Heç kim inciməsin
Son vaxtlar müxtəlif mətbu orqanlarda Azərbaycan televiziya kanallarının vəziyyəti, verilişlərinin səviyyəsi ilə bağlı yazılara çox rast gəlirik. Onların içərisində məsələyə peşəkar yanaşma nümunələri də az deyil. Bu baxımdan yenidən televiziya məsələsinə qayıtmaq bəlkə də bir az artıq görünür. Amma neyləyəsən ki, televiziya sutka ərzində ən çox ünsiyyətdə olduğumuz KİV növüdür və adam orada gördüyü naqisliklərə biganə qala bilmir. Mən telejurnalist deyiləm. Ona görə də televiziyanın nə texniki, nə də telepeşəkarlıq səviyyəsinə toxunmaq istəyirəm. Yəqin ki, bu barədə peşəkar rəyi daha önəmlidir. Diqqətinizi cəlb etmək istədiyim məsələ daha çox dil, etika və əxlaqla bağlıdır.
Azərbaycan həm etnik, həm də etnoqrafik baxımdan çox rəngarəng bir ölkədir. Buna görə də bölgələrimizin bir-birindən gözəl fərqli adət-ənənələri, şivə, dialekt və ləhcələri var. Amma bununla belə, efir-ekran məkanında hamımızın riayət etməyə borclu olduğumuz, yazılmış və ya yazılmamış müəyyən qanunlar mövcuddur. Bunlardan biri də odur ki, danışıq zamanı ədəbi dilimizin həm leksik, həm qrammatik, həm də orfoqrafik «qanunları» gözlənilməlidir. Əlbəttə, söhbət folklorla bağlı verilişlərdən və yaxud hansısa bir verilişdə canlandırılan obrazın danışdığı dildən, ləhcədən getmir. Amma teleaparıcı yad söz, yad intonasiyadan istifadə edirsə, nə qədər doğma da olsa, hər hansı bir bölgənin ləhcəsi ilə danışırsa, mən bunu başa düşmürəm. Bəzən elə olur ki, dilimizi gözəl bilməyimə rəğmən (təvazödən kənar da olsa) aparıcının dediklərini güclə anlayıram. Və yaxud təsəvvür edin ki, jurnalist Ukrayna hadisələrini Şəki ləhcəsi ilə şərh edir. Sizcə, bu, lətifəyə bənzəməzmi? Bu yaxınlarda təsadüfən bir verilişə baxdım. Həmin verilişə dəvət olunmuş bir qadın iddia edirdi ki, qadın öz xoşbəxtliyini tapmaq xatirinə ON BEŞ DƏFƏ DƏ ƏRƏ GEDƏ BİLƏR. Həm də öz mövqeyini elə cidd-cəhdlə müdafiə edirdi ki, tüklərim biz-biz oldu. Əzizim, axı bizlərdə 15 kişi ilə yatmış qadına (qanuni, ya qeyri-qanuni) xoşbəxt yox, fahişə deyirlər! Mən heç kimin şəxsi işinə, şəxsi həyatına qarışmaq istəmirəm və kimisə təhqir edib ağıl vermək iddiasında da deyiləm. Hər kəs necə yaşayacağını özü bilər. Amma, Allah xatirinə, öz fikirlərinizin doğruluğunu bizə sübut etməyə çalışmayın. Əslində mənim davam televiziya ilə, daha doğrusu, belə fikirlərin təbliğinə şərait yaradan teleəməkdaşlarladır.Axı bu verilişlərə uşaq da, böyük də baxır. Bəs əxlaq?
Son vaxtlar dəb halını alıb. Bir çox sosial-mənəvi yönümlü verilişlərə məşhur insanları ekspert qismində dəvət edirlər. Onların arasında hamının hörmət etdiyi müxtəlif peşə sahibləri də az deyil. Amma bir də görürsən ki, nəyinsə hesabına efirə yol tapmış ədəbaz bir gənc yadından çıxarır ki, ekran qarşısında oturanların çoxu onun valideynləri yaşındadır. O ədəbazı başa düşdüm. Bəs bu verilişi hazırlayanlar hara baxır? Və yaxud 4-5 uşağının hərəsinin bir kişidən olduğunu özü etiraf edən biri Azərbaycan qadınının ismət və ləyaqətindən ağız dolusu danışır. Bəs etika?
Hörmətli telekanallar! Tanrı xatirinə, övladlarımızın gələcəyi naminə! Əxlaqı naqis olan, Azərbaycan adamının şərəf və ləyaqətindən danışmağa mənəvi haqqı olmayan kəsləri efir məkanından uzaq tutun! Min illərdir ağlığına əmin olduqlarımıza qara deyib övladlarımıza təlqin etməyə çalışanları ekspert kimi verilişlərinizə dəvət etməyin! Gələcəyimizi reytinqlərinizə qurban verməyin!
Bir köhnə əhvalat yadıma düşdü. Sovet vaxtında partkomların masasınin üzərinə qırmızı örtük çəkilərdi. Bir dəfə bir qoca partkomu hədələyərək əlini masanın üstünə çırpır və deyir:
— Bu qırmızı stol haqqı, mən deyən olmasa, aləmi dağıdacam.
Partkom pərtliyini gizlətmək üçün deyir:
— Ay qoca, yaxşı bax, görmürsən, stol göy rəngdədir?
Qoca bir anlıq duruxur və cavab verir ki:
— Ay vələd-əz zina! Şura gələndən bu stol qırmızı idi, amma sənin kimilər onu göyərtdilər.
Əziz televiziya işçiləri! Elə edin ki, sabah bu sözləri sizin ünvanınıza deməsinlər. Qabaqdan Novruz bayramı gəlir. Birdən kimsə el adəti ilə niyyət tutub, «qəzet» falına çıxar. Ona görə də yazımı gözəl arzularla bitirmək istəyirəm. Bayramınız mübarək, əzizlərim. Neçə-neçə gözəl bayramlara çıxasınız. Üzünüzdən, gözünüzdən təbəssüm əskik olmasın. Neyləyim, necə edim deməyəsiniz. Can deyib, can eşidəsiniz!