Georgi Kvirikaşvili:Gürcüstan hər şey edəcək ki, işlərini vaxtında başa çatdırsın
Cavid Qurbanov Bakı-Tbilisi-Kars layihəsinin gələn ilin ortalarına doğru istismara veriləcəyini açıqladığının ardınca Gürcüstanın iqtisadi və dayanaqlı inkişaf naziri Georgi Kvirikaşvili layihənin vaxtında istismara veriləcəyini bildirmişdir. O deyib ki, Bakı-Tbilisi-Kars dəmiryol bağlantısı layihəsinin icrasında marşrut boyunca torpaq sahələrinin alınması ilə bağlı problem artıq çoxdan həll olunub və bu layihə üçün bu cür maneələr yoxdur.
Bakıda səfərdə olan Georgi Kvirikaşvili vurğulayıb ki, layihə vaxtında istismara veriləcək, test qatarı bu ilin sonunda dəmiryoluna buraxılacaq və 2015-ci ildə layihə təhvil veriləcək» (hər halda bu 2015-ci il söhbəti görünür əsassız deyildir).
Nazirin sözlərinə görə, bu gün Bakıda keçirilən ikitərəfli Əlaqələndirmə Şurasının iclasında görülən işlər müzakirə olunub və mövcud problemlər həll olunub: «Bu layihə Gürcüstan, Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Düşünürəm ki, layihə əlavə yükdaşımaları cəlb edəcək və ölkələrimiz arasında qonşuluq, dostluq və kommersiya əlaqələrini gücləndirəcək».
Kvirikaşvili əlavə edib ki, artıq bu gün Mərkəzi Asiya ölkələri və Çin bu layihəyə böyük maraq göstərir: «Tam əminəm ki, BTQ layihəsi perspektivli olacaq. Bu dəmir yolunun tikintisi ilə bağlı verilən qərar müdrik idi və Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq əlaqələrini yeni səviyyəyə qaldıracaq. Gürcüstan hər şey edəcək ki, işlərini vaxtında başa çatdırsın».