Gürcüstanlı soydaşlarımız arasında «AB-yə inteqrasiya həftəsi»
“Gürcüstanın NATO-ya üzv olmasına heç bir maneə yoxdur və bizim həm NATO-ya, həm də Avropa Birliyinə inteqrasiya olunmağımıza da ciddi problemlərimiz yoxdur”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu fevralın 11-də NATO və Avropa Birliyinin Regional İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Marneulidə azərbaycanlıların rəhbərlik etdiyi QHT və media nümayəndələri ilə keçirilən görüşdə NATO və Avropa Birliyinin Regional İnformasiya Mərkəzinin direktoru Elena Qotsadze bildirib:
“Biz iki həftədən sonra Azərbaycan dilində NATO və Avropa Birliyinə (AB) inteqrasiyaya aid broşurlar nəşr edəcəyik. Biz həm rayon mərkəzlərində, həm də kəndlərdə görüşlər keçirib təbliğat işini gücləndirəcəyik. Apreldə Gürcüstanda “NATO həftəsi”, may ayında isə “AB-yə inteqrasiya həftəsi” keçirəcək, müxtəlif tədbirlərə start verəcəyik. Bu tədbirlərdə müsabiqələr də təşkil ediləcək və burada azərbaycanlı şagirdlər də iştirak edəcəklər”.
Qotsadze hazırda Gürcüstanın AB-yə inteqrasiyasının sürətlə getdiyini bildirib: “AB qurumuna inteqrasiyamız sürətli addımlarla davam edir. AB bizdən mümkün olmayanı tələb etmir və Gürcüstanın qarşısına yerinə yetirə bilməyəcəyi tələbləri qoymur. AB bizdən ideal ölkə olmağı tələb etmir. Gürcüstanın NATO-ya üzv olmasına heç bir maneə yoxdur və bizim həm də AB-yə inteqrasiya olunmağımıza da ciddi problemlərimiz yoxdur. Bu, bir prosesdir. Ola bilsin ki, bu proses uzun illər davam etsin və bu bizim inkişafımız üçün müsbət və mühüm rol oynaya bilər”, deyə Qotsadze vurğulayıb.