Muəllif:

Hərənin öz «kruq»u olmalıdır

Ankara

Bir gün müəllim tənbəl şagirddən soruşur:
— Bala, Səməd Vurğunu tanıyırsan?
— Yox!
— Cəfər Cabbarlını, necə, tanıyırsan?
— Yox!
— Heç olmasa Nizami Gəncəvini tanıyırsan?
— Müəllim, yox!
— Otur yerinə! Sıfır alırsan.
Bu dəfə şagird müəllimə müraciət edir:
— Müəllim, olar bir sual da mən verim?
— Əlbəttə, olar.
— Siz Kamili tanıyırsız?
— Yox!
— Bəs Ramizi, necə, tanıyırsız?
— Yox, bala, tanımıram.
— Mən də siz sadaladığınız insanları tanımıram. Müəllim, hərənin öz kruqu var…
Dövlətlər də insanlara bənzər. Onların hərəsinin öz «kruq»u var. Misal üçün, 2005-ci ilin mayında ABŞ prezidenti Corc Buş Gürcüstana səfər etdi. Bir səhv idi oldu. Düşünürəm ki, yaxın zamanlarda bir də olmayacaq. Özü də söhbət yalnız C.Buşdan getmir. Böyük ehtimalla, yaxın 20 ildə Tiflisə ABŞ prezidentlərindən heç biri təşrif gətirməyəcək. Hərənin öz tay-tuşu var. Lap məşhur bir film qəhrəmanının dediyi kimi, «mən bəylərlə plov yemirəm ki, bığım yağa batar». Əksinə, həmişə olduğu kimi, Gürcüstan, Azərbaycan və Ermənistan kimi ölkələrin dövlət başçıları ABŞ prezidentinin qəbul otağı önündə illərlə öz «növbələrini» gözləyəcəklər. ABŞ prezidenti ilə bir masanın arxasında üz-üzə oturmaq haqqını qazanmaq lazımdır. Özü də təmsil etdiyin dövlətin qazanması lazımdır. Bu, o qədər də asanlaqla əldə ediləcək nəticə deyil. Yəni onu demək istəyirəm ki, Azərbaycanın da öz kruqu var. Oturub-durduğumuz, plov yediyimiz tərəf-müqabillərimizin kimliyinə diqqət yetirməliyik, dəyərimizi bilməliyik.
Yeni Azərbaycan Partiyasının qərargahında partiyanın sədr müavini — icra katibi, baş nazirin müavini Əli Əhmədov Bakıda səfərdə olan Seyşel Adaları Respublikasının keçmiş prezidenti Sir Riçard Mançam ilə görüşüb. APA-nın xəbərinə görə, Ə.Əhmədov bildirib ki, R.Mançamın Azərbaycana münasibəti ölkə üçün çox qiymətlidir. O qeyd edib ki, bu səfər qonağa Azərbaycanı daha yaxından tanımaq imkanı verəcək.
Ə.Əhmədov, eyni zamanda, ötən il Azərbaycanda prezident seçkilərində iştirak etdiyinə və dəstək göstərdiyinə görə qonağa təşəkkürünü bildirib: «Biz sizi Azərbaycanın, Azərbaycan xalqının dostu hesab edirik».
Qonaq Azərbaycana səfər etməkdən şad olduğunu söyləyərək bildirib ki, sovet imperiyası dövründə Azərbaycan barədə məlumat əldə etmək mümkünsüz idi: «Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəyə gələndə təəccübləndim və bu ölkə ilə tanışlıqdan məmnun oldum».
Görüşdə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov da iştirak edib.
Düşünürəm ki, oxucularımızdan bir çoxu Seyşel Adaları Respublikasının dünyanın hansı guşəsində yerləşdiyini belə bilmir. Məlumat üçün bildirirəm ki, Afrikanın Şərqində Hind okeanında yerləşən, adından məlum olduğu kimi, ada dövlətidir. Düşündüm ki, adı Azərbaycanda «Tarixi-Nadir» kitabını yarıya qədər oxuyanlara» belə məlum olmayan bir ada dövlətinin keçmiş prezidenti ilə bir masa arxasında oturmağa bizim «yeni azərbaycanlılar»ı nə məcbur edir. Öz-özümə sual verdim: «Bəlkə yeni yaranmış böyük perspektivi olan önəmli dövlətlərdən biridi?» Köklü araşdırmalardan sonra birmənalı nəticəyə gəldim ki, yox.
Seyşel Adaları ərazisi 115 adanı əhatə edən cəmi-cümlətani 455 km2.-dən ibarətdir. Əhalisi də çox azdır — 88 min adam. Yəni ərazisi bizim bir Abşeron rayonunun ərazisindən dörd, əhalisi isə iki dəfə azdır. Bir sözlə, hətta yüz ildən sonra belə bu dövlətin beynəlxalq münasibətlərə təsir edəcək hər hansı bir perspektivə malik olmaq ümidi yoxdur.
Sonra düşündüm ki, bəlkə Seyşel Adaları təbii ehtiyatlarla zəngindir. Burada milyardlar qazanmaq imkanı var. Gördüm ki, o da deyil. Ümumi daxili məhsulu 1 milyard 400 milyondan bir qədər çoxdur. Valyuta gəlirlərinin 75 faizinin mənbəyi turizmdir.
Yəni nə alacağımız var, nə də verəcəyimiz. Hətta enerji daşıyıcılarımızın ixracı baxımından da əhəmiyyəti olmayan bir ölkədir. Əhalisinə görə tələbatın az, uzaqlığına görə isə daşınma məsrəflərinin böyük olduğunu nəzərə alsaq, Seyşel Adalarına Azərbaycandan enerji daşıyıcılarının ixracı, iqtisadi dillə desək, rentabelli ola bilməz. Yəni astarı üzündən baha başa gələr. Birdən az qala «evrika» deyə bağıracaqdım. «Tapdım» deyə düşündüm. Yadıma düşdü ki, son dövrlərdə, daha doğrusu, üç il öncə Azərbaycan dünyanın bütün cırtdan dövlətləri ilə qardaş olmuşdu. BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmaq istəyirdik və arzumuza yetdik. O dönəmdə birdən-birə onlarla, bəlkə də yüzlərlə, heç vaxt adını belə eşitmədiyimiz, türklər demişkən, «küçük» qardaşlarımızın varlığından xəbər tutduq. «Küçük» olsalar da, səs haqları vardı. Düşündüm ki, iki il öncə Sir Riçard Mançam Seyşel Adalarının prezidenti olub və Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsində önəmli qatqısı olub. Amma, sən demə, səhv etmişəm. Bu da deyilmiş. Böyük Britaniya 1976-cı ildə Seyşel Adalarına müstəqillik verib. Riçard Mançam iki il sonra çevriliş nəticəsində özünü kommunist adlandıranlar tərəfindən devrilib. 1979-cu ildən 2004-cü ilə qədər Seyşel Adalarında təkpartiyalı sistem və Frans Alber Rene bu dövlətin əvəzedilməz prezidenti olub. 2004-cü ildə Rene könüllü olaraq hakimiyyətdən əl çəkib, ölkə formal da olsa, çoxpartiyalı sistemə keçib. Amma həmin vaxtdan Renenin hakimiyyəti təhvil verdiyi Ceys Mişel əvəzolunmaz prezidentdir. Yəni hər şey bizdə olduğu kimi, yəni sözdədir. Bircə, Renenin könüllü olaraq hakimiyyətdən əl çəkməsindən başqa. Uzun sözün qısası, 1978-ci ildə hakimiyyətdən devrilmiş Riçard Mançamın Azərbaycanın BMT Təhlükəsizlik Şurasına keçici üzv seçilməsində heç bir dəstəyi ola bilməzdi.
Bir ağlabatan səbəb də var. Təkpartiyalı sistemin ləğvindən sonra Seyşel Adaları liberal iqtisadiyyata keçib, ölkədə bizim «yeni azərbaycanlılar»ın ən sevimli hobbilərindən biri olan ofşor şirkətlərin yaradılmasına icazə verilib.
Amma yenə də başa düşmədiyim bir məsələ var. Nədən bizim «yeni azərbaycanlılar» az qala 40 il öncə devrilmiş bir dövlət başçısı ilə dostluq etsinlər. Düşünürəm ki, bizimkilər hakimiyyətdə olan prezidentlə də elə bir çətinlik çəkmədən dil tapa bilərdilər. İşləri də daha «xod» gedərdi. Artıq deyəcəyim bir söz yox. Düşünürəm ki, bəlkə uzun müddət İngiltərədə yaşayan Mançam bizimkilərlə ingilis şahzadələrinin dostlaşmasına yardım edib. Axı ingilis şahzadələrinə də hər adamla plov yemək olmaz…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 474