Həqarətin cavabı: üç dayısına bir yerdə od vurdu…
Sumqayıtda baş verən dəhşətli hadisənin səbəbləri məlum olub. Şəhər ProkurorluğundanAPA-ya verilən məlumata görə, hadisənin baş verməsinə 23 yaşlı Əsgəralı Abbasovun dayıları arasında şəxsi münasibətlər zəminində baş verən münaqişə səbəb olub.
Polis tərəfindən saxlanılan Abbasov ilkin ifadəsində qeyd edib ki, dayıları tərəfindən tez-tez təhqir olunurmuş. O, hadisə baş verməzdən əvvəl də dayıları tərəfindən təhqir edildiyini, anasının və atasının ünvanına nalayiq ifadələr səsləndirildiyini qeyd edib. Təhqirlərə dözə bilməyən Abbasov dayılarını öldürməyə qərar verdiyini açıqlayıb.
Prokurorluqdan həmçinin bildirilib ki, faktla bağlı CM 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir.
Hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb. Bəzi bilgilərə görə,hadisə baş verən zaman hadisəni törədən və ölən şəxslər sərxoş olublar. Onlar bir yerdə yeyib içdikdən sonra aralarında mübahisə düşüb.
23 yaşlı Ə. Abbasov da dayılarının — – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin sərxoş olmasından istifadə edərək onların olduğu otaqdakı yorğan-döşəyə od vurub və otağın qapısını bağlayıb. Nəticədə hər üç şəxs tüstüdən boğularaq ölüb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.