan İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi Bürosunun direktoru Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənanyarlı, Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov respublika prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənov, Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik cənab Ramil Usubova Mart ayının 31-də Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin direktoru, fizika elmləri doktoru cənab Həsən Hüseynlinin Gəncə şəhər polisi tərəfindən saxlanması ilə bağlı müraciət ediblər. Müraciətdə qeyd olunur ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin mətbuata yaydığı məlumata görə, H.Hüseynli Gəncə şəhər sakini Arzu Qəhrəmanov ilə aralarında yaranmış münaqişə zəminində dava etdiyi və bu zaman üstündə gəzdirdiyi bıçaqla Arzu Qəhrəmanova qol nahiyəsindən bədən xəsarəti yetirdiyi üçün saxlanıldığı bildirilib. Halbuki, 31 Mart tarixində axşam işdən çıxarkən Gəncə şəhər Mərkəzi Poçtun yaxınlığında 35-40 yaşlarında səliqəli geyimli bir oğlan ona yaxınlaşaraq H.Hüseynlini onun ayağını tapdalamaqda ittiham edib və dərhal nalayiq sözlər işlədib ki, H.Hüseynlini özündən çıxarsın. Həmin şəxsə bir nəfər qadın da qoşularaq H.Hüseynlini təhqir etməyə başlayıblar ki, onun ayağını tapdalayıb. Bunun təxribat olduğundan duyuq düşən H.Hüseynli dərhal poçt idarəsinə girərək, Azadlıq radiosunun Gəncə bölğəsi üzrə müxbirinə zəng etmiş və ona qarşı təxribat hazırlandığı barədə müsahibə verib.
Hüquq müdafiəçiləri qeyd ediblər ki, biz H.Hüseynlini uzun illərdir tanıyırıq və onun Azərbaycan vətəndaş cəmiyyətinin formalaşması və inkişaf etdirilməsində, yüzlərlə gəncin təhsil alması və ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsində xidmətlərini yüksək dəyərləndiririk. Onun insan kimi mülayim xarakterini və heç kimlə şəxsi ədavəti olmadığına əmin olaraq, deyə bilərik ki, bu cür cinayət əməli törədilməsi barədə ona qarşı atılan böhtanın heç bir əsası yoxdur və onun kiminləsə mübahisə edərək ona xəsarət yetirməsi inandırıcı deyil“.
Hüquq müdafiəçiləri ölkə başçısından Həsən Hüseynlinin azad olunmasını, ona böhtan atan şəxsin cəzalandırılması üçün ciddi ölçünün götürülməsini və H.Hüseynliyə qarşı böhtan atılmasına yol verilməməsində hüquq müdafiəçilərinə dəstək olmasını xahiş ediblər.