Muəllif:

Həqiqət heç vaxt əks qütblərin tən ortasında olmur

Mətbuatda çıxışlarını izlədiyim istedadlı jurnalist Ramin Dekonu bu dəfə qəzetdən yox, elektron poçtumdan oxudum. Məktub yazmışdı. Əslində, məktubu mənə deyil, Qulu Məhərrəmliyə ünvanlamışdı. Mənisə, Qulunun dostu kimi, bir növ, şahid seçmişdi. Amma cavabını ikimizdən də gözləyirdi.
Ramin həmkarımın icazəsi ilə onun məktubunu da (kiçik ixtisarla), öz cavabımı da dərc etmək üçün üçüncü dostumuz Elçin Şıxlıya verdim.
Ramin Dekonun məktubu:
«…Mesajı hər ikinizə ona görə yazdım ki, buna məcbur idim. Bu işə sövq edən Qulu müəllim oldu…
Bir jurnalistin prezidentlə görüşündə qəribə heç nə yoxdur. İstənilən medianın təmsilçisi, hətta müxalifət mediasının nümayəndəsi — baş redaktoru, redaktoru, məsul katibi, reportyoru prezidentlə görüşə, müsahibə ala bilər. Bu, normal haldır və həm də belə bir işin bizim ölkədə olması təqdirəlayiqdir. Ancaq «Jurnalistlərin dostu» mükafatının verilməsi və bu mükafatın məhz prezidentin evində verilməsi normaldırmı? Jurnalist prezidentlə görüşə bilər, ancaq prezidentə mükafatın təqdimat mərasimində iştirak edə bilməz. Problemi yaradan elə prezident deyilmi?
Heydər Əliyev jurnalistləri arabir başına toplayıb ya müsahibə verərdi, ya da söhbət edərdi. Orada hər kəs iştirak edə bilər. Ancaq dostluğa aid mükafatın təqdimatında yox…
Mənim bu fikrimlə razısınızmı? Razısınızsa, onda, Qulu müəllim, niyə bu cür açıqlama vermisiniz? Sizi istintaqa çəkmək fikrim yoxdur, çünki mən də müstəntiq deyiləm. Sadəcə, bir jurnalist kimi, həm də bu sahənin peşəkarı olduğunuzu bildiyimdən, vətəndaş mövqeyindən çıxış edərək Sizə — Qulu müəllimə — sual ünvanlayıram. Arif bəyə də bunu ona görə yazıram ki, o da söhbətə şahidlik etsin, mənim nə qədər səhv olduğumu tərəzinin gözündəki rəqəmlərlə ifadə etsin.
Prezidentdən jurnalistə dost olarmı? Siyasətçidən jurnalistə dost olarmı? Problemləri yaradan adama verilən… mükafat təqdimatında iştirak etmək olarmı?… Qulu müəllim, deyirsiniz ki, «ölkə başçısı jest edərək jurnalistləri öz iqamətgahına dəvət edir». Bu, düzdürmü? Əgər düzdürsə, onda xahiş edirəm, mənə də nə vaxt mükafat verməli olsanız, həmin mükafatı «Azadlıq» qəzetinin redaksiyasında verəsiniz, hansısa otelin konfrans zalında yox.
Hər iki dəyərli şəxsiyyətdən cavab gözləyirəm».
Dostum Raminə cavabım:
«Biz Qulu müəllimlə yaxın dost olsaq da, müəyyən məsələlərə fərqli baxışımız ola bilər və bu, belədir. Hərçənd, söhbət nüanslardan gedir.
Əvvəla, təkrarlansam da, deyim ki, mən bu tədbiri görüş yox, mükafatın təqdimetmə mərasimi sayıram. Və ümumiyyətlə «Mətbuatın dostu», «Mətbuatın düşməni» kimi nominasiyalara pis baxıram, heç vaxt belə sorğular keçirməmişəm və onlarda iştirak etməmişəm.
Çünki, birincisi, bu cür tədbirlər, hansı məqsədlə təşkil edildiyindən asılı olmayaraq, sonda birmənalı siyasi aksiya xarakteri alır və onlardan güclü siyasi konyunktura iyi gəlir.
İkincisi, jurnalist təşkilatları mükafatlarını jurnalistlərə və onun üçün gündəm yaradan, yeni ideyalar gətirən ictimai xadimlərə, mütəxəssislərə verə bilərlər. Professional mühitdə siyasi liderlər və dövlət xadimləri ancaq siyasi karyeralarını başa vurduqdan sonra mükafatlandırılırlar. O da nadir hallarda.
Və nəhayət. Oxuduqlarımdan, gördüklərimdən, iş təcrübəmdən çıxardığım nəticə budur ki, siyasət müstəvisində nə kimisə «dost» deməklə haqqa yönəltmək, nə də «düşmən» adlandırmaqla islah etmək mümkündür.
Odur ki, yalnız 3-5 ildən bir prezidentə mükafat vermək üçün başını yastıqdan qaldıran bir təşkilatın seçiminin nə qədər ədalətli olub-olmadığı barədə mübahisəyə qoşulmaq istəmirəm. Bu yerdə ədalət axtarmaq əbəsdir, çünki prinsip özü tərs-məzsəbdir.
Azərbaycan Prezidentinin mükafatlandırılması mərasiminin prezidentin iqamətgahında keçirilməsi də mənim üçün kiçik məsələdir. Razıyam ki, kimdəsə haqlı sual doğurur və qaydalar başqa cür tələb edir. Amma prinsip xarakterli norma pozulan yerdə, prosedur xarakterli qaydaya əməl olunsaydı, bu, təsəllimi olardı? Bir həkim çağırıldığı xəstənin üstünə gecikir. Gəlib görür, xəstə keçinib. Mərhumun qohumlarından soruşur: «Xəstə ölümündən əvvəl tərləmişdi?» Cavab verirlər ki, «tərləmişdi». Həkimin bir az eyni açılır: «Hə, bax, bu yaxşı olub». Guya ki, mərasim Park İnn otelində, ya «Alov qülləsi»ndə keçirilsəydi, bizim «müstəqil media»nın alnına tər gələcəkdi? Belə daha yaxşıdır: hər şey öz məntiqinə uyğundur.
Ona görə özünüz üçün də eyni prosedur tələb etməyin. Hərçənd, bu, «Yeni Nəsil» Birliyinə təhlükə yaratmır. «Media açarı»nı siz artıq almısınız. O da jurnalistə bir dəfə verilir.
Gəldik çıxdıq Qulunun tədbirdə iştirak barədə dediklərinə və sizin ən çox etirazınıza səbəb olmuş məsələyə. Ümid edirəm ki, müsahibələrimi oxumusunuz, bu məktubda da bütövlükdə problemə münasibətimi ifadə etmişəm, amma məni mərasimə dəvət etsəydilər, gedərdim. İmkan tapıb, fikirlərimi bildirərdim. Bəli, biz ətrafda baş verənlərə tənqidi yanaşırıq. Amma dialoq, düşmənçilik münasibətlərindən arqumentlərin qarşılaşması mərhələsinə keçid, real çıxış yollarının axtarışı tərəfdarıyıq. Sözlərimizi dəfələrlə qulaq ardına vursalar da, onları təkrar etməyə hazırıq. Çünki bu üsulun inkişafı təmin edə biləcək optimal üsul olduğuna inanırıq. Hələ də inanırıq. Və cəmiyyətimizin ən böyük problemi hakimiyyətin, bizim fikrimizcə, səhv daxili siyasət yürütməsi, onun bir çox nümayəndələrinin korrupsiyaya aludə olması, hətta Qarabağ probleminin həllində uğursuzluğu deyil, iqtidar mənsublarının çatışmayan cəhətlərindən ən ciddisi onların özlərindən başqa heç kimi eşitmək istəməməsi, ətrafına yalnız «ləbbeyk» deyənləri toplaması və fərqli düşüncəli insanlarla dialoqun yalnız «mən taxtda əyləşim, sən hüzurumda dayan» formatını qəbul etməsidir. Mən bu düşüncə tərzinin nə dərəcədə ziyanlı oduğunu iqtidarın özünə söyləmək imkanını əldən vermək istəməyənlərin tərəfindəyəm. Bilirəm ki, elə ona görə dəvət olunmamışam. Sadəlövh də deyiləm, bir çıxışla ictimai münasibətlərdə dönüş yaratmaq iddiasında bulunmuram. Amma baxın: Rauf Arifoğlu mərasimdə medianın problemlərinin də olduğunu dilə gətirən yeganə iştirakçı oldu, həmin problemlərdən, bəlkə, üçüncü dərəcəlisini seçdi, lakin siz rezonansa diqqət yetirin — həftələrdir, məsələ müzakirə mövzusudur.
Bu müzakirələrdə sərt mövqe nümayiş etdirənlərin, mərasimə qatılan müstəqil KİV rəhbərlərini «mükafata legitimlik gətirdikləri» üçün tənqid atəşinə tutanların məntiqini başa düşürəm. Onu da bilirəm ki, həqiqət heç vaxt əks qütblərin tən ortasında olmur. Mənimçün bu «qütblərlə» «orta» arasında qalanlar çox maraqlıdır. Görəsən, müstəqil olduqlarını iddia edən media nümayəndələri təcrübəli siyasətçi və dövlət xadimini «dost» adlandırmaqla onu özünə yaxınlaşdırdıqlarına, açıq deyək, ondan nə isə qoparacaqlarına ümidlidirlərsə, əslində özlərinin təhlükəyə nə dərəcədə yaxın gəldiklərinin fərqindədirlərmi?
Çox məşhur bir deyim var: «İlahi, məni dostlarımdan qoru, düşmənlərimlə özüm bacararam». Bu aforizmin kimə məxsus olduğu barədə mübahisələr davam edir. Onun müəllifləri sırasında Fransa kralı XVI Lüdovikin, Polşa kralı Sobeskinin, imperator Napoleonun, hətta Makedoniyalı İsgəndərin adları çəkilir. Hamısı da dövlət xadimi, siyasətçidir.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 211