Muəllif:

«Hərbi hissələrdə inspeksiyalar, reviziyalar işləyir»

Ötən ilin oktyabrında Müdafiə Nazirliyində dəyişiklik baş verdi. 19 il eyni vəzifəni tutan müdafiə naziri Səfər Əbiyev Daxili Qoşunların komandanı Zakir Həsənovla əvəzləndi. Bu dəyişiklikdən sonra ictimai rəyin gözləntiləri ortaya çıxdı. Bu gözləntilərdən ən vacibi isə Silahlı Qüvvələri, xüsusilə də, Müdafiə Nazirliyini bürümüş korrupsiya ilə mübarizənin nə zaman başlanacağı ilə bağlı idi. Xatırladaq ki, Səfər Əbiyevin dövründə MN cəmiyyətə ən qapalı qurum olub. SQ-də baş verən proseslər, büdcənin xərclənməsi, əsgər ölümlərinin səbəbləri, rüşvət və korrupsiya əməlləri kimi məsələlərlə nazirliyin əlaqədar strukturlarından məlumat almaq çox çətin idi. Bir sıra suallarımıza cavablar almaq üçün MN mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlıya suallar ünvanladıq. Vaqif Dərgahlı 3 aydır bu vəzifəni tutur. Onun fəaliyyəti hələlik sələflərindən o qədər də fərqlənmir. Ciddi suallara ətraflı və dəqiq cavab verməkdən yayınır. Lakin elektron müraciətlərə qısa zamanda cavab verməyə çalışması yenilik hesab oluna bilər, baxmayaraq ki, region ölkələri bu prosesi azı 10 il öncə adlayıblar. Qeyd edək ki, bütün bu suallara cavablar ayrı-ayrı vaxtlarda elektron sorğu göndərməklə alınıb.
— Müdafiə Nazirliyində korrupsiyaya və rüşvətxorluğa qarşı nə kimi tədbirlər görülür?
— «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamının müvafiq bəndinin icrası ilə əlaqədar Müdafiə Nazirliyində bir sıra tədbirlər həyata keçirilmişdir.
Qeyd olunan Sərəncam və onunla təsdiq edilmiş Milli Fəaliyyət Planı Müdafiə nazirinin müvafiq əmri ilə bütün şəxsi heyətə elan edilmişdir. Əmrə əsasən Müdafiə Nazirliyinin aidiyyəti vəzifəli şəxslərinə Planların icrası ilə əlaqədar təkliflərin hazırlanmasına dair göstəriş verilmiş, verilmiş təkliflər ümumiləşdirilərək Milli Fəaliyyət Planı üzrə ayrıca Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər planında vəzifələrin bir qismi Müdafiə Nazirliyinin səlahiyyətləri daxilində olduğu üçün, onların yerinə yetirilməsinə dair icraçı və nəzarət edən qurumlar, şəxslər, eləcə də, icra müddəti müəyyənləşdirilmişdir.
Planın əhatə etdiyi müddət daxilində tapşırıqların icrasının Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən nəzarətdə saxlanılmasına xüsusi diqqət yetirilməsinə dair göstərişlər icraçılara çatdırılmış və görülən işlər barədə hesabatların hazırlanıb təqdim olunması işinin təşkili üçün tövsiyələr verilmişdir.
«Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrası üzrə ilk olaraq şəxsi heyətlə korrupsiyaya qarşı mübarizə ilə bağlı hüquqi maarifləndirmə tədbirləri, söhbətlər, dərslər, anonim rəy sorğuları təşkil edilir.
Fəaliyyət planında nəzərdə tutulmuş tədbirləri həyata keçirmək məqsədilə Müdafiə Nazirliyinin rəhbər şəxsləri yerlərdə olur və hərbi hissələrdə müvafiq daxili komissiyalar, inspeksiyalar, reviziyalar işləyir.
Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa qəbulu təşkil edilir, korrupsiya ilə bağlı ərizə və şikayətlərə baxılır, müraciətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işi təmin edilir, Müdafiə Nazirliyində «Etimad xətti», hərbi hissələrdə isə «Etimad poçtu» fəaliyyət göstərir, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi mexanizmləri təkmilləşdirilir, Fəaliyyət Planının icrası ilə bağlı Müdafiə nazirinin əmrinin yerinə yetirilməsi nəzarətdə saxlanılır və digər tədbirlər yerinə yetirilir.
«Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrası üzrə zəruri tədbirlər bu gün də davam etdirilməkdədir. Hər ilin yanvar ayında keçən il ərzində görülən tədbirlər və onların nəticələri ilə bağlı hesabat hazırlanır, bu sənəd Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim olunur.
— Hərbi hissələrində aparılan yoxlamalar nəticəsində vəsaitlərin qeyri-qanuni mənimsənilməsi ilə bağlı faktlar aşkarlanıbmı?
— Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə aparılan yoxlamalar Müdafiə nazirinin imzaladığı əmrə əsasən yaradılmış müvafiq komissiyalar tərəfindən həyata keçirilir.
Yoxlamalar nəticəsində aşkar edilən müxtəlif qanun pozuntuları ilə bağlı hallarda dərhal tədbirlər görülür, aktlar tərtib edilir, təqsirkar şəxslər maddi, inzibati, intizam qaydasında və cinayət məsuliyyətinə cəlb olunur, dövlətə vurulmuş ziyanın bərpa edilməsi təmin olunur.
Baş vermiş hər bir hadisə barədə vəzifəli şəxslər və müvafiq dövlət qurumları məlumatlandırılır.
— Silahlı Qüvvələrin şəxsi heyətinin qida məhsulları üzrə təchizatı hansı strukturlar tərəfindən həyata keçirilir və bu zaman hansı qanunlara, təlimatlara əsaslanılır?
— Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrin hər növ təchizatı Maddi-Texniki Təminat Baş İdarəsinin mütəxəssisləri cəlb olunmaqla Satınalma və Təchizat İdarəsi tərəfindən həyata keçirilir.
Bu zaman bütün prosedurlar «Dövlət satınalmaları haqqında Qanunu»nun maddələri, Nazirlər Kabinetinin müvafiq qərarları və Müdafiə nazirinin müvafiq əmrlərinin tələblərinə uyğun yerinə yetirilir.
— Müdafiə Nazirliyinin hərbi hissələrinin qida məhsulları ilə təminatı üzrə həyata keçirilən tenderlər barədə ictimaiyyətə məlumat verilirmi? Tenderlərdə qaliblər hansı meyarlara uyğun seçilir?
— Satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların yazılı təqdim etdikləri təkliflərdən ən səmərəlisini seçmək məqsədi ilə keçirilən müsabiqə barədə müəyyən olunmuş qaydada kütləvi informasiya vasitələrində ictimaiyyətə məlumat verilir.
Müəyyən edilmiş keyfiyyət standartlarının tələblərinə uyğun olan, qanunvericilikdə göstərildiyi kimi ən aşağı qiyməti olan və ən sərfəli sayılan tender təklifi qalib gəlmiş sayılır.
— Bir müddət əvvələ qədər Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində hərbi qulluqçular, xüsusilə də zabitlər hərbi hissə ərazisində tikinti işləri üçün öz məvaciblərini xərcləyirdilər. Onlar maaş kartlarını tikinti avadanlıqları satılan mağazalara girov qoyurdular. Bu kimi halların qarşısının alınması üçün hansı tədbirlər görülür? Hərbi qulluqçuların müxtəlif hərbi hissələrə salınmasında rüşvət hallarının yenə də olması barədə məlumatlar var. Məlumatlara görə, hərbi qulluqçular xidmət üçün düşdükləri korpuslarda sonradan müəyyən vəsaitlər ödəyərək müxtəlif hərbi hissələrə düşürlər. Bu barədə nə məlumatlar var? Bu kimi problemlərin qarşısının alınması üçün hansı işlər görülür?
— Müdafiə Nazirliyinin rəhbərliyinin məqsədi ilk növbədə ordumuzu müasir ordulara uyğunlaşdırmaqdan ibarətdir. Hazırda Silahlı Qüvvələr quruculuğunda islahatlar aparılır. Hərbi hissələr yeni müasir silahlar və avadanlıqlarla təmin olunur.
Suallarınızda toxunduğunuz hallarla bağlı əgər Sizdə hər hansı bir konkret fakt vardırsa, bu kimi neqativ hadisələrin qarşısının alınması məqsədilə dərhal Müdafiə Nazirliyinə müraciət etməyiniz xahiş olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 525