Gürcüstanda SOCAR-ın ucuzlaşdırmaya getməsınə səbəb bazarın tələbidir
Gürcüstanda benzinin qiymətinin ucuzlaşması Azərbaycanda yanacaq məsələsini yenidən aktuallaşdırdı. Nefti idxal edən ölkə olan Gürcüstanda yanacağın qiyməti ucuzlaşması fonunda neft hasil edən Azərbaycanda bahalaşmanın olması məntiqsiz görünür.
Xatırladaq ki, Tarif Şurasının qərarı ilə ötən ilin dekabrın 3-də benzin və dizel yanacağı 30 faiz bahalaşması ilə, onun dəyəri 1 dollardan yüksək oldu.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Gürcüstanda benzinin ucuzlaşması, Azərbaycanda isə bahalamasının əsas səbəbi Azərbaycanda yanacaq bazarının dövlətin inhisarında olması və qiyməti dövlətin strukturu olan Tarif Şurası müəyyən etməsidir. Əslində, Tarif Şurası heç bir hüquqi aktla tənzimlənmir, qərar vermə «hüququ» yoxdur, sadəcə verilən qərarları təsdiqləyir.
Ekspert onu da vurğuladı ki, Gürcüstanda ən azı 50-yə yaxın şirkət pərakəndə neft satışı ilə məşğul olur. SOCAR-ı isə oradakı bazar məcbur edir ki, qiymətləri ucuzlaşdırsın. Çünki orada heç bir üstünlüyə malik deyil, bazarda olan 50 şirkətdən yalnız biridir. Bazarın oyun qaydalarına uyuşmaq məcburiyyətindədir.
N.Cəfərli əlavə etdi ki, ötən ilin dekabr ayında ölkəmizdə benzinin qiymətinin özü deyil, ona tətbiq edilən aksiz vergisi artırıldı. Benzinin topdansatış qiyməti dəyişməyib:”Bu da büdcədə olan problemlə bağlıdır. 2014-cü ilin büdcəsində rekord həddə -2 milyarda yaxın kəsir var. Hökumət büdcədə yaranan problemlərin bir qismini yanacağın qiymətini artırmaqla həll etmək istəyir».
Azərbaycanda da benzin satışının özəl şirkətlərə həvalə edilməsinin mümkünlüyünə gəlincə, N.Cəfərli vurğuladı ki, bunun üçün bazar tam liberallaşmalı, inhisarçılıq aradan qaldırılmalı, xarici şirkətlərin bu sektora daxil olmasına şərait yaradılmalıdırdır ki, tam rəqabətli bir mühit olmalıdır.