Muəllif:

Hamilə qadınları Azərbaycan televiziyasına baxmağa qoymayın

Srağagün elə yerdə idim ki, yaxamı kənara çəkə bilmədim, Azərbaycan televiziyasının verilişlərinə baxmağa məcbur oldum. Uşaqlıqda sevdiyimdən az qala qucağımda gəzdirmək istədiyim bu «sehrli qutu»nun niyə indi mənimçün işgəncə aparatına çevrildiyi barədə düşündüm.
Yerli televiziyadan, prezident administrasiyasının rəhbərliyi, Milli Teleradio Şurası, rəsmi dövlət qəzeti daxil, hamı şikayətlidir. Qəribə hal yaranıb: hökumət onu ardıcıl tənqid edir, cəmiyyət üzünə ağır sözlər deyir, mənim kimiləri heç baxmamağa çalışır, televiziya isə inadkarlıqla yeni-yeni işgəncə üsulları — adamların ruhunu didişdirən tok-şoular, mənasız və şit seriallar, debillər yetişdirən intellektual oyunlar tapıb ortaya çıxarır. Heç bilmirsən, bu əzab-əziyyət daha çox tamaşaçılar üçündür, yoxsa jurnalistlərin özləri üçün. Axı belə sado-mazoxizmin də bir səbəbi var!
İşin içində olanlar Azərbaycan televiziyasını informasiya-əyləncə fabrikindən çox, ideoloji silah zavoduna bənzədirlər. Yəni o, hansısa ideoloq, daha böyük ehtimalla, ideoloqlar komandası tərəfindən istiqamətləndirilir. Bəs bu komandanın özü istiqamətləndirdiyi televiziyaya ekrandan baxanda dəhşətə gəlir, hətta hərdən dözməyib haray çəkirsə, onda necə? Nə baş verir? Niyə hökumət də, cəmiyyət də, inandırım sizi, telejurnalistlər özləri də istədikləri halda heç nə dəyişmir? İdeoloqlar komandası yenilənir (bayaq dediyim «işin içində olanlar» nədən söhbət getdiyini bilirlər), televiziyanın bir rəhbərini başqası əvəz edir, jurnalistlər dəstə ilə işdən çıxarılıb yerlərinə başqaları qoyulur. Televiziyanın isə heç «alnına tər də gəlmir». O öz həyatı ilə yaşayır, eybəcərliklər, yalanlar doğub-törəməkdə və bizi də özünə oxşatmaqda davam edir. Belə çıxır ki, əsl problem nə istiqamətverici komandanın üzvlərində, nə televiziyanın rəhbərliyində, nə də jurnalistlərdədir. Hər şey yenə gəlib toxunulmaz qalan ideologiyaya dirənir, bütün təşəbbüslər, yenilik cəhdləri kökündəcə quruyur. Teleşirkətlər çoxdur, amma mən ümumi şəkildə «Azərbaycan televiziyası» deyirəm, çünki kanallar arasında əhəmiyyətli fərq tapmıram.
Srağagün olduğum, daha doğrusu, qalmalı olduğum yerdə xəbərlərə qulaq asmaq üçün kanalları çevirirdilər. Xəbərlərin hamısı bir adamın burnundan düşmüş kimi görünür, bəziləri həqiqətən burundan axıb ağıza dolan maye qədər ürək bulandırırdı. Ekranın qabağında keçirdiyim müddətdə qulağım çox şey eşitdi. Rəsmi şəxslərdən birinin dilindən səslənən fikir isə məni diksindirdi: Ermənistanın demoqrafik vəziyyətinin getdikcə pisləşməsi, yəni çarəsiz insanların evlərini atıb Rusiyaya, Avropaya, Amerikaya üz tutması bizim rəhbərliyimizin düşmən ölkədən Xocalı faciəsinə görə aldığı qisas kimi qiymətləndirilməlidir. Belə bir tükürpədici müqayisənin nisbətən gənc dövlət kadrının ağlına gəlməsini, tutaq ki, başa düşmək olar: yarınmağın həddi-hüdudunu müəyyənləşdirməkdə, onun nə zaman küfrə çevrildiyini anlamaqda hələ çətinlik çəkir. Televiziya ki, bu işin ustasıdır. Amma həmin axşam müxtəlif kanallar eyni əcaib cümləni xəbər başlığına çevirib anonsa çıxarır, durmadan təkrarlayırdılar…
Gərək ki, Ramiz Rövşən demişdi: hamilə qadınları Azərbaycan televiziyasına baxmağa qoymaq olmaz. Xəstə uşaqlar doğarlar.
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 453