Həftəbecər
Adamda bəxt yaxşı şeydir. Son vaxtların populyar bir mahnısında çox xoşuma gələn bir ifadə var. «Həmişə bəxtim olub qara, təkcə qarpızım ağ çıxıb.» Xoşbəxt! Əslində bəxtsizlik kimi görünsə də, heç olmasa qarpızın ağ çıxıb. Fikir eləmə, hər halda, ağ elə ağdır. Buna da şükür. Mənim də, deyəsən, bəxtim bir az gətirib. Dostlarımın başı qarışıb beynəlxalq münasibətlərdən, qlobal problemlərdən yazmağa. Cəmiyyətimizi narahat edən «xırda» məsələlərə öz münasibətimi bildirmək üçün, daha doğrusu, ürəyimi boşaltmaq üçün əlimə fürsət düşüb.
Statistika göstərir ki, ölkəmizdə gənc ailələrin dağılması faizi ildən-ilə artır. Qəribədir ki, bəlli bir faiz boşanmaların səbəbi sosial şəbəkələrdəki yazışmalar və telefon mesajlarıdır. Yox, mənim texnologiyanı günahlandırmaq fikrim yoxdur. Amma buna görə gənclər bir-birilərini xəyanətdə ittiham edir və nəticədə ailə dağılır. Bunu necə başa düşək? Cəmiyyətdə xəyanətə meyillilik artıb, yoxsa qarşılıqlı inam və etibar azalıb? Mənim gənc olduğum vaxtlarda boşanmalara çox nadir hallarda rast gələrdik və buna səbəb kimi əksərən xasiyyət uyğunsuzluğu, yaxud da ailədaxili çəkişmələr, gəlin-qayınana münasibətləri və s. göstərilirdi. Hər halda, mənim yadımda deyil ki, kimsə desin ki, bunun səbəbi xəyanətdir. İndi nə olub, nə baş verir, ağalar? Yoxsa cəmiyyətdə kütləvi biqeyrətləşmə gedir?
Son vaxtlar ər tərəfindən arvadın öldürülməsi halları artıb. Özlüyündə çox acınacaqlı bir haldır. Amma məni narahat edən həm də məsələnin başqa tərəfidir. Belə qətli törədənlərin əksəriyyəti ifadə verirlər ki, bu işi qısqanclıq zəminində ediblər. Əvvəllər də, çox nadir hallarda olsa da, eşidərdik ki, filankəs arvadını öldürüb. Amma eşitməzdik ki, hətta bu, belə olsa da belə, kişi bunu arvadın xəyanətinə görə etdiyini deyə. Hər halda, belə ləkəni övladlarının anasına yaxmaq qəhrəmanlıq sayılmırdı. Əlaqələrimdən istifadə edib bir neçə belə hadisəni araşdırdım və çox qəribə bir mənzərə ilə rastlaşdım. Əlbəttə, həqiqətən, xəyanətə görə arvadını qətlə yetirənlər də var. Amma istintaq və məhkəmə araşdırmaları sübut edib ki, əksər hallarda bu hadisələrin səbəbi xəyanət yox, ailədəki sosial-maddi problemlərdir. Bəs onda «kişilər»i nə məcbur edir ki, bunu qadının xəyanətinə görə etdiyini deyirlər? Bəlkə ona görə ki, kriminal aləmdə namus üstə türməyə düşənlərə münasibət bir az yumşaq olur. İlahi, mən kimi qınayım? Arvadın ər tərəfindən öldürülməsinə səbəb olan sosial-maddi problemləri yaradan cəmiyyətimi, yoxsa türmədəki yerini «xoş» eləmək xatirinə ömür-gün yoldaşına, övladlarının anasına böhtan atan ərimi? Yoxsa sərhədlərin açılması, millətlərin bir-birinə inteqrasiyası bizim milli düşüncə tərzimizi «batırır»?
Bu gün məmləkətimizdə qəribə bir ikitirəlik yaranıb. Əhalinin bir hissəsi, əksəriyyəti cavanlar, gənclər olmaqla, inkişafın istiqaməti kimi Avropa dəyərlərini, Avropa mədəniyyətini əsas götürür, digər hissəsi isə milli dəyərlərimizi hər şeydən üstün tutur və yad dəyərlərin bu millətə lazım olmadığını israr edirlər. Mən bu tendensiyaların hansının daha doğru olduğu haqda mücadilə açmaq fikrində deyiləm. Hərçənd ki, bu haqda, əlbəttə, öz mülahizələrim var. Amma bir şeyi əminliklə deyə bilərəm ki, bu millət öz dəyərlərini tam itirməmiş çəkici bir zindana döyməlidir. Kişi sözü anlayışı bərqərar olmalıdır. Qeyrət yalnız söz olaraq qalmamalıdır. Belə davam etsə, ya biz batacağıq, ya da ümid qalacaq Allaha. Köhnə bir məsəldə deyildiyi kimi. Bir ailənin iki qızı olur. Bu qızların ərə getmək vaxtı çatanda, elçi düşür və qızların biri arana, digəri dağa köçəsi olur. Aradan bir müddət keçir. Təbii ki, mobil telefonun-filanın olmayan vaxtı idi. Arvad ərinə deyir ki, a kişi, get bir qızlara baş çək, gör necədirlər, necə dolanırlar. Kişi düzəlir yola və əvvəl arandakı qızına baş çəkir. Hal-əhvaldan sonra soruşur ki, necəsiniz, neynirsiniz? Kürəkən cavab verir ki, hər şey yaxşıdır. Pambıq əkmişik. Amma yağış yağsa, batdıq. Nə isə, kişi yağışın yağmaması üçün dua edə-edə sağollaşır və üz tutur dağdakı qızı gilə. Gəlir çatır və salam-kəlamdan sonra bunlardan soruşur ki, nə var, nə yox? İndi də bu kürəkən deyir ki, salamatçılıqdır. Kartof əkmişik, amma yağış yağmasa, batdıq. Kişi qalır mat-məəttəl. Bilmir hansı üçün dua etsin. Bir gün də burda qalıb, səhərisi düşür yola. Gəlib evə çatanda arvad çıxır qabağına ki, kişi, qızlar necədir? Kişi başını bulayıb cavab verir ki, arvad, bircə onu bilirəm ki, ikisindən biri «batacaq». Qaldı ki, hansı, o qalıb Allaha!