Generalların işinə baxan məhkəmə heyətilə bağlı təhqiqat başlayıb
Hakim və Prokurorlar Ali Şurası generalların həbsinə səbəb olan “”Ergenekon” mühakiməsini icra edən İstanbul 13. Ağır Cəza Məhkəməsi heyətinə qarşı təhqiqata başlayıb. Xəbəri “haber.com” saytı yayıb.
Adı çəkilən heyətlə bağlı təhqiqat qərarı ömürlük həbs cəzası verilmiş Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi İlker Başbuğun vəkili İlkay Sezerin müraciətindən sonra başlanıb.
Vəkil İ.Sezer sübut olaraq mahkəmə müddətində Konstitusiya Məhkəməsi qərarlarına və digər rəsmi qanunlara zidd əməllərə yol verildiyini göstərib.
2003-cü ildə Türkiyədə hakimiyyətə gələn AKP türk ordusunun adlı-sanlı generallarını dövlət çevrilişi, məscidləri partlatmaq, qanunsuz silahlı dəstələr yaratmaq, qətllər törətmək və digər inanlmaz cinayətlərdə ittiham edərək yüzlərlə general və digər hərbçilər də daxil olmaqla hərbçilərin üzərində məhkəmə prosesləri qurub.