Muəllif:

Göydən ölü quş yağışı

Diksindim. Ətim ürpəşdi. Göydən ölü quş yağışı… Bilirsinizmi harda? Urmu gölündən daha güneylərə doğru çılpaq dağlarda, çöllərdə. Dəhşət filmlərinə layiq bu mənzərə yurdun o yerlərinin insanı üçün adiləşmiş bir gerçək imiş. Quzeylərdən gələn köçəri quşlar enmək üçün onlara tanış böyük gölün sularını görməyəndə havadaykən çaşıb qalır və enişləri üçün böyük bir sututar ararkən instinktiv olaraq uçuşlarını daha güneylərə doğru davam etdirmək zorunda qalırlar. Və gücləri çatmaz bu uçuşa, gücləri tükənər və göylərdəykən ölər — ölü düşərlər yerə…
Bunu MEA Coğrafiya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ramiz Məmmədov bu günlərdə Urmu gölünün fəlakətli durumuna həsr edilmiş konfransda deyirdi. O da, İllinoys Universitetindən (ABŞ) soydaşımız, professor Məhəmməd Babadost da Azərbaycan türkünün başına bəla gətirmiş bu fəlakətin elmi tərəflərini izah edərkən mən quşları və gölün sahilində yaşayan və indi zorba bir gücün qarşısında bu fəlakətdən bir çıxış yolu görməyən, görüb, etiraz səsini ucaldan, narazılığını açıqca ifadə etmək cəsarətində bulunduğu üçün fars mollakratiyasından şeytani işgəncələrə məruz qoyulan, bu gün də həbsxana künclərində məşəqqətlər yaşayan insanları — bizim soyumuzdan, qanı qanımızdan, canı canımızdan olanları düşünürdüm. Bir də paytaxtın mən yaşayan səmtinin eyni sadə insanını düşünür, özümü onların yerində görürdüm.
Niyə belə olur? Çünki insanların şüurları ilə manipulyasiya edərək hakimiyyətə gələndən sonra yerini möhkəmlədən, cəza sisteminə arxalanaraq varlanan, pullanan, gözü ayağının altını seçməyən, özünü sarsılmaz qüdrət sahibi hiss edənlərin — gözümüzün önündə cərəyan edən dünya gedişatından dərs almaq istəməyən məmur kastasının nəzərində sıravi vətəndaş infuzor — ən ibtidai canlı kimi bir şeydir. Bu da olmasa, milçəkdir, ağcaqanaddır, mətbəx böcəyidir. Şapp… vəssəlam. Hər zaman, hər yerdə belə olub — bu bir zehniyyətdir, yalnız Avropa bundan çox baxımdan xilas ola bilib, bizdə isə bu qalır və buna Qərbdən bu tərəflərin halına baxarkən loru dildə «asiyaçılıq» deyilir. Və məncə, haqlıdırlar.
Bir vaxtlar bizim qardaşlarımızı — qazaxları, özbəkləri, qaraqalpaqları Moskva adam yerinə qoymadı, quraq iqlimdə gəlirli pambıq yetişdirmək avantürası ilə iki böyük çayın başına it oyunu gətirdi. Ondan o qədər su götürdülər ki, türk şairlərin bir zaman heyranlıqla vəsf etdikləri Ceyhun və Seyhundan — bu nəhəng çaylardan Aral dənizinə bir damcı da gedib çatmadı. İndi o gölün beşdə biri qalıb deyirlər… Bir vaxt gəmilər üzən yerlərdə, foto rəsmlərdən də gördüyümüz kimi, indi qum dənizlərinin barxanları qabarır. Sahilində sıx yaşamış insanları isə çox azalıb.
İnsanlar çıxış yolunu o fəlakət məkanından köçüb aralanmaqda görmüşlər. Urmu gölünün qurumuş səmtlərində isə qum deyil, duz barxanları uzanır… Külək əsəndə qopan duz fırtınaları qum fırtınalarından daha qorxulu… Urmu hövzəsində də ekoloji fəlakətin dözülməz şəklə saldığı yaşam şəraiti üzündən köç başlanıb deyildi…
Kosmik çəkilişlərin də göstərdiyi kimi, Urmu gölünün deyəsən beşdə ikisi quruyub və qurumaqda davam edir və edəcək. Gölü xilas etmək — onun ətrafında yaşayan 3129 kəndin və 11 şəhərin 14 milyon insanının yaşam arealını xilas etmək üçün bütün «inteqrasiya olunmuş ekosistem» variantlarını Məmmədov da, Babadost da uduşsuz sayırlar.
Bilirikmi, İran mollaları bizim Naxçıvan əhalisini də bu aqibətə məhkum ediblər? Bilirikmi, onlar da, Türkiyənin sınıra bitişik ellərinin əhalisi də tezliklə duz fırtınlalarının acı üzünü görəcəklər?
Əsasən türklərdən ibarət bu çoxmilyonluq insan kütləsini heçə sayan ifrat milliyyətçi fars mollaları Urmu gölü ətraflarında yüzillərdən bəri yaşayan soydaşlarımıza deyirlər ki, İranın mərkəzi şəhərlərinə köçüb gedin, burada yaşamaqdan qorxmursunuzmu?..
Bu təklifin nə anlam daşıdığını bilmək isə çətin deyil: «Gedin oralarda assimilyasiya olunun, dilinizi, özünüzü birdəfəlik unudun, silinin, həzm olun gedin, heç türklüyünüzdən iz-toz da qalmasın… Gözü qabağını seçməyən İran mollasının nəzərində bu türklərə nə etsən caizdir, çünki türkdür, əmindir ki, dinməyəcək, dinsə də başına elə bir oyun açar ki…»
Urmu və onun yaxalarında yaşayanların düşdüyü bu fəlakətin səbəbi isə çox sadəymiş. İran hakimiyyətinə bağlı şəxslər — qüdrətli məmurlar gölə tökülən 25 çay üzərində çoxlu bəndlər inşa etdiriblər, anbara yığılan suları istifadə üçün satır və bol qazanc götürürlər. Gölə faktik olaraq su tökülmür… Göl qurumayıb neyləməlidir? Bəndləri uçurmaq, gölə tökülən suların qarşısını açmağa gəldikdə, kim öz bəndini uçurar? Axı bəndlərin sahibləri hakimiyyətdə təmsil olunanlar özləridir. Bu kimi qərarları verən də özləridir. İş bu qədər bəsit.
Quzey Azərbaycan hələ bu məsələnin fərqində deyil. Doğrudur, orada da narazılıq var, bəs biz necə — qardaşlarımızın səsinə səs veririkmi? «İranın daxili işidir» zehniyyəti… Fəqət bu konfransda Urmu probleminin tək İranın və ya Güney Azərbaycanın problemi deyil, digər qonşu ölkələrin də problemi olduğu əsaslandırıldı. Deyildi ki, bu, qlobal önəm daşıyan bir problemdir. Belə olan halda sual çıxdı: bizim Milli Məclisdə Urmu gölünün ekoloji fəlakəti, bunun bizim ölkənin torpaqlarına zərəri müzakirə edilmişdirmi? Axı bu duz küləkləri Naxçıvanı vurmağa başlamışdır deyilir. Ciddi beynəlxalq ekoloji qurumlara müraciət edilmişdirmi? Bunun ziyanını çəkəcək insanlarımızı düşünən varmı?
Biz insan olduğumuzu, millət olduğumuzu məmura sübut etməyincə bütün bu və digər işlər belə də gedəcəkdir. İstər Güney olsun, istər Quzey. Məmur özünü millətin xidmətçisi deyil, ixtiyar sahibi, qüdrətli, basılmaz subyekt bildikcə, sadə vətəndaşla hesablaşmayacaq, yalnız özünü düşünəcək. Millətin isə canı cəhənnəmə.
Biz Quzey Azərbaycanlılar özümüzü Avropaya aid etsək də, asiyaçılıq zehniyyətinin buralarda da Güneydə olduğu kimi hələ çox güclü olduğunu vurğulamağa ehtiyac yoxdur. Sıravi insanı bir infuzor saymaq, onun isə bunu mütiliklə sinirməsi — mənə görə asiyaçılıq zehniyyəti elə budur. İnsafən, ölkə prezidentinin bu il bir sıra çıxışlarında bu zehniyyətdən qurtulma lüzumunun yer aldığı gözdən qaçmadı. Deyəsən idarəçilər problemin faciəliliyinin fərqindədirlər. «Məmur özünü xalqın xidmətçisi saymalıdır», «Bakıda park və istirahət məkanlarının yaradılmasına diqqət artırılmalıdır» — prezident son toplantıların birində belə demişdi, bu barədə dərc edilmiş geniş icmalda şəxsən mənim diqqətimi çəkən bu fikirlər olmuşdu. Bir az öncə isə açıq hiddətlə «qudurğan məmur» ifadəsini işlətmişdi. Deyəsən idarəçilər problemin faciəliliyinin fərqindədirlər. Buna ən son misal Zaur Həsənov hadisəsinə reaksiya oldu.
Sadə insanı düşünmək, məmurun sadə insanın müşküllərinə bütün ciddiyyəti ilə yanaşması… Prezident «park» deyəndə şəhərlinin gəzinti hüququ, təmiz hava almaq hüququnu nəzərdə tuturdu… Yaşıllığa bürünmüş, səliqəli, işıqlı, sakit bir ərazi. Uşağın əlindən tutub özün üçün gəzişirsən. Bunlar sadə vətəndaşın insani tələbatına normal Avropa baxışıdır. Lakin bu ölkədə prezidentin sözü bir ayrı, məmurun necə davranacağı isə bir başqa məsələdir.
Prezidentin bu sözlərini oxuyanda Bakıxanov qəsəbəsində (buraya hələ də köhnə stereotiplə nədənsə qəsəbə deyilir, əslində isə şəhərin bir qismidir) insanların gəzinti yeri olan Heydər parkının bir ildir hündür hasara alınaraq, arxasında aparılan nəhəng tikintiləri düşündüm. Deyəsən bu işlər bitəndə orada dincəlməyə və gəzintiyə yer qalmayacaq. İH binasının arxasında balaca küçə parkı (skver) vardı, indi orada ucaldılan — nəsə şadlıq sarayını daha çox xatırladan, bitmək üzrə olan tikinti gözümün önünə gəldi. Keçmiş Mədəniyət sarayının ətrafında indi yoxa çıxarılmış əzəlki parkda bir-birinə söykəli şadlıq saraylarını xatırladım. İH-nin yaxınlığındakı binaların ətrafında sanitar yaşıllıq zolaqlarının qırılaraq yerində tikilən — mənzillərin gün işığının qarşısını kəsən obyektləri xatırladım. Deyilənə görə, o sakinlər narazılıq edəndə deyiblər — «gedin hara şikayət edirsiniz edin».
Və daha biri — hələ 70-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə 8-ci km və Bakıxanov arasında salınmış meşə zolağına başlanmış təzə hücumu — «sürünən anneksiyanı» xatırladım. Camaatın etirazı ilə bu zolağın məmurlar tərəfindən tikintilər üçün qəsb olunması bir neçə il idi dayandırılmışdı. Deyilənə görə, o vaxt lap «yuxarılar» bu işə qarışıbmış. İndi təzədən yenə girişiblər. Meşəliyin ortasında nəsə iri bir obyektin tikintisi başlanıb. Yəni bir gün başımızı qaldırıb görəcəyik ki, ətrafın «ağ ciyərləri» sayılan bu meşə zolağı da yoxa çıxıb. Sadə vətəndaşın nəfəs almaq nəyinə gərəkdir ki?
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 265