Güneyli soydaşlarımız Vaşinqtonda antiiran aksiya keçiriblər
Fevralın 26-da əslən Güney Azərbaycandan olan bir qrup soydaşımız Vaşinqtonda İranın keçmiş səfirliyinin, hazırda Tehranın maraqlarını təmsil edən ofisin qarşısında aksiya keçirib. Etirazçılar İranda azərbaycanlı fəalların siyasi motivlərlə həbsindən narahatlıqlarını bildiriblər.Turan-ın Vaşinqton müxbirinin xəbərinə görə, aksiya iştirakçıları Azərbaycan dilinə status verilməsini, İranın azərbaycanlı əhalisinin mədəni hüquqlarının təminatını tələb ediblər.
Etirazçıların sözlərinə görə, son həftələr Doğma Dil Günü bayramı ərəfəsində İranda 100-dən çox adam həbs olunub. Saxlanılanlardan çoxuna indiyədək ittiham irəli sürülməyib.
Aksiya iştirakçıları “Güney Azərbaycan İran deyil!”, “35 mln. azərbaycanlıya məhəl qoymadığınız yetər!”, “Siyasi məhbuslar azad edilsin!” şüarlarını səsləndiriblər.
“Biz öz doğma dilimizdə danışmaq istəyirik, uşaqlarımızı bu dildə oxutmaq, onlarla öz dilimizdə ünsiyyətdə olmaq istəyirik, fars dilində yox”, — aksiya iştirakçısı Vida Doşabçı bildirib.
Digər fəal Alparslan Çehrəqanlı Turan-ın müxbirinə deyib ki, İran əhalisinin demək olar ki, yarısını azərbaycanlılar təşkil edir. Lakin bizim əsas hüquqlarımız yoxdur, heç bəzi azlıqların malik olduğu qədər hüququmuz yoxdur”.
Aksiya iştirakçıları öz bəyanatlarını oxuyublar və İranın maraqlarını təmsil edən ofisin nümayəndəsinə təqdim ediblər. Onlar həbs olunanlarını dərhal azadlığa buraxılmasını tələb ediblər .

