Muəllif:

Hər şeyin zayı çıxdı

Bir vaxt universitet auditoriyasında bunu bizə öyrətmişdilər ki, müharibə siyasətin başqa, yəni zorakı vasitələrlə davamıdır. Hələ XIX yüzilin əvvəlinin məşhur hərb nəzəriyyəçisi, rus çarının xidmətində olmuş alman Karl fon Klauzevitsin siyasətdən yazanların kitablarına köçmüş bu məlum deyimi Ukrayna ətrafında cərəyan edənlərin fonunda neçə gündür beynimdən çıxmır. Nələr görmədik bu az yaşımızda. Ötən onillərin məhəlli savaşlarını nəzərə almasaq, İkinci dünya hərbindən sonrakı nisbi siyasi debatlar, xala xətrin qalmasın xarakterli məsləhətləşmələr, dünyanın güc mərkəzlərinin sükanı arxasında yer alanların zahirən olsa da, əxlaqi, dünya barışının dərdini çəkən kimi görünmək dönəmi bütün əlamətləri ilə arxada qalmaqda, ambisiyaların zorakılıqla davam etdirilməsinə amansızcasına, gözünü qan örtmüşcəsinə, xəbiscəsinə, hətta deyərdik nümayişkaranə, meydan oxuyarcasına kurs götürüldüyünə şahid oluruq. Və bu aşkar tendensiya bizi — dünya işlərinə təsiri çox-çox məhdud olan balaca bir ölkənin ağlı üstündə olan vətəndaşını qorxutmaya bilmir.
Nəsə mənə elə gəlir ki, bu situasiya küçədə qarşıdan gələn hər kəsi qayğılandırır.
Necə ehtiyatlanmayaq ki, bu dəfə «balacalar» deyil, böyük güclər kəllə-kəlləyə gəliblər və hansı birininsə geri addım qoyması xarakiriyə bənzər bir şey olardı. Birdən bu açıq hərbə-zorbalar yumruqlaşmaya keçsə?..
Tarixi gedişat rakursundan dramatik situasiyadır, deyilmi? Öz aramızdır, bizim nəsil olduqca maraqlı qlobal presedentə şahid olmaqdadır. Bir az genişliklə baxa bilsək…
Yenə slavyanlar… Bir vaxt — düz 100 il öncə Sarayevoda şahzadə Frans Ferdinandı öldürən serb milliyyətçiləri dünyanı üz-üzə qoydular. Milyonların qanı getdi. Birincidən İkinci Dünya hərbi doğdu. Bu dəfə on milyonlarla qan… İndi yenə də slavyanlar. Bu dəfə Ukrayna və rus milliyyətçiləri anlaşa bilmədilər… Və Kiyevdə axmış 100-ə yaxın adamın qanı, Tanrı göstərməsin, böyüyüb milyonların həyatına başa gəlsin. Bu sətirləri yazdığım anlarda slavyanlığın son qalası, əzəli imperiya hikkəsindən qurtula bilməyən Rusiya və inkişafının zirvəsində olan avrosentrizm üz-üzə… Məhz son qala. Yəni Doğu Avropadakı slavyanlar artıq NATO çətiri altında özlərini hər zaman xətər gördükləri Rusiyadan güvəndə hiss edirlər. «Bu tərəfdə» üçü qalmışdı — onlardan balacası — baş verənlərdən qorxuya düşən Belarus susub cınqırını da çıxarmır.
Ortancısı — Ukrayna döyüş növbəsi çəkir. Kremlin pəncəsindən qurtulmaq üçün ölüm-dirim savaşına girən bu ölkənin bundan sonra artıq heç vaxt Rusiya ilə bir platformada dayanmayacağı şəksizdir. Müharibə olsa və olmasa belə, Krım qopsa və qopmasa belə.
Nələr olacaq qarşıda? Kimsə bilmir. Putin birdən-birə iki cəbhədə ixtilafa girməklə böyük yanlışlığa yol verdi. Stalin bunu edərdimi? Ağlımız kəsmir. Baxın, Uzaq Doğuda iştahla Sibir və Saxalin torpaqlarına baxan Çin və Yaponiya — Rusiyanın əzəli rəqibləri… Batıda böyük güclərdən biri də Rusiya ilə münasibətdə olmaq istəmir.
Stalin almanla savaşı gözünün altına alanda ölkə daxilində milyonlarla potensial müxalifini ucdantutma, son nəfərinə qədər məhv etmişdi. Bu gün isə Rusiyanın öz daxilində Putinin nə qədər müxalifi var. Bir sosial şəbəkələrə baxın, bloqlara göz gəzdirin. Onu quru yuyub yaş sərirlər. Duruma baxırsınızmı?!
Rusiya təklənib, onu təkləyiblər. KTMT burada bir işə yaramır.
Rusiya tarixdə artıq neçənci dəfədir «Krım macərası»na baş vurur. Yekaterina çağında Krım Osmanlıdan qoparıldı, aradan 70 il keçmiş Osmanlı, Britaniya və Fransa birləşib «Krım savaşında» Rusiyanı Krımdan vurub çıxardılar. Sonra yenə Rusiyaya qaytarıldı. Oktyabr çevrilişindən sonra Krım bir ara bağımsız oldusa, sonra bolşeviklər onu yenə Rusiyaya bağlamışdılar. Xruşşov nə fikirləşmişdisə bu vilayəti Ukraynaya qatmışdı. İndisə… Ruslar geri istəyir.
Bu əzəli türk-qıpçaq yurdundan son iki yüz ildə nə qədər deportasiyalar olduğunu səhih bilirikmi? Nə oldusa, bizə oldu. Hər dəfə Krım ətrafında macəra yaşananda yerli türk əhalisi oyundankənar qalır. Bu dəfə də elə. Zülm görmüş qardaşlarımız burada yenicə yer-yurd olur, dağılmış evlərini, insansız qalmış kəndlərini bərpa edirdilər. Hər şey yenidən alt-üst olur. Krım Rusiyaya — hər zaman pislik gördükləri, yaxşı heç nə görmədikləri bu ölkəyə qatılsa, halları necə olacaq onların?
Bu yarımadada yaşayan qardaşlarımızın lideri, bizim əzəli dostumuz Refat Çubarov deyir ki, «hər şey sürətlə dəyişir. Elə sürətlə dəyişir ki!..» Təki yaxşılığa doğru dəyişsin.
Beynəlxalq hüquq dediyimiz mənasız bir şeyə, beynəlxalq prinsiplər dediyimiz boş bir lafa çevrildi. Çeynəndilər, sadəcə. BMT-mi? Onun bizim ölkə ilə bağlı dörd bəlli qətnaməsinə tüpürən belə yoxdur. Avropa Şurasımı? Qoy harda oturmuşuq, oturaq. NATO-mu? Bu situasiyada nə edəcəyini görəcəyik.
Hə, dostlar, Qarabağ üzərində nəzarətimizi qaytarmaq istərkən dünya çapında birdən-birə, heç gözləmədiymiz halda belə bir anormal situasiya yaranır. Fikir verdinizsə, bu gün rus aşırı milliyyətçiləri, rəsmi şəxslər, partiya liderləri 1988-ci ildə məlum erməni iddialarının öndə gedənlərinin leksikonu ilə danışırlar. Buna diqqət etdinizmi?
Yaxşı, bu situasiyada biz necə davranmalıyıq və davranacağıq, dünya işlərinə bir elə təsirləri olmasa da, hər halda istinad yerimiz olan Türk dövlətləri ön xətdə olan bizə münasibətdə necə davranacaq, qonşu dərədəki düşmən necə davranacaq, bundan nə şəkildə faydalanmağa çalışacaq — məsələ bundadır. Bütün bunların fərqindəyikmi?
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183