Hollandiya Ruslarının Koordinasiya Şurası Haaqada Azərbaycan məktəbinin müsafirləri olublar
Haaqa Azərbaycan məktəbinin növbəti müsafirləri Hollandiya Ruslarının Koordinasiya Şurasının üzvləri olub Xəbər verdiyimiz kimi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi ötən il dekabr ayının 14-dən Haaqa şəhərində yerləşən yeni ofisinə köçüb. Burada birlik rəsmi fəaliyyətini davam etdirməklə yanaşı Nizami Gəncəvi adına Azərbaycan Məktəbi də təşkil edib. Dahi Azərbaycan şairi N.Gəncəvinin adını daşıyan məktəb hər həftənin şənbə günləri fəaliyyət göstərir. Artıq 3 həftədir Hollandiyada yaşayan azərbaycanlıların övladları Azərbaycan əlifbasını, ədəbiyyatını, tarixini, atributlarını öyrənməklə yanaşı, xalq mahnılarımız və rəqslərimizlə də tanış olurlar. Məktəb azyaşlı uşaqlarla yanaşı, böyük yaşlı insanlara da kitabxanasındakı Azərbaycan haqqında kitabları təqdim edir. Azərbaycan Məktəbinin fəaliyyəti ilə tanış olmaq istəyənlər hər həftə ofisə gəlir və məktəb ziyarətçilərini qəbul edir. Yanvarın 4-də növbəti müsafirlər Hollandiya Ruslarının Koordinasiya Şurasının sədri Qriqoriy Pasternak və xanımı Olqa Şterenşis olub. Ziyarətçiləri “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, Birliyin fəxri sədri və yaradıcısı yazıçı Gülşən Lətif və birliyin İdarə Heyətinin üzvü, məktəbin direktoru Almaz Kərimli qarşılayıblar. Məktəbin fəaliyyəti ilə yaxından tanış olan Q.Pasternak “Ana Vətən”in digər layihələri kimi bunun da uğurlu olduğunu vurğulayıb. Qərib ölkələrdə yaşayan millətlərin öz dilində məktəblər açmasının önəmli olduğunu bildirib və məktəbdə hətta valideynlərindən biri rus kökənli olan uşaqların da olmasından məmnun olduğunu, eləcə də uşaqların daha çox dili, xüsusən də ana dillərini mükəmməl bilməsinin vacibliyini qeyd edib. Qriqoriy Pasternak növbəti görüşü Rotterdamda yerləşən Hollandiya Ruslarının Koordinasiya Şurasının ofisində keçirərək birgə tədbirlər planı hazırlamağı təklif edib. Görüşdə hər iki cəmiyyətin üzvləri həyata keçirdikləri tədbir və layihələrdən danışaraq gələcəkdə rus və azərbaycanlıların Niderland Krallığında fəaliyyət göstərən cəmiyyətlərinin birgə layihələr həyata keçirə biləcəkləri fikrini alqışlayıblar, deyə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Nərgiz Əhmədqızı bildirir.